Məhkəmə qərarları › İş №3(011)-2896/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2896/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2896/2021 12.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, şikayətçi X2 və onun vəkili X3 iştirakları ilə, X2 Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 09.06.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 34-cü PB-si tərəfindən qəbul edilmiş 09.06.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, “Papa Johns” restoranında pizzaçı vəzifəsində işləyir. 09.06.2020-ci il tarixində restoran fəaliyyət göstərməmiş və yalnız o, mühafizəçi vəzifəsini icra edərək binada olmuşdur. Sonradan ona məlum olmuşdur ki, barəsində MN ******* saylı 09.06.2020-ci il tarixli qərar tərtib edilmiş və o, İXM-nin 211-ci maddəsinin pozuntusuna görə vəzifəli şəxs kimi 1500 manat cərimə edilmişdir. Həmin qərardan yalnız asanpay vasitəsilə xəbər tutmuşdur. Həmçinin, həmin qərar tamamilə qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, onun vəzifəsi pizzaçıdır və həmin günü, yəni 09.06.2020-ci il tarixində restoranın binasında icra etdiyi vəzifə (mühafizəçi) heç bir halda İXM-nin 211-ci maddəsində qeyd olunan “vəzifəli şəxs” anlayışına daxil deyil. Belə ki, o, müvafiq restoranda tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan vəzifə daşımamışdır. Həmçinin, restoran həmin gün ümumiyyətlə fəaliyyət göstərməmişdir. Hazırki iş üzrə inzibati orqan tərəfindən inzibati xəta haqqında icraat düzgün aparılmamışdır. Beləliklə o, barəsində tərtib olunmuş 09.06.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş 09.06.2021-ci il tarixli qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 qeyd etmişdir ki, həmin gün restoran ümumiyyətlə fəaliyyət göstərməmiş, o isə restoranda heç bir müştəriyə qulluq etməmiş, müştəri qəbul etməmiş, sadəcə olaraq restoranın mühafizəsi ilə məşğul olmuşdur. Məhkəmə iclasında X2 vəkili X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 34-cü PB-si tərəfindən qəbul edilmiş 09.06.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXMnin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən məlum olur ki, X5 02.03.2020-ci il tarixdə əmək müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində pizzaçı vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 19 mart 2020-ci il tarixli 964 saylı qərarla İXM-nin 211-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixli 9 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları iiə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilmişdir. Həmin qərarda ictimai-iaşə müəsssisələrinin yerində xidmətlə əlaqədar olmayan və sifarişləri yerinə yetirilməsi ilə bağlı fəaliyyətinə isə hər hansı məhdudiyyət qoyulmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 iyun 2020-ci il tarixli qərarı ilə 1. Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 01 iyul saat 00:00-dək uzadılmışdır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 09.06.2020-ci il tarixdə İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, X1 inzibati xəta törətməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmiş, iş materiallarına əlavə edilməmişdir. Digər tərəfdən, inzibati orqan inzibati tənbeh vermə haqqında qərarda hər hansı vəzifəli şəxsi deyil, X4 məsuliyyətə cəlb etmiş, halbuki, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən məlum olur ki, X5 əmək müqaviləsi əsasında 02 mart 2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində pizzaçı vəzifəsinə işə qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 09.06.2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, iş materiallarını araşdıraraq, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin 09.06.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 34-cü PB-si tərəfindən qəbul edilmiş 09.06.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar