Məhkəmə qərarları › İş №3(011)-2969/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2969/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2969/2025 08.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, hüquqi şəxs “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 12 fevral 2025-ci il tarixli, 00700-00027/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2024cü il tarixli **********1783 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Gömrük İdarəsində alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 4800 (dörd min səkkiz yüz) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti ixracatçının müvəkkil bankda olan hesabına köçürülməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarımbəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac edilmiş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi təmin edilməlidir. “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən isə ixrac edilən 4800 (dörd min səkkiz yüz) ABŞ dolları (8160 manat) olan mallara dair vəsaitin onların müvəkkil bankdakı hesabına köçürülməməsi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə hüquqi şəxs “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 tərəfindən tərtib edilmiş 12 fevral 2025-ci il tarixli, 00700-00027/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Türkiyə Respublikasında yerləşən filial arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 04/21 nömrəli müqaviləyə əsasən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 8160 (səkkiz min yüz altmış) manat təşkil edən 4800 (dörd min səkkiz yüz) ABŞ dolları xarici valyuta vəsaiti xaricdən qaytarılmadığından Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin konsiqnasiya əməliyyatları üzrə hesabatından görünür ki, “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X2 Oto.X5.Dış.Tic. LTD ŞTİ” şirkətinə **********1783 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 4800 ABŞ dolları məbləğində pul vəsaiti xarici iqtisadi fəaliyyətin nəticəsi olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına qaytarılmamışdır. xx.xx.2024-cü il tarixli **********1783 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 4800 ABŞ dolları dəyərində malların Türkiyə Respublikasında yerləşən “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinə ixrac edilməsini bəyan etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci yarımbəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı ilə sübuta yetirilmişdir ki, inzibati xəta haqqında iş üzrə “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı kommersiya fəaliyyəti ilə əlaqədar Türkiyə Respublikasında yerləşən “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkəti ilə xx.xx.2021-ci il tarixli, 04/21 nömrəli müqavilə bağlayıb 4800 ABŞ dolları məbləğində malları sataraq xx.xx.2024-cü il tarixdə Sumqayıt Gömrük İdarəsində müvafiq olaraq **********1783 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə, Türkiyə Respublikasında yerləşən “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci yarımbəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, **********1783 sorğu nömrəli gömrük bəyannaməsi üzrə milli valyutaya nisbətdə 8160 (səkkiz min yüz altmış) manat təşkil edən 4800 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Bununla da, “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının gömrük qaydaları əleyhinə olan Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 12 fevral 2025-ci il tarixli, 00700-00027/25 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X2 X3 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 4800 ABŞ dolları valyuta vəsaiti məbləğinin otuz faizi miqdarında, yəni 1440 (min dörd yüz qırx) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar