Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-284/2023 28.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1, zərərçəkmiş şəxs X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin sahə rəisi, polis mayoru Fərid Tapdıqovun iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Salyan rayonu, Kürqaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi tərəfindən X1 barəsində 28 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin sahə rəisi, polis mayoru Fərid Tapdıqov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X4 vətəndaşa qarşı Azər lotoreya oyununda 1000 manat uduş olmasını bildirərək 480 manat müqabilində satmış və sonuncunun lotoreyanı alarkən aldadılmasını görmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 özünü təqsirli bilərək izahatında göstərmişdir ki, təxminən 20-25 gün bundan əvvəl Salyan rayonundan Bakı şəhərinə gəzməyə gəlmişdir. Nəsimi rayonu, 28 may metrosunun yaxınlığında gəzərkən ağacın yanında təxmini sayı 15-20 ədəd olan lotoreya biletlərini tapmışdır. Biletlərə baxarkən uduşlu bileti görmüşdür. Lotoreyadan olan uduşun məbləği 1000 manat idi. Lotoreya biletini satmaq üçün Nizami rayonu ərazisində yerləşən maşın bazarına getmişdir. İlk olaraq orada işləyən bir nəfərə yaxınlaşmış və biletləri harada sata biləcəyini soruşmuşdur. O isə ona biletləri almaq istədiyini bildirmişdir. O, ona uduşun 1000 manat olduğunu bildrimiş, sonuncu isə ona 500 manat verə biləcəyini demişdir. Sonra onlar 480 manata razılaşmışlar və alıcının üzərində az pul olduğu üçün ona evlərinə getmələrini və pulu götürüb ona verəcəyini bildirmişdir. Onlar birlikdə həmin şəxsin yaşadığı ünvana yollanmışlar və sonuncu təxminən 10-15 dəqiqədən sonra pulu gətirib ona vermişdir. Daha sonra barəsində şikayət olduğundan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilmişdir. Beləliklə o, hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, X4 ona Azər lotoreya oyununda 1000 manat uduş olmasını bildirərək 480 manat müqabilində lotoreyaları satmış və o, lotoreyaları yoxlayarkən aldadıldığını görmüşdür. Bundan sonra o, polisə məlumat vermək qərarına gəlmişdir. Hal-hazırda ona dəymiş maddi zərər ödənilmişdir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 ilə barışmışdır. Odur ki o, A.Ağabayov barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin sahə rəisi, polis mayoru Fərid Tapdıqov izahat verərək göstərmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə vətəndaş X3 aldadaraq Azər lotoreya oyununda 1000 manat uduş olmasını bildirərək 480 manat müqabilində lotoreyaları satmışdır. Faktla bağlı X1 barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Əkbər Hacıyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, X1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuş və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın icrası aidiyyəti əməkdaşa həvalə edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin sahə rəisi, polis mayoru Fərid Tapdıqov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə vətəndaş X3 aldadaraq Azər lotoreya oyununda 1000 manat uduş olmasını bildirərək 480 manat müqabilində lotoreyaları satdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; 27 yanvar 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2023-cü il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 28 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış, əməlindən peşmandır, özünü təqsirli bilir, barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilməsini xahiş edir; zərərçəkmiş şəxs X2 28 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, o, X4 ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X4 vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - X4 vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X4 dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-284/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-284/2023
28.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver