Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2858/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Zəngibasar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-901/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən MN ******* nömrəli, 22 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-901/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 06 fevral 2007-ci il təvəllüdlü X4 və 12 avqust 2011ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment iddiaçı X5 ödənilməlidir. Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-901/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün ərazi aidiyyatı üzrə Xətai rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. Borclu icra şöbəsində iltizam yazaraq onun yaşadığı yer Xətai rayonu ərazisi deyil başqa ərazidir. Buna dair arayış təqdim edəcəyini bildirsədə bu günə kimi heç bir yaşayış yeri üzrə arayış təqdim etməmişdir. Daha sonra Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilməsi qərara alınmışdır. Borclu bu gün polis əməkdaşları tərəfindən tutularaq icra şöbəsinə gətirilmişdir. Bundan başqa həm özünün verdiyi ifadəsində həmdə elektron informasiya sistemində borclunun adına rəsmi əmək müqaviləsi və ya yönəldilə biləcək hər hansı bir əmlak yoxdur. Özü borcunu ödəyəcəyini bildirsə də konkret olaraq nə vaxt ödəyəcəyini bilmir. Hazırda borclunun 18483 manat ödənilməmiş aliment borcu vardır. Borclu ödəniş olunduğunu bildirsə də, bu barədə icra şöbəsinə heç bir məlumat verməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, ödənişlər onun tərəfindən ödənilibdir. Tələbkar özü bildirirdi ki, o, uşaqlarına baxsın heçnə istəmir, ödədiyi pullarıda borcundan çıxacaqdır. Hətda uşağın 9 sinifdə oxuyan zaman sinifini dəyişdirərkən ödənişləri o kart vasitəsi ilə ödəmişdir. Onlar necə deyiblərsə o, da elə ödəniş etmişdir. Bundan başqa əvvələrdə maddi baxımdan köməklik etmiş, hətda evin təmir olunmasında təmir xərcləri onun tərəfindən ödənilmişdir. Lakin evin təmirindən sonra yenidən tələbkarla aralarında narazlıqlar olmuşdur. Hər dəfə ödənişlər edib telefondan çekləri icra məmuruna təqdim etsə də bunlar nəzərə alınmayaraq aliment borcundan çıxılmamışdır. Telefonda qızı ilə olan “WhatsApp” yazışmaları var, nə vaxt qızı pul istəyibsə göndəribdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək göstərdi ki, alimentlə bağlı ona heç bir ödəniş olunmayıbdır. Nə ödəniş olunubsa icra məmuruna ödənilib, o, da gedib ödənişi icra murundan götürmüş, bu barədə ondan ərizədə almışdılar. O, alimentin ödənilməsini tələb edir. O, işlədiyi üçün uşaqlarına düzgün analıqda edə bilmir. Uşaqlar hər gün yemək istəyirlər, təhsil almaq istəyirlər. Tibb işçisi kimi işləməklə gecə gündüz növbələrdə olur. Hazırda uşaqların saxlanmasında çətinlik çəkir. Alimentin tam ödənilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-901/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 06 fevral 2007-ci il təvəllüdlü X4 və 12 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment iddiaçı X5 ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-244/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən xx.xx.1983-cü il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan borclu Şəxs ölkədən getmək hüququ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3345/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-901/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün ərazi aidiyyatı üzrə Xətai rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X8 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 22 aprel 2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2858/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2858/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver