Məhkəmə qərarları › İş №3(011)-2859/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2859/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2859/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1978-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş 09 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 08 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə içkili halda nəqliyyat vasitəsi idarə etdiyi üçün yol nəqliyyat hadisəsi törətmişdir və qarşı tərəflə aralarında mübahisə yaranmışdır. Həmin şəxs onun üz nahiyyəsinə və bədəninin müxtəlif nahiyyələrinə xəsarət yetirmişdir. Hadisə vaxtı əlində tapança alışqan olmuşdur, lakin onu heç kimin üzünə tutmamışdır. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək onu içkili olduğu üçün polis bölməsinə dəvət etmişlər və o, PPX-nin avtomobilinə əyləşib onlarla birlikdə getmişdir. Polis əməkdaşları tərəfindən ona xəsarət yetirilməmişdir, həmçinin o, əməkdaşlarla mübahisə etməmiş və onlara heç bir müqavimət göstərməmişdir. Odur ki, göstərilənlərə əsasən o, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 09 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, 08 avqust 2023-cü il tarixdə saat 20:20 radələrində “Mercedes E190 minik” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs sərxoş vəziyyətdə yol nəqliyyat hadisəsi törətməsi və qarşı tərəfə tapança tipli alışqan tutaraq hədə-qorxu gəlməsi aşkar edilmişdir. Bu səbəbdən hadisə yerinə PPX-nin əməkdaşları çağırılmış, onlar Şəxs sakitliyə çağırmış, lakin o hərəkətlərini davam etdirmiş, onlara müqavimət göstərmiş, qanuni tələblərini icra etməmişdir. Bu səbəbdən o saxlanılaraq 35-ci PB-nə aparılmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, barəsində inzibati iş üzrə icraat aparılan şəxsə münasibətdə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Bakı şəhəri Xətai RPİ-nin Post patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X4 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən Şıxlinski küçəsində bir sıra vətəndaşların toplaşdığını görərək dərhal oraya yaxınlaşmışlar. Onlar avtopatrulu saxlayıb hadisə yerinə yaxınlaşan zaman orada olan şəxslərdən biri Şəxs uca səslə səs-küy saldığını və söyüş söydüyünü görmüşlər. Ona yaxınlaşan zaman o, PPX-nin əməkdaşlarına müqavimət göstərmiş və orada olan şəxslərə qarşı əlində olan tapançanı yönəltmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 09 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 08 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 2/26393 saylı xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, müayinə zamanı Şəxs orta dərəcəli sərxoşluq halı aşkar edilmişdir. İnzibati qaydada tutma haqqında 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:40-da tutulmuşdur. Elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində yetkinlik yaşına çatmayan övladı xx.xx.2006-cı il təvəllüdlü X6 vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 08 avqust 2023-cü il tarixdə polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını və məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş halda törətməsinin müəyyən edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və həbsetmənin əvvəli «08» avqust 2023-cü il tarixdən saat 21:40-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «08» avqust 2023-cü il tarixdən saat 21:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar