Məhkəmə qərarları › İş №3(011)-2854/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2854/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2854/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, X1 Bakı şəhər X7 İdarəsinin 15 fevral 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş əsassız yazılmış Azərbaycan Respublikası DİN-nin X7 İdarəsinin İXP ******* saylı, 15 fevral 2025ci il tarixli inzibati xəta barədə qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Fəzail Bayramov küçəsində ona məxsus 77UL813 dövlət nömrə nişanlı, “Tesla Y” modeli minik avtomobili ilə hərəkət edərkən barəsində İXP6825053 nömrəli protokol tərtib edilmiş və eyni zamanda İXM-in 327.4 "Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə" yol nişanının tələblərinin pozulmasına dair elektron qərar qəbul edilmişdir. Ona göndərilən bu protokol səhv tərtib edilmişdir, belə ki yol polisi işçisi onu xx.xx.2025-ci ildə saxladığına baxmayaraq protokolun tarixini xx.xx.2025-ci il yazmışdır. Başqa bir şikayəti isə qeyd edilən ərazidə o, qanun pozuntusu etməmişdir ümumiyyətlə. Yol polisi əməkdaşı ona dayanma barədə göstəriş verəndə bildirmişdir ki, o, yaşayış binasından çıxarkən dönmə hərəkətini yalnış etmiş, o isə cavabında orda dönmə qadağandır (əvvəllər olub sonra götürülüb) bildirən heç bir yol hərəkət nişanı və yerüstü hərəkət nişanı (xətti) olmadığını demişdir. O isə cavabında “mən protokolu yazıram gedib baxarsız” deyə ironik cavab vermişdir. Bu barədə X5 internet saytına şikayət bildirmişdir. Şikayətinə baxıb ona zəng edən bu işi araşdırdığını deyən inspeksiyanın işçisi isə yalan deyərək onun orda video görüntüsü olduğunu bildirmişdir. Ona göndərilən protokolda isə heçbir video görüntü yoxdur. Bu barədə xx.xx.2025-ci ildə qərar qəbul edilmişdir. O, bu protokol və qərarla razı deyil. Çünki həmin ərazidə görünən hər hansı yerdə "Dönmə qadağandır" yol nişanı quraşdırılmayıb. Elektron protokol tərtib edilmiş küçədə açıq-aydın görünən, qanunun tələblərinə uyğun tətbiq edilmiş 3.1 nişanı yoxdur. Elektron sistemə qoyulmuş şəkillərdə də belə bir nişanın olduğu görünmür. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi X2 və səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə işə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, şikayətçi X2 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, müraciətinə ədalətli yanaşılmasını və sübutlar kimi təqdim etdiyi şəkillərə istinad edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X7 İdarəsinin polis mayoru X4 tərəfindən tərtib olunmuş 15 fevral 2025ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 xx.xx.2025-ci il tarixdə, saat 08:29-da “Tesla Model Y minik” markalı, **- UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərtib olunmuş 15 fevral 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X1 xx.xx.2025-ci il tarixdə, saat 08:29-da “Tesla Model Y minik” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsi göstərilmiş və ona 150 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, tərtib olunmuş 15 fevral 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 tərəfindən sözügedən inzibati xəta hadisəsinin xx.xx.2025-ci il tarixdə törədilməsinə baxmayaraq, şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Qərarın hadisənin törədilməsi vaxtından xeyli müddət keçdikdən sonra qəbul edilməsi məhkəmədə haqlı suallar yaratmışdır. Bundan əlavə, şikayətçinin ərizəsindən də göründüyü kimi X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta hadisəsini özündə əks etdirən foto və ya videogörüntülər əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində tərtib olunmuş 15 fevral 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 şikayəti təmin edilməli, Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib olunmuş 15 fevral 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib olunmuş 15 fevral 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar