Məhkəmə qərarları › İş №3(011)-2862/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2862/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2862/2024 20.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, X1 Bakı Şəhər BPİ-nin X6 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Bakı Şəhər BPİ-nin X6 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 16 may 2024-cü il tarixdə işdə olarkən “SMS Radar” mobil tətbiqi vasitəsilə bildiriş aldım, Bildirişə daxil olarkən barəmdə 03 may 2024cü il tarixli protokol tərtib olunduğunu gördüm. Daha sonra müəyyən etdim ki, etibarnamə əsasında əvvəllər idarə etdiyim “Maserati Ghibli S” minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 03 may 2024-cü il tarixdə inzibati xəta törədilmiş, inzibati xətanın törədilməsindən 13 gün sonra, yəni 16 may 2024-cü il tarixdə köhnə tarixlə İXP ******* saylı, 03 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan sonra Bakı Şəhər DYPİ-nin əməkdaşı, polis kapitanı X3 tərəfindən TP ******* saylı, 27 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və barəmdə 150 (yüz əlli) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol polis əməkdaşı tərəfindən qanunsuz şəkildə tərtib olunmuşdur və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməlidir. Qeyd olunan inzibati xəta 03 may 2024-cü il tarixdə törədilmiş, inzibati xətanın törədilməsindən 13 gün sonra, yəni 16 may 2024-cü il tarixdə köhnə tarixlə qanunsuz və əsassız olaraq İXP ******* saylı, 03 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hesab edir ki, Bakı Şəhər BPİ-nin X6 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli nömrəli qərar ləğv olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətçi şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər BPİ-nin X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 16:14 radələrində ünvan 1 ünvanında “Maserati Ghibli S” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi nəticəsində nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 38.6-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir 339.1-1-ci maddəsinə əsasən Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Bakı Şəhər BPİ-nin X6 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini barədə X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə X1 şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar