Məhkəmə qərarları › İş №3(011)-2908/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2908/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2908/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxslər X3 və X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 11 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-1100/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 13730.8 manat məbləğində pul, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4481/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 19500 manat məbləğində pul, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3590/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 2467.23 manat məbləğində pul tələbkarların xeyrinə ödənilməlidir. Lakin borclu icra sənədləri üzrə olan tələbi icra etməmiş və icra məmurunun qanuni tələblərinə riayət etməmişdir. Hal-hazırda onun ödənilməmiş borcu 35698.03 manat təşkil edir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamələrin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını tam təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin, əvvəllərdə onun barəsində borcunu ödəməkdən yayındığı üçün inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. İcra sənədləri üzrə olan borc məbləği uzun müddət ərzində icra edilmədiyindən Şəxs halhazırda ödəməli olduğu məbləği 35698.03 manat təşkil edir. Şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 3(011)-4560/2023 saylı qərarı ilə 07 noyabr 2023-cü il tarixdə inzibati məsuliyyətə cəlb edilərək İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 500 manat cərimə edilmişdir. Məsuliyyətə cəlb edilməsinə baxmayaraq o, icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Bundan əlavə o, qeyd etmişdir ki, Şəxs dəfələrlə çağırışlara gəlməkdən imtina etmişdir, hal-hazırda da onu polis əməkdaşları icra şöbəsinə gətirmişlər. Odur ki, göstərilənlərə əsasən o, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022, xx.xx.2023, xx.xx.2023-cü il tarixli icra sənədlərindən xəbəri olmuşdur. İcra sənədləri üzrə olan borcu ödəməkdən imtina etməmiş və bu vaxtadək müəyyən ödənişlər etmişdir. Lakin maddi imkanı zəif olduğundan, həmçinin hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi olduğundan icra sənədləri üzrə yaranmış borcu tam olaraq ödəyə bilməmişdir və tərəfindən borcun hissəhissə ödənilməsi təmin ediləcəkdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4481/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 21500 manat məbləğində pul vəsaiti və 165 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən bugünədək ödənilməmişdir. Artıq uzun müddətdir Şəxs tərəfindən icra sənədi üzrə olan tələb icra edilmir. Beləliklə o, Şəxs məhkəmə qərarının icrasından yayındığını bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilərək həbs edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1100/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 13600 manat məbləğində pul vəsaiti və 130.80 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən bugünədək ödənilməmişdir. Artıq uzun müddətdir Şəxs tərəfindən icra sənədi üzrə olan tələb icra edilmir. Beləliklə o, Şəxs məhkəmə qərarının icrasından yayındığını bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilərək həbs edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1100/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 13600 manat məbləğində pul vəsaiti və 130.80 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq X4 xeyrinə ödənilməsi qət edilmişdir; tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1100/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və sonuncu tərəfindən bildirişə imza edilməklə qəbul edilmişdir; icra ödənişinin alınması haqqında qərardan görünür ki, borcludan 961 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır; borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4481/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 21500 manat məbləğində pul vəsaiti və 165 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4481/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar borclu Şəxs göndərilmişdir; borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3590/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 319 manat ödənilməmiş hissə, 31 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1465 ödənilməmiş hissə, 146 manat cərimə borcu və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 420 manat ödənilməmiş hissə, 42 manat cərimə borcu, cəmi 2423 manat və 44.23 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3590/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4560/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarların və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1100/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4481/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3590/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qətnamələrində göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədlərinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırır ki, Şəxs 13600 manat məbləğində pul vəsaiti və 130.80 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq X4 xeyrinə ödənilməsinin; 21500 manat məbləğində pul vəsaiti və 165 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq X3 xeyrinə ödənilməsinin və cəmi 2423 manat və 44.23 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsinin qət edilməsinə baxmayaraq, Şəxs tərəfindən bugünədək icra sənədləri üzrə olan borc məbləği tam olaraq ödənilməmiş, bununlada onun ödənilməmiş 35698.03 manat borcu qalmışdır. Qeyd olunan hallar onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, barəsində dəfələrlə axtarış elan olunduğunu, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlində səmimi peşmançılıq çəkdiyini (İXM-32.1.1) və ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 11 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 11 iyul 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə və Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar