Məhkəmə qərarları › İş №3(011)-2922/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2922/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2922/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Şikayətçi Hacı-X1 iştirakı ilə, Hacı-X1 Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın qanunvericikdə nəzərdə tutulmuş qaydada icraat aparılmadığına görə ləğv edilməsini və barəsində başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində “Asanpay” məlumat sistemi vasitəsilə ona məlumat verilmişdir ki, o, guya xx.xx.2025-ci il tarixində, Xətai rayonu, 8 Noyabr prospekti ilə hərəkətdə olan zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci (“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə) maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və bu səbəbdən 100 (yüz manat) məbləğində cərimə edilmişdir. Cərimə ilə bağlı məlumatlara hər hansı foto və ya video qeydi əlavə edilməmişdir. Məlumatı aldıqdan dərhal sonra online şikayət bölməsi vasitəsilə şikayətini, qanunun tələblərini aidiyyəti dövlət orqanına bildirmişdir. Bu hadisədən 10 təqvim günü sonra, yəni xx.xx.2025-ci il tarixində ona məlumat verilmişdir ki, barəsində TP ******* saylı “inzibati tənbeh vermə haqqında” Qərar qüvvəyə minmişdir. Ona təqdim edilən məlumatlar əsasında dərhal aidiyyəti dövlət orqanına müraciət etmiş və barəsində tərtib edilmiş TP ******* saylı “inzibati tənbeh vermə haqqında” Qərarı əldə etmişdir. Müvafiq Qərarda da, qeyd olunub ki, o, həqiqətən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Aşağıda qeyd etdiyi hüquq normalarına əsasən, barəsində tərtib edilmiş “İnzibati xəta haqqında” Protokol və onun əsasında tərtib edilmiş “İnzibati tənbeh vermə haqqında” Qərar qanunsuz və əsassızdır və ləğv edilməlidir. Müvafıq hal ilə bağlı isə ona ehtimal olunan inzibati xəta tarixindən 16 təqvim günü sonra məlumat verilmiş və bu tarixdən də 10 təqvim günü sonra qərar çıxarılmışdır. Qanunvericiliyin qeyd olunan müddəalarından da göründüyü kimi, inzibati xəta üzrə icraat zamanı təqsirliliyin sübuta yetirilməsində müddət gözlənilmədən inzibati icraat başlanmışdır və buna görə də iş üzrə icraata verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 oğlu şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, barəsində səlahiyyətli dövlət orqanı tərəfindən TP7177374 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Həmin qərar tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərində qeyd edilən müddətlər gözlənilmədən icraat başlanılmışdır. Bu səbəbdən şikayətlə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl məsələnin məhkəmədənkənar həlli məqsədilə “902” Qaynar xəttinə müraciət etmiş və şikayətini bildirmişdir. Onlar isə absurd fikirlər səsləndirərək, “Bayram vaxtına düşüb, biz bu səbəbdən protokol açmamışıq, video görüntünü isə sistemə əlavə edə bilmərik” bildirmişdirlər. Operatora Qanunvericiliyin müddəalarını səbrlə izah edərək, orada iş günləri ilə bağlı bir qeydin olmadığını, sadəcə 1 gün ərzində protokolu sistemə yükləməli olduqlarını bildirsə də, əsaslı bir cavab ala bilməmişdir. Xüsusilə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 53.1.6cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraat rədd edilir. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən, Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Müvafiq hal ilə bağlı isə ona ehtimal olunan inzibati xəta tarixindən 16 təqvim günü sonra məlumat verilmiş və bu tarixdən də 10 təqvim günü sonra qərar çıxarılmışdır Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Hacı-X1 xx.xx.2025-ci il tarixdə, saat 18:45-də “Kia Sportage minik” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda Hacı-X1 xx.xx.2025-ci il tarixdə, saat 18:45-də “Kia Sportage minik” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və ona 100 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 oğlu tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinin 18 mart 2025-ci il tarixdə baş verməsinə baxmayaraq, şəxsin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol onun şəxsi kabinetinə bir gün ərzində yerləşdirilməmiş və hadisədən xeyli müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə ona baş vermiş hadisə barədə SMS bildiriş göndərilmişdir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqan tərəfindən xx.xx.2025-ci il tarixdə baş vermiş inzibati xətaya dair foto və video material isə ümumiyyətlə sürücünün şəxsi kabinetinə yerləşdirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 oğluna inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər və digər sübut əhəmiyyəti kəsb edən sənədlər təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Hacı-X1 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin Hacı-X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Hacı-X1 şikayəti qismən təmin edilməli, Bakı şəhər X5 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Hacı-X1 şikayəti qismən təmin edilsin. Hacı-X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar