Məhkəmə qərarları › İş №3(011)-2972/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2972/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2972/2025 24.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon DYPŞ YNH inspektoru, polis kapitanı X5, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Balakən rayonu, Hənifə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Balakən rayonu, Qazma Ərazi Dairəsi, Qazma kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, 6-cı mədən küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş protokol üzrə Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Rauf Əlimərdanovun 14 mart 2025-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ 21063” markalı, **-GL-*** d.q.n-lı avtomobili sürücülük hüququ olmadan idarə edən X8 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 2-ci hissəsinin tələbini pozması nəticəsində idarə etdiyi “VAZ 21063” markalı, **-GL-*** d.q.n-lı avtomobilin sol arxa hissəsi ilə X2 idarə etdiyi “Harley Davidson” markalı, 99-E-175 d.q.n-lı motosikletin ön hissəsi toqquşmuş, hadisə nəticəsində xəsarət alan olmasa da Elçin Həsənovun motosikletinə maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, daimi iş yeri olmasa da, Xətai rayonu ərazisində tanışları ilə birlikdə yaşayış mətəqələrinin həyətlərindən dəmir və digər metallar alıb metal qəbulu yelərinə satır. xx.xx.2025-ci il tarixdə X7 ilə birlikdə dəmir alqı-satqısı ilə məşğul olmaq məqsədilə “VAZ 2106” markalı, **-GL-*** d.q.n-lı avtomobil almışlar. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Polad Həşimov küçəsində yaşayan müştərilərdən biri ona zəng edərək dəmirinin olduğunu bildirdikdə, Bilala məxsus avtomobil onun həyətində olduğu üçün həmin avtomobilə əyləşib sürücülük hüququnun olmamasına baxmayaraq avtomobili idarə edərək Zığ şossesi istiqamətindən hərəkət edib Ceyhun Həsənov küçəsi ilə 8 Noyabr prospektinin kəsişməsindən sola dönmək istəyərkən işıqforun stop xəttində dayanmış, daha sonra işıqforda düzünə hərəkət edənlər üçün yaşıl işıq yanan zaman diqqətsizlikdən təxminən 10 km/saat sürətlə sola dönərkən 8 Noyabr prospektindən üzü Zığ Şossesi istiqamətində hərəkət edən motosikletin ön hissəsi ilə onun idarə etdiyi avtomobilin sol arxa hissəsi toqquşmuşdur. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, himayəsində azyaşlı övladının olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon DYPŞ YNH inspektoru, polis kapitanı X10 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş YNH zamanı xəsarət alanın olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin TŞ-də araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, hadisəni törətmiş VAZ 21063 markalı **-GL-*** d.q.n-lı avtomobili sürücülük hüququ olmadan idarə edən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Şəxs törətdiyi əməl nəticəsində zərərçəkmiş şəxsin idarə etdiyi avtomobilə 200 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, göstərilənlərə əsasən o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon DYPŞ YNH inspektoru, polis kapitanı X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21063” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə X6 məxsus avtonəqliyyat vasitəsinə maddi ziyan vurduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Rauf Əlimərdanov tərəfindən Şəxs, X2 və X1 iştirakları ilə tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş, “VAZ 21063” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 2-ci hissəsinin tələbinin pozulması nəticəsində “Harley Davidson” markalı, 99-E-175 d.q.n-lı motosikletin ön hissəsi ilə arxadan toqquşmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 14 mart 2025-ci il tarixli, 243 saylı ekspert rəyinin surətindən görünür ki, vət. E.S.Həsənovun bədənində xx.xx.2025-ci il tarixə uyğun hər-hansı bir xəsarət aşkar edilməmişdir; Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X3 14 mart 2025-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, yol-nəqliyyat hadisəsini törətmiş “VAZ 21063” markalı, **-GL-*** d.q.n-lı avtomobili sürücülük hüququ olmadan idarə edən Şəxs Azərbaycan Respublikası İXM-nın 327.2 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü rədd materialının surətinin inzibati protokol tərtib edilib rayon məhkəməsinə göndərilməsi məqsədi ilə Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; zərərçəkmiş şəxs X2 Bakı şəhəri Xətai rayon Polis İdarəsində verdiyi izahatında qeyd etmişdir ki, təxminən 15 ildir AB kateqoriyalı sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsi idarə edir. xx.xx.2025-ci il tarixdə təxminən saat 15:00 radələrində özünə məxsus “Harley Davidson” markalı, 99-E-175 d q.n-lı motosiklet ilə Xətai rayonu, 8 Noyabr prospketində üzü Zığ Şossesi istiqamətində soldan 3-cü zolaqla təxminən 60 km/saat sürətlə hərəkət edib Ceyhun Həsənov küçəsi ilə kəsişmədə işıqforun yaşıl işığında keçən zaman anidən 8 Noyabr prospektində üzü A.Cəlilov küçəsi istiqamətində hərəkət edib C.Həsənov küçəsi ilə kəsişməyə çatdıqda anidən işıqforun qadağanedici işığında keçən Vaz 21063 markalı **- GL-*** d.q n-lı avtomobilin arxa sağ hissəsi ilə onun idarə etdiyi motosikletin ön hissəsinin toqquşması nəticəsində o, yerə yıxılmışdır; “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş portaldan çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X9 vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1), himayəsində azyaşlı övladının olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə cəzası tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar