Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2978/2025 08.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər DYPİ-nin Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Bakı şəhər DYPİ-nin Səbail Rayon DYPŞ Yol Patrol Xidməti inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokola əsasən tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X5 15.02 2025-ci il tarixində saat 16:30 radələrində mülkiyyətində olan **-LC-*** dövlət qeydiyyat nişanlı, Nissan Patrol minik markalı avtomobil ilə İstiqlaliyyət küçəsi istiqamətində hərəkətdə olan zaman, Mərkəzi Univermaq və İçəri Şəhərin Qoşa Qala qapısı istiqamətlərinə gedən yol ayrıcına yaxınlaşırmış. Həmin vaxtı yerdə həm düzünə (Qoşa Qala qapısı istiqaməti tərəfə), həm də sola (Mərkəzi Univermaq) tərəfə hərəkət etməyə icazə verən yol nişanlanma xətti var idi. Həmin nişanlanma xətti ən azı 2 dəfə təkrarlanırdı. Nəzərə alsaq ki, şikayətçi həmin yol ayrıcına gəldikcə yol nişanlanma xəttini gördürdü və həmin nişanlanma xəttinin həm sola həm düzünə hərəkətə icazə verdiyini nəzərə alıb, düzünə, yəni "Qoşa Qala qapısı" istiqamətində hərəkət etməyə qərar vermişdir. Lakin yol ayrıcını keçən zaman yolun solunda "giriş qadağandır" nişanını görmüşdür. Bu zaman qərar dəyişikliyi etmək istəmiş, ancaq bunun hansısa qəzaya səbəb olacağını düşünüb hərəkətini eyni istiqamətdə hərəkət etdirmişdir. Qarşıda BDYPX-nin əməkdaşları "saxla" əmri verdilər. Şikayətçi avtomobili saxlamışdır. Onlar qayda pozduğunu və "giriş qadağandır" yol nişanının tələbini pozduğumnu bildirmişlər. Şikayətçi buna etiraz etmişdir. Çünki həmin yerdə həm düzünə, həmdə sola dönməyə icazə verən yol nişanlanma xətti olduğunu bildirmişdir. Onlar isə həmin xəttin yaxın gələcəkdə silinəcəyini bildirmişlər. Lakin buna baxmayaraq barəsində xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol tərtib etdilər. Müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla, eyni yol sahəsində tətbiq edilmiş daimi nişanlanma xətlərinin tələbləri ilə digər texniki vasitələrin ələbləri (məs: daimi yol nişanları) arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Həmin ərazidə quraşdırılan yol nişanı ilə yerə çəkilən nişanlanma xətti bir-birini təkzib edən yol nişanlarıdr. Onlardan biri düzünə və sola getməyə icazə versə də, digər nişan düzünə getməyə icazə vermir. Bu nişanlar bir-birinin əksinədir və bu biabırçı mənzərə açıq-aydın görünür. Maraqlıdır ki, bu ərazi üzrə xidmətə cəlb olunan yol polisi əməkdaşları bunu görmürlər və ya görmək istəmirlər. Əslində isə yol-patrul xidməti haqqında təlimatda dislokasiya üzrə təyin olunmuş yol polisi əməkdaşının ərazidəki nöqsanları aşkar edib rəhbərliyə məruzə etməsi və problemin tez bir zamanda aradan qaldırması məsələsi çox açıq şəkildə və sadə dildə yazılıb. Qeyd olunan ziddiyətli nişanlar isə bir neçə gündür ki, həmin ərazidə sürücüləri çaşdırır. Qanunvericiliyə görə, yol nişanları və nişanlanma xətləri arasındakı ziddiyətlərə görə sürücü məsuliyyət daşımır. Yəni, hazırda həmin yerdə düzünə getməyə icazə olduğu halda, yol polisinin şikayətçini saxlayıb cərimə tətbiq etməyə ixtiyarı yoxdur. Çünki yol polisi ilk növbədə bu problemi aradan qaldırmalıdır. Sonra qayda pozanlarla mübarizə apara bilər. Məsələ burasındadır ki, həmin ərazidə müşahidə kameraları da var və maraqlıdır ki, Bakı şəhər DYP İdarəsi bu kameralar vasitəsilə də həmin problemi görüb aradan qaldırmır. Amma kameraların bu problemi çəkməməsini təbii qarşılamaq da olar. Çünki yol nişanı elə yerdə qoyulub ki, ağacların yarpaqları arasında görünməz olub. Üstəlik, yol nişanı düzgün yerdə də quraşdırılmayıb. Qanuna görə, bu nişan svetaforun altında quraşdırılmalı idi. Amma fotolardan da görünür ki, nişanla svetafor arasında ən azın 5 metr məsafə var. Həmin yerdə Təhlükəsiz Şəhər kamerası olsa da, iddia edilən qayda pozuntusuna aid video görüntü və fotoşəkil şikayətçinin elektron kabinetinə yüklənməyib. Lakin şikayətçinin avtomobilinin videoregistratorunda həmin yolayrıcının videosu var və həmin videoda yol nişanları arasındakı ziddiyyət öz əksini tapmışdır. Məhkəmə iclasında X2 şikayətin təmin edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. O, idarə etdiyi avtomobilin videoregistratoru vasitəsilə qeydə alınmış videonu məhkəməyə təqdim edərək şikayətdə qeyd etdiklərini əsaslandırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, şikayətçinin izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ-nin Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 16:43-də Bakı şəhəri, Gənclər meydanında «Nissan Patrol» minik markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə olarkən yol nişanlarının tələblərinə riayət edilməməsi və 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması əsas gətirilərək barəsində Bakı şəhər DYPİ-nin Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər DYPİ-nin Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 16:43-də Bakı şəhəri, Gənclər meydanında «Nissan Patrol» minik markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə olarkən yol nişanlarının tələblərinə riayət edilməməsi və 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması əsas gətirilərək barəsində Bakı şəhər DYPİ-nin Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı şikayətçinin təqdim etdiyi videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, şikayətçi avtomobil idarə etdiyi yol üzrə asfaltın üzərində mövcud olan işarələrə istinad edərək düzünə hərəkətin olduğunu düşünmüşdür. Daha sonra şikayətçi işıqfora yaxınlaşan zaman düzünə gedişi qadağan edən işarəni görmüş və yolu sola dönmək istəyərkən qarşıda duran polis əməkdaşları tərəfindən işarə alaraq yolun qadağan olunmuş hissəsinə daxil olmuşdur. İstinad olunanlara əsasən məhkəmə qeyd edir ki, inzibati xətanın törənməsinə istinad edilən tarixdə polis əməkdaşlarının hansı səbəbdən sürücüyə yolu davam etdirməsilə bağlı göstəriş verilməsi, belə bir göstərişin verilməsini zəruri edən halların nədən ibarət olması məhkəmə iclası zamanı aşkar edilə bilmədiyindən məhkəmə hesab edir ki, X5 barəsində Bakı şəhər DYPİ-nin Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhər DYPİ-nin Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhər DYPİ-nin Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və şəxsin iştirakının təmin edilərək müvafiq araşdırma aparılması üçün iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-2978/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2978/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver