Məhkəmə qərarları › İş №3(011)-2924/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2924/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2924/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1265/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1510 manat məbləğində aliment borcu tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin borclu üzərinə düşən öhdəlikləri vaxtı-vaxtında icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmiş, borclunun izahatı alınmışdır. Daha əvvəllər də borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş və o, inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, borclu maddi vəziyyəti aşağı olduğundan icra sənədinin icrasını tam təmin edə bilmədiyini bildirmişdir. Odur ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Hal-hazırda borclu tərəfindən ödənilməli olan 1510 manat məbləğində borc tam olaraq tələbkarın xeyrinə ödənilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola baxılması məsələsinin həllinini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1265/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat və övladı Riyad Nuriyevin 3 yaşına çatana kimi saxlanılması üçün 70 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə olan borcu ödəməkdən imtina etməmişdir, lakin maddi vəziyyəti aşağı olduğundan borcunu tam olaraq ödəyə bilməmişdir. Hal-hazırda tərəfindən icra sənədi üzrə yaranmış 1510 manat məbləğində aliment borcu tam olaraq tələbkarın xeyrinə ödənilmişdir. Odur ki, o, qeyd olunanların nəzərə alınaraq barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1265/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat və xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, Şəxs 50 (əlli) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir; icraata başlama haqqında 12 iyun 2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1265/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4357/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir; "xxxx" ASC tərəfindən verilmiş ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 710 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 528-ci maddənin qeydinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Borclu isə icra sənədi üzrə yaranmış 1510 manat məbləğində borcunu tam olaraq tələbkarın xeyrinə ödəmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs tərəfindən icra sənədi üzrə 1510 manat miqdarında ödənişin edilməsi təmin olunduğundan icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunur. Şəxs icra sənədi üzrə yaranmış borcu məhkəmə qərar qəbul edənədək ödədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o inzibati məsuliyyətdən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar