Məhkəmə qərarları › İş №3(011)-2856/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2856/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2856/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin YNH üzrə şöbəsinin inspektoru, polis kapitanı X4 iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsindən daxil olmuş 21 aprel 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 21 aprel 2025-ci il tarixdə sərxoş halda idarə etdiyi «Lada Granta 21904-5DJ-B1 minik» markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qəza törətmiş, nəticədə zərərçəkmiş şəxs X3 məxsus “Toyota Prius minik” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1200 manat məbləğində maddi zərər vurmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 23:20 radələrində Xətai rayonu, Ukrayna dairəsində sərxoş vəziyyətdə idarə etdiyi «Lada Granta 21904-5DJ-B1 minik» markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Toyota Prius minik” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsindən vurmuşdur. Bundan sonra hadisə yerinə yol patrul xidmətinin əməkdaşları gəlmiş, müayinədən keçirilən zaman sərxoş olduğu aşkarlanmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyi, himayəsində azyaşlı övladının olmasını, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin YNH üzrə şöbəsinin inspektoru, polis kapitanı X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin YNH üzrə şöbəsinin inspektoru, polis kapitanı X6 tərəfindən tərtib olunmuş 21 aprel 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 aprel 2025-ci il tarixdə sərxoş halda idarə etdiyi «Lada Granta 21904-5DJ-B1 minik» markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qəza törətmiş, nəticədə zərərçəkmiş şəxs X3 məxsus “Toyota Prius minik” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə protokol tərtib edilmişdir; sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2025-ci il tarixli, 2/968 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilərkən sonuncuda alkoqolun konsentrasiyası 0.678 promill olmuşdur; zərərçəkmiş şəxs X1 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, etibarnamə ilə idarə etdiyi “Toyota Prius minik” markalı, **-HR-*** nömrə nişanlı avtomobillə Ukrayna dairəsində hərəkət edərkən qarşısındakı «Lada Granta 21904-5DJ-B1 minik» markalı, **- YE-*** nömrə nişanlı maşının sürücüsü sərxoş halda avtomobili geri hərəkət etdirərək onun avtomobilinin qabaq hissəsindən vurmuşdur. Qəza zamanı xəsarət alan olmamışdır; “Qarabağ Nemətləri” Kooperativinin direktoru tərəfindən tərtib edilmiş arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius minik” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 1200 manat məbləğində ziyan dəymişdir; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində azyaşlı övladı xx.xx.2024-cü il təvəllüdlü övladı X2 vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-32.1.1), himayəsində azyaşlı övladının olmasını (İXM-32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar