Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2975/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 14 aprel 2025-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 14 aprel 2025-ci il tarixli qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 12:40 radələrində X3 idarə etdiyi VAZ 21703 markalı 99XU616 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən Pedaqoji universitetin qabağında X13 Xidmətinin əməkdaşı X4 maşını saxlamış və özünü təqdim etməyini demişdir. Maşının ön hissəsinin niyə bu qədər aşağı olmasını soruşmuşdur. Şikayətçi bildirmişdir ki, bu idman üslublu yaylardır və zavod tərəfindən qoyulmuşdur, buna dair sertifikat da vardır. İddia olunan inzibati xəta ilə eyni predmetli qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğunu, hansı ki, bu məhkəmə qərarı ilə eyni məslə ilə bağlı polis qərarı ləğv edildiyini bildirsə də, buna da məhəl qoyulmamışdı. X13 Xidmətinin əməkdaşı X4 duracağa gedəcəklərini bildirmiş, bundan sonra avtomobili 21 saylı cərimə meydançasına yerləşdirərək orada şikayətçiyə protokol təqdim etmişdir. X7 nə qədər etiraz etsə də,o, nəqliyyat vasitəsinin normativ tələblər pozulması, avandanlığın dəyişdirilməsi ilə bağlı inzibati xəta törətdiyini qeyd etmişdir. Bununla bağlı avtomobilə baxış keçirmədən, xüsusi cihazdan istifadə etmədən, mütəxəssis və ekspert dəvət olunmadan sadəcə öz mülahizəsi əsasında prokol tərtib olunmuşdur. Bundan sonra şikayətçi nə qədər X13 İdarəsinə müraciət etsə də, inzibati xəta törətməsi ilə bağlı qərar xx.xx.2025-ci il tarixində X5 təqdim edilmişdir. Həmin qərarda nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə istinad etmişdir. Lakin inzibati iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, şikayətçi tərəfindən hansı normativ tələblər pozulmaqla avadanlıqda dəyişikliklər edilməsinin hər hansı sübutla təsdiq edilməsi göstərilməmiş və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmədən əsassız olaraq inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Eyni predmet üzrə şikayətçi X6 xx.xx.2023-cü il tarixində saat 10 radələrində idarə etdiyi VAZ 21703 markalı 99XU616 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən YPX inspektor onu saxladaraq avtomobilin cərimə meydançasına gedəcəyini, ona İXM-ın 342.2.3-cü maddəsi ilə protokol yazılacağını bildirmişdir. O, buna qəti olaraq etiraz etmiş və avtomobilə zavod istehsalı olan yayların qurlaşdırıldığını və sertifikatın olduğunu bildirmişdir. Buna məhəl qoyulmayaraq avtomobil heç bir yerdə ekspertizadan keçmədən, ümumiyyətlə vizual baxışla pozuntunun olduğunu müəyyən edib duracağa yerləşdirmişdir. Bundan sonra smsradar vasitəsilə görmüşdür ki, İXM 342.2.3-cü maddəsilə protokol yazılmış, lakin qərar verilməmişdir. 7 gündən sonra onlar yenə də heç bir yoxlanış keçirmədən, ekspertiza edilmədən qanunsuz və əsassız qərar verilmiş və həmin maddə ilə 150 manat cərimə edilmişdir. Avtomobilin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan heç bir dəyişiklik etməmişdir. Ona yazılmış protokol və onun əsasında olan qərar tam əsassız və qanunsuz olduğundan Xətai rayon məhkəməsinin hakimi Bəxtiyar Məmmədov tərəfindən xx.xx.2022ci il tarixdə ləğv edilmişdir. Qərardan Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsi apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-142/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayəti təmin etmədən saxlamışdır. X10 Patrul Xidməti tərəfindən heç bir sübut olmadan, heç bir araşdırma aparmadan, İnzibati Xətalar Məcəlləsinin maddələrini kobud surətdə pozularaq yenidən qərar qəbul edilmişdir. Həmin qərar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 3(011)-1301/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bundan əvvəlki icraatda Bakı şəhər DYPİ-i tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.2.3-ci maddəsi ilə inzibati xəta törədilməsi ilə bağlı qərar qəbul edilmiş hansı ki həmin qərar məhkəmə tərəfindən ləğv edilməklə icraata xitam verilmişdir. Hal-hazırda isə heç bir qanuni əsas göstərmədən adı çəkilən 342.2.2-ci maddəsinə əsasən inzibati xəta törədilməsinə dair qərar qəbul edilmişdir. Hansı ki adı çəkilən maddələrin məzmununa baxdıqda görünür ki, oxşar maddələrdir və sadəcə 342.2.3-cü maddə dəyişdirilmə ilə bağlı daha konkret müddələr müəyyən etmişdir və hər ikisi eyni predmetə yönəlib və DYPİ-nin əməkdaşı əsassız olaraq sırf qərar çıxarmaq xətrinə bir növ maddəni dəyişməklə şikayətçini əsassız olaraq inzibat məsuliyyətə cəlb etməyə çalışıb və adı çəkilən qanunun 342.2.2-ci maddəsini hansı əsasla təyin etdiyini, maşında avadanlığın dəyişdirilməsini hansı üsulla müəyyən etdiyini göstərməmişdir. Belə ki polis əməkdaşı heç bir akt tərtib olunmadan, avtomobilə baxış keçirmədən, xüsusi cihazdan istifadə etmədən, mütəxəssis və ya ekspert dəvət olunmadan öz mülahizəsinə əsasən protokol tərtib etmişdir. Odur ki, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayətin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, quraşdırdığı yaylar əlavə avadanlıq hesab olunmur, uyğunluq sertifikatı movcuddur. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X13 İdarəsinin nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14 aprel 2025-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, 04 aprel 2025-ci il tarixdə X2 barəsində inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat cərimə tətbiq edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 3(011)-1301/2023 nömrəli qərarından görünür ki, Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP 564394 saylı, 29 mart 2023-cü il tarixli qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 342.2.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 96.1.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. “Yol hərəkəti haqqında” Qanunun 84-cü maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək vəzifəsi var. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 barəsində Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 14 aprel 2025-ci il tarixli qərarda avadanlığın dəyişdirilməsinin nədən ibarət olması göstərilməmiş, Məcəllənin müvafiq maddəsi qeyd olunmaqla kifayətlənmişdir, heç bir sübuta istinad edilmədən qərar qəbul edilmiş, həmçinin X2 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X2 normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirməsini hansı sübutla müəyyən edildiyi göstərilməmiş, polis əməkdaşı öz mülahizəsinə əsasən protokol tərtib etmişdir. Həmçinin təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhər X13 İdarəsinin əməkdaşı tərəfindən protokol qanunun tələblərinə riayət edilmədən tərtib olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolla tanış olmaq imkanının yaradılması barədə məlumat, protokolun surətinin təqdim edilməsi və ya ondan imtina edilməsi barədə məlumatlar, hüquqları və vəzifələrin izah edilməsi barədə müvafiq qeyd öz əksini tapmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamışdır. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş 14 aprel 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X13 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 14 aprel 2025-ci il tarixli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Baş X13 İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2975/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2975/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver