Məhkəmə qərarları › İş №3(011)-2834/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2834/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2834/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X3 və etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, Vəzifəli şəxs X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 24 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vəzifəli şəxs X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi MN № ******* saylı, xx.xx.2024cü il tarixli qərarın ləğv olunmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, iki ilə yaxındır ki, ünvan 1 ünvanında yerləşən “Pluton” şadlıq sarayını VÖEN əsasında fərdi sahibkar kimi icarəyə götürmüşdür. Ancaq şadlıq saryayını onun verdiyi mülki etibarnamə əsasında qardaşı X7 idarə edir. 13 may 2024-cü il tarixdə, axşam saatlarında (20.00-21.00 radələrində) nə onun, nə də Nəcəfin orada olmadığı vaxtda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları şadlıq sarayına gəlmiş və orada yoxlama aparılacağını bildirmişlər. Orada olan işçilər icarədarın burada olmadığını, tüstü borusunun şiferin altında olduğunu, oranın açarlarının Nəcəfdə olduğunu demişlər. Bundan sonra gələn əməkdaşlar heç bir yoxlama aparmadan əraziyə baxıb getmişlər. Bir müddətdən sonra 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən onlara məktub gəlmiş və məlum olmuşdur ki, onlar həmin tarixə onun barəsində Azərbaycan Respublikası İXM-nin 233.1 -ci maddəsi ilə inzibati protokol tərtib etmişlər. Ancaq o, yenə də bildirir ki, nə o, nə də Nəcəf nə əməkdaşların üzünü gömüşlər, nə də tərtib etdikləri protokolu. Bir neçə gün öncə öyrənmişdir ki, onun barəsində 13 may 2024-ci il tarixdə MN ******* sayllı inzibati protokol tərtib olunmuş və həmin protokolun qərarının surətini almış və öyrənmişdir ki, onun vəzifəli şəxs kimi 2500 manat məbləğində cərimə olunmağı barədə MN № ******* saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul olunub. O, nə protokolda qeyd olunan inzibati xətanı törətməmişdir, nə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunanda bu barədə kimsə ona xəbərdarlıq etməyib. Onun iştirakı olmadan onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməkdaşlar obyektə gələn zaman nə o, nə qardaşı orada olmamışlar, açarlar onlarda olduğu üçün tüstü borusundan çıxan zəhərli maddələrin miqdarı ölçülə bilməzdi və təbii ki ölçülməyib. İnzibati protokol obyektdə yox, idarədə tərtib olunmuş və nə onların həmin protokoldan məlumatları olmayıb, nə də imza etməmişlər, nə də etirazlarını bildirməyə şəait yaradılmayıb. O, işlədiyi yerdə sıravi bir işçidir və onun heç bir vəzifəsi yoxdur. Onun heç bir vəzifəsi olmadığı üçün ona verilmiş qərarın müvafiq bəndində də onun vəzifəsi barədə heç bir şey yazılmayıb. O, protokolda qeyd olunan inzibati xətanı törətməmişdir, həmin protokol ona nahaqdan yazılıb. Onun o, cəriməni ödəməyə heç bir imkanı yoxdur. Onun himayəsində ailəsi, iki azyaşlı qızı və qoca valideynləri var. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində İXM-nin 233.1ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda əks olunan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Ona görə də xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəməyə qədər onların nə həmin protokolun varlığından xəbərləri olmayıb, nə protokola imza etməmişlər, nə də barələrində tətbiq olunan inzibati xətaya qarşı etirazlarını təqdim edə bilməmişlər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X8 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Xətai rayonu, Əhmədli ŞTQ, A.Ələsgər küçəsi, ev 2 ünvanında yerləşən “Pluton” şadlıq sarayının fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olması, qaz-toztutucu qurğunun istismar qaydasının pozulması müəyyən edilmişdir. Bununla da, vəzifəli şəxs X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1 və 234.0.2-ci maddələrinin tələbləri pozulduğundan barəsində 24 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 2500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Həmçinin, inzibati icraatın aparılmasında iştirak etmək və izahatlar vermək üçün X1 ünvanına müvafiq bildiriş göndərilmiş, lakin X5 izahat verməkdən imtina etmiş və bu barədə protokolda qeyd aparılmışdır. Odur ki, göstərilənlərə əsasən o, vəzifəli şəxs X5 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X9 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək vəzifəli şəxs X5 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirməklə, inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndələrin izahatlarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 04 may 2024-cü il tarixli, 001805 nömrəli aktdan görünür ki, monitorinq zamanı məlum olmuşdur ki, “Pluton” şadlıq sarayında qaz-toztutucu qurğu quraşdırılmışdır. Monitorinq ölçmə işləri şadlıq sarayı fəaliyyətdə olan zaman tüstü bacasının yaxınlığında təxminən 10-15 metr məsafədə “Ankat 64 M3-04” səyyar cihazı vasitəsi ilə aparılmışdır. Ölçmənin nəticələrinə görə həmin ərazidə CO – 8,4 mq/m3 (norma 5,0 mq/m3) təşkil edilmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. “Pluton” şadlıq sarayında qaz-toztutucu qurğunun filterləri dəyişdirilməmiş və servis xidməti göstərilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 tərəfindən ünvan 2 ünvanında xx.xx.2024-cü il tarixdə “Pluton” şadlıq sarayından atmosferə atılan zərərli maddələrin qaz qarışığının miqdarının yol verilə bilən normalardan artıq olması, quraşdırılmış qurğunun istismar qaydasının pozulması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 233.1 və 234.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Protokolun qeyd hissəsində X1 izahat verməkdən imtina etməsi göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən tərtib edilmiş 24 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 tərəfindən Xətai rayonu, Əhmədli ŞTQ, A.Ələsgər küçəsi, ev 2 ünvanında yerləşən “Pluton” şadlıq sarayının fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olması, qaz-toztutucu qurğunun istismar qaydasının pozulması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 233.1 və 234.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 2500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 ünvanlanmış 15 may 2024-cü il tarixli məktubdan görünür ki, A.İ.Musayevadan barəsində yazılmış xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılacaq inzibati araşdırma ilə bağlı xx.xx.2024-cü il tarixdə, saat 10:00-da 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsi və ya səlahiyyətli nümayəndəsini göndərməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “Pluton” şadlıq sarayının sahibi X2 ünvanlanmış 15 may 2024-cü il tarixli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntularının aradan qaldırılması üçün məcburi göstərişdən görünür ki, Xətai rayonu, Əhmədli ŞTQ, A.Ələsgər küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən “Pluton” ictimai iaşə obyektindən atmosferə atılan zərərli maddələrin qarşısını almaq üçün quraşdırılmış qaz-toztutucu qurğusunun təmizlənməsi və ətraf mühitə atılan, yayılan zərərli qaz qarışığının miqdarının norma həddində olmasının 20 gün müddətində təmin edilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 ünvanlanmış 27 may 2024-cü il tarixli məktubdan görünür ki, 24 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar vəzifəli şəxsin ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Pluton” şadlıq sarayında yoxlama keçirilmiş və atmosferə atılan zərərli maddələrin miqdarı “Ankat 64 M3-04” səyyar cihazı vasitəsi ilə ölçülmüş və normadan artıq olması müəyyən edilmişdir. “Pluton” şadlıq sarayı tərəfindən verilmiç satış çekindən görünür ki, çekin üzərində X1 ad, soyadı, ata adı və ********** VÖEN-i qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə elektron sistemindən və elektron məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışdan məlum olur ki, X5 xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 233.1-ci maddəsinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir; 234.0.2-ci maddəsinə əsasən, atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına, yəni atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədi ilə quraşdırılmış qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydalarının pozulmasına fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən tərtib edilmiş 24 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X5 tərəfindən Xətai rayonu, Əhmədli ŞTQ, A.Ələsgər küçəsi, ev 2 ünvanında yerləşən “Pluton” şadlıq sarayının fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olması, qaz-toztutucu qurğunun istismar qaydasının pozulması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 233.1 və 234.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 2500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayətçi X5 məhkəməyə ünvanladığı şikayət ərizəsində həmin protokolun varlığından xəbərləri olmadığını, protokola imza etmədikləri, barələrində tətbiq olunan inzibati xətaya qarşı etirazlarını təqdim edə bilmədiklərini qeyd etsə də, iş materiallarında olan və səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərə baxış keçirdikdə müəyyən olmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 ünvanlanmış 15 may 2024-cü il tarixli məktubda A.İ.Musayevadan barəsində yazılmış xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılacaq inzibati araşdırma ilə bağlı xx.xx.2024-cü il tarixdə, saat 10:00-da 11 saylı Regional Ekologiya və Təbii Sərvədər İdarəsinə gəlməsi və ya səlahiyyətli nümayəndəsini göndərməsi xahiş edilmiş, lakin o, idarəyə gələrək izahat verməkdən imtina etmiş və bu barədə protokolda müvafiq qeyd də aparılmışdır. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 ünvanlanmış 15 may 2024-cü il tarixli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntularının aradan qaldırılması üçün məcburi göstərişdə Xətai rayonu, Əhmədli ŞTQ, A.Ələsgər küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən “Pluton” ictimai iaşə obyektindən atmosferə atılan zərərli maddələrin qarşısını almaq üçün quraşdırılmış qaz-toztutucu qurğusunun təmizlənməsi və ətraf mühitə atılan, yayılan zərərli qaz qarışığının miqdarının norma həddində olmasının təmin edilməsi Aygün Musayevadan tələb edilmiş, daha sonra isə 24 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan əlavə X5 şikayətində “Pluton” şadlıq sarayında heç bir yoxlamanın keçirilmədiyini qeyd etsə də, iş materiallarına əlavə edilmiş aktdan və fotoşəkillərdən görünür ki, “Pluton” şadlıq sarayında yoxlama keçirilmiş və yoxlama nəticəsində atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olması müəyyən edilmişdir. Bundan əlavə X5 “Pluton” şadlıq sarayında sıravi işçi olduğunu qeyd etmiş və inzibati xətaya heç bir aidiyyətinin olmamasını qeyd etmişdir. Bu halla bağlı məhkəmə qeyd edir ki, “Pluton” şadlıq sarayı tərəfindən verilmiş qəbzin üzərində ********** saylı VÖEN qeyd edilmişdir, həmin VÖEN isə X2 məxsusdur. Beləliklə, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, “Pluton” şadlıq sarayının icarəçisi X5 tərəfindən Xətai rayonu, Əhmədli ŞTQ, A.Ələsgər küçəsi, ev 2 ünvanında yerləşən “Pluton” şadlıq sarayının fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olmuş, qaz-toztutucu qurğunun istismar qaydası pozulmuş, bununla da şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, vəzifəli şəxs X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 24 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 24 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar