Məhkəmə qərarları › İş №3(011)-2922/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2922/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2922/2024 12.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2, Bakı şəhər BPİ-nin X8 İdarəsinə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 331, 333-1.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhər BPİ X8 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:33 radələrində «Chevrolet Cobalt LTZ minik» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Xətai rayonu, Y.Səfərov küçəsində YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və keçirilmiş müayinə zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə «Chevrolet Cobalt LTZ minik» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xətai rayonu, Yusif Səfərov küçəsində hərəkətdə olan zaman YPX-nin əməkdaşları onu saxlayaraq sənədlərini tələb etmişlər. Daha sonra o, polis əməkdaşları tərəfindən sərxoşluq vəziyyətinin yoxlanılması üçün tibbi müəssisəsinə aparılmışdır. Müayinə nəticəsində onun narkotik vasitə olan marixuana qəbul etməsi aşkar edilmişdir. Bu səbəblə onun barəsində Polis Şöbəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin onun tərəfindən polis əməkdaşlarına qarşı hər hansı bir tabesizlik göstərilməmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol veməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2024-cü il tarixli protokol tərtib olunduğunu bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ X8 İdarəsinə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru polis mayoru X3 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Y.Səfərov küçəsində xidmətdə olan polis əməkdaşları «Chevrolet Cobalt LTZ minik» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobili xüsusi təyinatlı nəqliyyat vasitəsinə yol vermədiyi üçün saxlamışlar. Ondan özünü təqdim etməsi tələb edildikdə onun narkotik vasitənin təsiri altında olması şübhəsi yaranmışdır. Daha sonra sürücü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparılmış və həmin şəxsin müayinə nəticəsində marixuana istifadə etməsi və onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi müəyyən edilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BBPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol-patrul xidməti inspektoru, polis serjantı X6 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 08:35 radələrində xidmətdə olan zaman Y.Səfərov küçəsində «Chevrolet Cobalt LTZ minik» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “Yol hərəkəti” haqqında qanunun 74-cü maddəsinin tələbini pozaraq xüsusi təyinatlı avtomobilə yol vermədiyinə görə tərəflərindən saxlanılmışdır. Daha sonra sürücüyə qanunun tələblərini izah etsə də, onun danışıq və hərəkətlərində uyğunsuzluq görmüş və ona sənədlərini təqdim etməsini təklif etmişdir. Lakin sürücü inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün hadisə yerinə qaçmağa cəhd göstərmişdir. Digər YPX-nin əməkdaşlarının köməyi ilə Şəxs həkim müayinəsinə aparılmış və müayinə nəticəsində onun nəqliyyat vasitəsini narkoloji sərxoşluq təsirində idarə etməsi aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 12 iyul 2024-cü il tarixli, 1/728 saylı aktdan görünür ki, müayinə nəticəsində Şəxs sidiyində THC aşkar olunmuşdur; inzibati qaydada tutma haqqında 12 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 12:00-da tutulmuşdur; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Xətai rayonu, Y.Səfərov küçəsində YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmaması və keçirilmiş müayinə zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələrinə əsasən protokol tərtib edilmişdir; Bakı şəhər X8 İdarəsi Müşayiət Eskort Bölüyü YPX inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:33 radələrində «Chevrolet Cobalt LTZ minik» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etməsi müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 331 və 333-1.1-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə ilk qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xəta haqqında işlərə aid deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid edilmədiyindən həmin hissədə inzibati xəta haqqında protokol baxılması üçün protokolu tərtib etmiş inzibati orqana göndərilməlidir. Məhkəmə, səlahiyyətli nümayəndələrin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:33 radələrində «Chevrolet Cobalt LTZ minik» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi tam olaraq sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmçinin, məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən, hadisə yerindən qaçmağa cəhd göstərməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-32.1.1), ağırlaşdıran halların müəyyən olunmamasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati həbs və İXM-nin 333-1.1-ci maddəsinə əsasən müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirləri tətbiq edilməli, inzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin tələbinə uyğun olaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən 25 (iyirmi beş) gün müddətinə inzibati həbs və İXM-nin 333-1.1-ci maddəsinə əsasən 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbirləri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə tapşırılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsi hissəsində inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar