Məhkəmə qərarları › İş №3(011)-286/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-286/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-286/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi, Bakı Şəhəri 9 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X1 AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, MN 004178 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN 004178 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, qərarın qəbul edilməsinə əsas X4 məxsus olan və ünvan 1 ünvanında fəaliyyət göstərən “Pribaltıka” marketdə “Soyuq hisə verilmiş qızıl balığın filesi” (0,100 kq) adlı məhsulun üzərində qiymətinin 12.40 manat göstərilməsinə baxmayaraq, kassada 13.60 manatdan hesablanaraq satıldığının müəyyən olunması, bununla da “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” AR Qanununun 13-cü maddəsinin tələblərinin pozulduğu, bununla da vəzifəli şəxsin - X3 AR İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tələblərinə əsasən inzibati xətanı törətdiyi müəyyən olunmuşdur. Qeyd edilən hadisə 25 noyabr 2023-cü il tarixində ünvan 2 ünvanında yerləşən “Pribaltika” marketində baş vermişdir. Belə ki, marketdən alış-veriş edən vətəndaş Anar Rzayevin aldığı soyuq hisə verilmiş qızıl balığın filesinə görə pul vəsaitini ödəmək üçün kassaya yaxınlaşdığında məhsulun üzərində olan qiymətlə kassada qeyd edilən qiymətin fərqli olduğu müəyyən edilmişdir. Ona marketdə qiymət dəyişikliyinin aparıldığını, qiymət dəyişikliyinin kassa sistemində dəyişikliyi aparıldıqdan sonra vitrində də aparılacağı bildirimiş, hətta bu problemin aradan qaldırılması məqsədi ilə malları geri təhvil verməyi, mağazalar şəbəkəsinin baş ofisindən həmin anda mallarla bağlı qiymət dəyişikliyi baş verdiyini, baş vermiş qiymət dəyişikliyinin kassada aparılmasından sonra mallar üzərində də aparılacağı bildirilmiş, məhz hadisənin bu aralıqda baş verməsi səbəbindən hərəkətin istehlakçıların aldadılması kimi başa düşülməməli olduğu bildirilsə də, onun tərəfindən məhəl qoyulmamışdır. Kassaya ödəniş etdikdən sonra hətta malı geri qaytara biləcəklərini, ödənişin ləğv edilə biləcəyini, kassada malların qiymət dəyişikliyi prosesi yekunlaşdıqdan sonra vitrində yerləşdirilən malların da üzərində qiymət dəyişikliyinin aparılacağını bildirməklərinə baxmayaraq vətəndaş Anar Rzayev bu hadisə barəsində inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqana şikayət etmişdir. Maraqlı olan haldır ki, istər protokol tərtib olunarkən, istərsə də, qərar qəbul edilərkən dəfələrcə vətəndaşın da inzibati icraatda iştirak etməsini inzibati orqandan istəsələr də, həmin orqan tərəfindən onun iştirakı qəsdən təmin edilməmişdir. Belə ki, araşdırmalar zamanı müəyyən edilmişdir ki, vətəndaş Anar Rzayev marketdə qarşılaşmış olduğu hadisə ilə guya onunla mağaza işçiləri tərəfindən onunla kobud davranıldığını bildirmiş, ona yuxarıda qeyd edilən anlaşmazlıqla bağlı hər hansı bir profilaktiki söhbət aparılmadığını qeyd etmişdir. Yəni marketdə baş vermiş olıan anlaşmazlıq işçilər tərəfindən aradan qaldırılmağa çalışılmasına baxmayaraq vətəndaş Anar Rzayev buna məhəl qoymadan şikayətini inzibati orqana bildirmişdir. Bu səbəbdən baş vermiş hadisənin reallıqda necə olduğunun təfsilatlı şəkildə araşdırılması məqsədi ilə onun da inzibati orqana dəvət edilməli olduğunu inzibati orqanın nəzərinə çatdırmışdırlar. Hətta əlavə olaraq bildirmək istəyirilər ki, işgüzar təcrübələrində çox sıx rastlaşdıqları hallar bundan ibarətdir ki, öyrədilmiş insanlar marketə daxil olaraq (xüsusilə də malların kassa qiymətləri ilə vitrin qiymətlərinin dəyişikliyinin aparıldığı vaxtlarda) analoji hərəkətləri etməklə dəfələrcə vəzifəli şəxsin cərimələnməsinə nail olmuşlar. Ancaq bəzən vətəndaşların qiymət siyasəti ilə bağlı qarşılaşmış olduğu problem yerində həll edilməyə çalışdır. Belə ki, bir çox hallarda vətəndaşlar tərəfindən qiymətlə bağlı inzibati orqana edilmiş şikayətlər inzibati orqanda araşdırma yekunlaşmadan tərəflər arasında sülh və barışıq yolu ilə həll edilir. Bu səfər də vətəndaş Anar Rzayev tərəfindən edilən şikayətlə bağlı inzibati orqandan onun əlaqə nömrəsini dəfələrlə istəməklərinə baxmayaraq əsassız bəhanələrlə həmin şəxsin nömrəsinin verilməsindən imtina edilmişdir. Telefonla çəkilmiş olan şəkillər əsasında sahibkarın cərimələnməsi həyata keçirilmişdir. Həmin telefon nömrəsinin vətəndaşa aid olub-olmaması, baş vermiş hadisənin qeyd edilən tarixlərdə olub-olmamasının, telefonla aparılan şəkil çəkilişinin doğrudan da fərdi sahibkara aid marketdə olub-olmamasının araşdırılması inzibati orqan tərəfindən aparılmamışdır. Göstərilənlərin nəzərə alınaraq AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN 004178 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X3 etibarnamə üzrə nümayəndəsi, Bakı Şəhəri 9 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 şikayətin məzmununa izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 sənədlər təqdim edərək bildirmişdir ki, vətəndaş X7 və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə elektron müraciət ünvanlayaraq 25 noyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən “Pribaltıka” marketdə “Soyuq hisə verilmiş qızıl balığın filesi” adlı məhsulun üzərində qiymətinin 12.40 manat göstərilməsinə baxmayaraq, kassada 13.60 manatdan hesablanaraq satıldığı, səbəbini soruşduqda isə sistemdə qiymətin dəyişməsini, lakin vitrində hələ dəyişməməsini bildirmişdirlər. Vətəndaş tərəfindən təqdim edilmiş kassa çekinin surəti və 25 noyabr 2023-cü il tarixdə çəkilmiş fotoşəkillərən görünür ki, inzibati xəta törədilmişdir. Bu səbəbdən hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN 004178 saylı inzibati tənbeh vermə haqqında qərar qanuni olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN 004178 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 1 ünvanında “Pribaltıka” marketdə xx.xx.2023-cü il tarixdə 0,100 kq-nın qiyməti 12.40 manat göstərilmiş “Soyuq hisə verilmiş qızıl balığın filesi” adlı məhsul kassada artıq hesablanaraq 0,100 kq-ı 13.60 manata satılması nəticəsində X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 1500 manat məbləğində cərimə edilmişdir Məhkəməyə təqdim edilmiş vətəndaş Anar Rzayevin Ş-005016 nömrəli şikayətdən görünür ki, 25 noyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən “Pribaltıka” marketdə “Soyuq hisə verilmiş qızıl balığın filesi” adlı məhsulun üzərində qiymətinin 12.40 manat göstərilməsinə baxmayaraq, kassada 13.60 manatdan hesablanaraq satıldığı, səbəbini soruşduqda isə sistemdə qiymətin dəyişməsini, lakin vitrində hələ dəyişməməsini bildirmişdirlər. xx.xx.2023-cü il tarixdə, saat 16:06-da ünvan 1 ünvanında yerləşən X4 məxsus mağazadan verilmiş kassa çekinin surətindən görünür ki, “Soyuq hisə verilmiş qızıl balığın filesi” adlı məhsul qiyməti 13.60 manat göstərilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 16:16-da çəkilmiş fotoşəkildən görünür ki, “Soyuq hisə verilmiş qızıl balığın filesi” adlı məhsulun vitrində qiyməti 12.40 manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması; 447.0.1-ci maddəsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 13-cü maddəsinin 1-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə hesab edir ki, qərardan şikayət vermiş X3 şikayətinin əsasını təşkil edən hallar əsassız olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. X5 qanunvericiliyin tələbini pozmuş, 25 noyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən “Pribaltıka” marketdə “Soyuq hisə verilmiş qızıl balığın filesi” adlı məhsulun üzərində qiymətinin 12.40 manat göstərilməsinə baxmayaraq, kassada 13.60 manatdan hesablanaraq satılmış, bu fakt məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiqlənir, belə olan halda onun inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsini əsaslı etmiş, qanuni olmuşdur. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXMnin 447.0.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, MN 004178 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar