Məhkəmə qərarları › İş №3(011)-285/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-285/2023

28.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-285/2023 28.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində 28 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə ev sahibi X2 400-500 manat dəyərində əşyalarını talamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 2022-ci ilin mart ayından dekabr ayına kimi Rəşid Bağırov 28 ünvanında Məfkurə adlı qadının evində kirayə yaşamışdır. Sonradan Məfkurə adlı şəxs ona zəng edərək ona məxsus əşyaları oğurladığını iddia etmiş və həmin əşyaların müqabilində pul tələb etmişdir. Lakin tərəfindən kirayə qaldığı mənzildən heç bir əşya götürülməmişdir. Daha sonra barəsində şikayət olduğundan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparılmışdır. Beləliklə o, inzibati xəta haqqında protokolla razılaşmadığını bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, onun evində kirayə yaşayan Şəxs ona xəbər vermədən xx.xx.2022-ci il tarixdə çıxıb getmiş, gedərkən evdən ona məxsus 400-450 manat dəyərində ev əşyalarını, yəni bir ədəd yataq dəstini, qazanı, gümüş qaşıqları, süfrə və digər əşyaları oğurlamışdır. Odur ki, göstərilənlərə əsasən o, Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X4 izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ev sahibi X2 400-500 manat dəyərində məişət əşyalarını talama inzibati xətasını törətmişdir. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin o qeyd etmişdir ki, zərərçəkmişin izahatından başqa heç bir sübut əldə edə bilməmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X8 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X2 şikayət ərizəsi üzrə toplanmış təhqiqat materialı üzrə əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd olunmuşdur, Şəxs müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilmişdir; Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ev sahibi X2 400-500 manat dəyərində məişət əşyalarını talama inzibati xətasını törətdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardaddan görünür ki, X2 müraciəti əsasında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılması qərara alınmışdır; 27 yanvar 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2023-cü il tarixdə, saat 23:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin çıxışını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim olunmuş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarda zərərçəkmiş şəxs X2 şikayət ərizəsində göstərdiyi xüsusatlara istinad olunmaqla Şəxs xx.xx.2022-ci il tarixdə R.Bağırov küçəsi, ev 28/1 ünvanındakı mənzildən X3 məxsus 400-500 manat dəyərində məişət əşyalarını talaması göstərilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair heç bir tutarlı və mötəbər sübut olmadan, inzibati xətanın törədilməsinə şahid olmuş hər hansı şəxsin olub-olmaması müəyyən edilmədən, yalnız zərərçəkmiş şəxsin izahatında qeyd etdiyi faktlar əsas götürülməklə E.İlyasovanın 400-500 manat dəyərində məişət əşyalarını talaması qənaətinə gəlinərək barəsində əsassız olaraq inzibati icraat başlanılmış və inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən dəymiş ziyan belə dəqiq müəyyənləşdirilməmiş, ekspertiza və qiymətləndirmə rəyi alınmadan oğurlanması ehtimal edilən əşyaların qiyməti 400-500 manat kimi qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar