Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2911/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 23 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələb Şəxs tərəfindən icra edilməmiş və o, icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmiş, Şəxs izahatı alınmışdır. Şəxs izahatında bildirmişdir ki, guya həmin mənzildə yaşamır və 2024-cü ilin noyabr ayında evi Lavuza adlı şəxsə təhvil verib. Lakin tərəflərindən mübahisə olunan mənzilə baxış zamanı, həmin binada yaşayan qonşular Şəxs orada yaşadığını bildirmişlər və bunu təsdiqləyən akt da tərtib olunmuşdur. Mənzilin boşaldılması üçün dəqiq vaxt müəyyən edilməsi ilə bağlı bildiriş göndərilməmişdir. Bununla da borclu Şəxs barəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, borclu Şəxs icra sənədini icra etmədiyini və onun qanuni tələblərini yerinə yetirmədiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, icra sənədini icra etməkdən heç vaxt boyun qaçırmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində qeyd edilən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilində o, artıq uzun müddətdir ki, yaşamır. 2024-cü ilin noyabr ayında o, həmin mənzili məcburiyyətfən X7 təhvil vermiş və bu barədə müvafiq akt da tərtib olunmuşdur. Lavuza Mahmudova 2024-cü ilin əvvəllərində həmin mənzilə daxil olmuş və çıxmamışdır. Bir müddətdən sonra Lavuza ilə yaşamağın mümkün olmadığını görüb həmin mənzili tərk etmişdir. O, dəfələrlə icra məmuruna mübahisə olunan mənzildə yaşamadığını bildirsə də, buna baxmayaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, icra məmuru tərəfindən müəyyənləşdirilmiş vaxtda onda olan mənzilin açarlarını təhvil verməyə də hazırdır. İcra məmuru indiyə qədər qərarın icrası ilə bağlı heç gün də müəyyənləşdirməmişdir. Odur ki, o, qeyd olunanların nəzərə alınaraq barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X10 inzibati xəta haqqında protokola etiraz edərək hüquqlarını müdafiə etdiyi şəxsin dediklərini təsdiqləmiş və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş X8 izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi qərara alınmışdır. Lakin bugünədək Şəxs həmin ünvanda yaşamağa davam edir və mənzili boşaldıb ona təhvil vermir. Beləliklə o, icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşdığı bildirərək barəsində aöır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X9 ilə telefon əlaqəsi yaradılmış və o, izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilinin özünə aid olduğunu hesab edərək oğlu ilə birlikdə həmin mənzildə yaşayır. Onlardan başqa heçkim, o cümlədən Şəxs da həmin ünvanda yaşamır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq X3 təhvil verilməsi qərara alınmışdır; icraata başlamaq haqqında 05 fevral 2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli, e32639/2025-1-46-002 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin 10 gün müddətində könüllü icrasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib olunaraq məhkəməyə müraciət olunacağı, daha sonra isə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunacağı və digər məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir; Şəxs, X9, X11, X12 və X4 iştirakı ilə tərtib edilmiş 05 noyabr 2024-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzil 05 aprel 2006-cı il tarixli, 53 saylı müqaviləyə əsasən Şəxs tərəfindən tam olaraq boşaldılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq X3 təhvil verilməsi qərara alınmışdır. Şəxs məhkəmə iclasında və Bakı şəhəri Xətai rayon İcra Şöbəsində verdiyi izahatlarında qeyd etmişdir ki, 2024-cü ilin noyabr ayında o, mübahisə olunan mənzili X7 təhvil vermiş və bu barədə müvafiq akt da tərtib olunmuşdur. O, dəfələrlə icra məmuruna mübahisə olunan mənzildə yaşamadığını bildirsə də, buna baxmayaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, icra məmuru tərəfindən müəyyənləşdirilmiş vaxtda onda olan mənzilin açarlarını təhvil verməyə də hazırdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında göstərdiyi xüsusatların həqiqəti əks etdirməsi protokola əlavə edilmiş 05 noyabr 2024-cü il tarixli aktla da öz təsdiqini tapmışdır. Bundan əlavə Şəxs dediklərini hazırda həmin mənzildə yaşayan X9 da təsdiq etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən mənzilin boşaldılması üçün dəqiq icra vaxtı müəyyən edilməmiş və icra günü ilə bağlı tərəflərə bildiriş də göndərilməmişdir. Belə olan halda icra sənədinin Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməməsi halının mövcudluğu istisna edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırki halda isə Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2911/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2911/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver