Məhkəmə qərarları › İş №3(011)-2870/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2870/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2870/2021 09.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X5 iştirakı ilə, X5 Xətai RPİ 37-ci Polis Şöbəsinin 01 fevral 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 37-ci Polis Şöbəsinin 01 fevral 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, 01.02.2021-ci il tarixdə iş yerində nahar vaxtı çay içərkən maska çənəsində olub. Sahə müvəkkili içəri daxil olaraq maskası olmadığını bildirib və cərimə protokolu tərdib edib. Xətai RPİ 37-ci Polis Şöbəsinin 01 fevral 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa qərarın surəti ona rəsmi qaydada göndərilmədiyindən qərardan şikayət vermə müddətinin üzrlü səbəbdən ötürülməsini nəzərə alaraq müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək qərardan şikayət vermə müddətinin bərpa edilərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Xətai RPİ 37-ci Polis Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Xətai RPİ 37-ci Polis Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X5 qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətini nəzərdən keçirib hesab edir ki, müddət üzrlü səbəbdən buraxıldığından bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Xətai RPİ 37-ci Polis Şöbəsinin 01 fevral 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada X7 rəsmi qaydada verilməsi iş materialları ilə təsdiq olunmamışdır. Buna görə də qərardan şikayət vermə müddəti bərpa edilməlidir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xətai RPİ 37-ci Polis Şöbəsinin rəisi Elsevər Qədirov tərəfindən qəbul edilmiş 01 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 01 fevral 2021-ci il tarixində karantin rejimi ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən yoxlanılarkən, əsassız cərimə olunması barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Xətai RPİ 37-ci Polis Şöbəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməli, Xətai RPİ 37-ci Polis Şöbəsinin 01 fevral 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. Xətai RPİ 37-ci Polis Şöbəsinin 01 fevral 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov İş № 3(011)-699/2020 İnzibati xətalar haqqında işlər üzrə məhkəmə iclasının protokolu Bakı şəhəri Xətai Rayon Məhkəməsi X11 Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Bakı şəhər Xətai Rayon Polisi İdarəsinin 36-cı Polis Bölməsinin 20 aprel 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə 01 iyun 2020-ci il tarixində Bakı şəhərində məhkəmə binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 16:20-da başlandı. Katib məlumat verərək bildirir ki, məhkəmə iclasına X2 gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhər Xətai Rayon Polisi İdarəsinin 36-cı Polis Bölməsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişdir. Sədrlik edən məhkəmə iclasının Bakı şəhər Xətai Rayon Polisi İdarəsinin 36-cı Polis Bölməsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsinin mümkünlüyünü araşdırır. X2: Məhkəmə iclasının Bakı şəhər Xətai Rayon Polisi İdarəsinin 36-cı Polis Bölməsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmirəm. Məhkəmə yerində qısa müşavirə edərək qərara alır: Məhkəmə iclası Bakı şəhər Xətai Rayon Polisi İdarəsinin 36-cı Polis Bölməsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilsin. Sədrlik edən şikayətçinin şəxsiyyətini müəyyənləşdirir. X8 – 01 sentyabr 1996-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, “Lifttəmir” İB “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsində növbətçi-dispetçer vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Sədrlik edən inzibati xəta haqqında işdə iştirak edən şəxsə AR İXM-nin 108-ci maddəsində nəzərdə tutulmuş əsaslar əsasında hakimə etirazın olub-olmamasını aydınlaşdırır. Etiraz daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxsin vəsatətinin olub-olmamasını müəyyənləşdirir. Vəsatət daxil olmadı. Sədrlik edən şikayət ərizəsini elan edir və işdə iştirak edən şəxsin izahatını dinləyir. X1 izahatı: mən “Baklift 2” İxtisaslaşdırılmış İstehsalat İdarəsində növbətçi-dispetçer vəzifəsində çalışıram. 11.05.2020-ci il tarixində karantin rejimi ilə əlaqədar olaraq, polis əməkdaşları tərəfindən yoxlanış zamanı iş yerindən verilmiş icazə sənədini təqdim etməyimə baxmayaraq cərimə olunmuşam. Buna görə də, Bakı şəhər Xətai Rayon Polisi İdarəsinin 36-cı Polis Bölməsinin 20 aprel 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edənin s/c şikayətçi: - icaze.e-gov.az saytı vasitəsilə 03 aprel 2020-ci il tarixdən 31 may 2020-ci il tarixdək və 10 aprel 2020-ci il tarixdən 31 may 2020-ci il tarixdək iş icazəsi almışam. Sədrlik edən iş materiallarını araşdırır. Məhkəmə müşavirə otağına gedir, qayıdıb gəldikdən sonra sədrlik edən inzibati xəta haqqında iş üzrə qərarı oxuyub elan edir, qərardan şikayət verilməsi müddəti və qaydasını elan edib izah edir. Məhkəmə iclası saat 16:40-da bağlı elan olundu. Protokol 01 iyun 2020-ci il tarixində tərtib edilmişdir. Sədrlik edən Katib

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar