Məhkəmə qərarları › İş №3(011)-293/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-293/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-293/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.2004-cü ildə Kürdəmir rayonu, Öyləqulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, Kürdəmir rayonu, Mehdili Ərazi Dairəsi, Öyləqulu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsindən daxil olmuş 31 yanvar 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir. Həmçinin, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsindən daxil olmuş 31 yanvar 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, Azərbaycan Neft və Sənaye Universitetində oxuyur 2-ci kurs tələbəsidir. xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində “Kapital Bank” kuryeri kimi özünü təqdim edən şəxs onu Əhmədli metrostansiyasının çıxışına gəlməsini istəmişdir. O, oraya yaxınlaşandan sonra bir neçə şəxs ona yaxınlaşaraq özlərini təqdim etmədən onlarla getməyini tələb etmişlər. O isə öz növbəsində işin nə yerdə olduğunu bilmədiyi üçün özünü müdafiə məqsədi ilə onlara müqavimət göstərmiş və sonda məcbur qalıb avtomobilə əyləşmişdir. Şöbədə olan zaman ona məlum olmuşdur ki, həmin şəxslər polis əməkdaşlarıdır və o, bunu bildikdən sonra onlardan üzr istəmişdir. Lakin həmin şəxsləri təhqir etməmiş və onlara qarşı nalayiq ifadələr işlətməmişdir. Beləliklə o, göstərilənlərə əsasən barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 protokolların məzmununa uyğun izahat verərək Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədildiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Bakı şəhəri Xətai RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili polis kapitanı X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Əhmədli metrosunun yaxınlığında 1 nəfər şəxsin mobil telefonla ucadan küçə söyüşləri ilə danışdığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. O, onların qanuni tələblərinə məhəl qoymayaraq əvvəlki qaydada təkrar nalayiq ifadələri işlətməyə davam etmişdir. Bundan sonra onu şöbəyə dəvət etmişlər, o isə yenə onların tələblərinə məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı X2 şahid X4 ilə oxşar məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsindən daxil olmuş 31 yanvar 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində M.Hadi küçəsində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozmaqla Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulan əməli törətdiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsindən daxil olmuş 31 yanvar 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində M.Hadi küçəsində polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətdiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati qaydada tutma haqqında 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 20:00-da tutulmuşdur. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 30 yanvar 2024-cü il tarixdən, saat 20:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 30 yanvar 2024-cü il tarixdən, saat 20:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar