Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2878/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X1 iştirakları ilə, 11 avqust 1984-cü il tarixdə Ağsu rayonu, Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 22 aprel 2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2 tərəfindən tərtib olunmuş 22 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Xətai rayonu ərazisində Şəxs ilə YPX əməkdaşları arasında anlaşılmazlıq olmuş və o, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ona məxsus “Chevrolet markalı, **- MY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı ünvana gedərkən YPX onu saxlamış və ondan sənədlərini tələb etmişdir. o, onlara sənədlərinin üstündə olmadığı, övladı xəstə olduğu üçün tələsik evdən çıxıb aptekə gəldiyini bildirmişdir. Lakin polis əməkdaşı israrla ondan sənədlərini tələb etmişdir. Daha sonra ona onlarla birlikdə polis şöbəsinə getməli olduğu bildirilmişdir. O da öz növbəsində razılaşaraq onlarla birlikdə getmiş, onlara qarşı heç bir hörmətsizlik etməmiş və qanuni tələblərinə tabe olmuşdur. Beləliklə o, göstərilənlərə əsasən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 22.04.202-ci il tarixdə N.Rəfiyev küçəsində xidmət aparan YPX əməkdaşları tərəfindən “Chevrolet markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün saxlanılmışdır. Sürücüdən sənədlərini təqdim etməsi xahiş olunmuş, lakin o, sənədləri təqdim etməkdən imtina etmişdir. avtomobilin salonundan kəskin spirt iyisi gəldiyi üçün polis əməkdaşı ona alkotester vasitəsilə müayinə edilməli olduğunu bildirmiş, buna baxmayaraq sürücü tabesizlik göstərməyə davam etmişdir. Daha sonra həmin əraziyə PPX əməkdaşları çağırılmış, lakin Şəxs polisin qanuni tələblərinə tabe olmayaraq avtomobilin şüşəsini açmamış və onları gözlədərək qanunsuz çəkiliş aparmağa başlamışdır. Sonra o, telefonda kiminləsə əlaqə saxlamış və səhv etdiyini başa düşmüşdür. Tibbi müayinəyə aparıldıqda isə onun sərxoş olması müəyyən edilmişdir. Beləliklə o, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2025-ci il tarixli protokol tərtib olunduğunu bildirərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2 tərəfindən tərtib edilmiş 22 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Xətai rayonu ərazisində Şəxs ilə YPX əməkdaşları arasında anlaşılmazlıq olmuş və o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 22 aprel 2025-ci il tarixdə, saat 00:45-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsinə və polis əməkdaşlarına qarşı tabesizlik göstərməməsinə dair izahatına tənqidi yanaşır və şəxsin özünü müdafiə etmək üçün verdiyi izahat kimi qiymətləndirir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs fiziki şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində sanksiyasının hədləri daxilində İXM-nin 31.4-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2878/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2878/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver