Məhkəmə qərarları › İş №3(011)-2980/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2980/2021

20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2980/2021 20.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, X1nun iştirakı ilə, X2 Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nin inzibati tənbeh vermə haqqında 06.08.2021-ci il tarixli, EPQ ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nin inzibati tənbeh vermə haqqında 06.08.2021-ci il tarixli, EPQ ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək göstərmişdir ki, o, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nin 04.06.2021-ci il tarixi EXP ******* saylı inzibatı həta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında 06.08.2021-ci il tarixli, EPQ ******* saylı qərarı ilə İXM-nin 211.1-ci maddəsinin tələblərini pozduğu əsas gətirilərək 4000 manat inzibati cərimə növündə tənbeh edilmişdir. Həmin qərarla qanunsuz və əsasız olduğundan razılaşmır. Belə ki, həmin inzibati xəta haqqında protokolda və onun əsasında qəbul edilmiş tənbeh vermə haqqında qərarda inzibati xətanın xarakterizə edən faktlar göstərilməmiş, eyni zamanda onun harada və hansı qaydada nə kimi pozuntu törətdiyi belə əks olunmamış, protokolu tərtib edən şəxs tərəfindən geyd olunan video görüntülərdə o, əks olunmamışdır. Tərəfindən heç bir inzibatı xəta pozuntusu törədilməmişdir. O, “Asiman'’ şadlıq sarayında ofisiant vəzifəsində çalışır, onun 4000 manat məbləğində cərimə olunmağı qanuni deyildir. Qeyd olunan restoranda video görüntüdə tibb maskadan istifadə etmədiyi üçün 200 manat məbləğində cərimə olunmuşdur. O, inspektora yaxınlaşıb məsələ ilə bağlı soruşduqda, inspektor obyektin icarədarını cərimələmək niyyətinin olduğunu bildirmiş, o, tibbi maskada həmin əməkdaşa icəradarın ölkə xaricində olduğunu bildirdikdə inspektor onu məsul şəxs kimi göstərərək onu cərimələcəyini bildirmişdir. Obyektdən çıxıb getdikdən sonra onun asanpay ünvanına cərimə olduğu barədə bildiriş gəlmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol prosessual pozuntular ilə tərtib olunmuş, heç bir imza, inzibati xətanı xarakterizə edən məlumatlar, habelə kamera görüntülərində əks olunmamağı buna dəlalət edir. X1 şikayətinin hüquqi əsası kimi İXM-nin 3,8 və 9-cu maddələrinə istinad etmişdir. Qeyd olunanların nəzərə alınaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş səlahiyyətli orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nin inzibati xəta haqqında 04.08.2021-ci il tarixli EXP ******* nömrəli protokoldan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən X2 04.08.2021-ci il tarixdə Xətai rayonu 8 noyabr prospektində İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilərək inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nin inzibati tənbeh vermə haqqında 06.08.2021-ci il tarixli, EPQ ******* saylı qərardan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən X3 İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 4000 manat məbləğində cərimə edilmişdir. Elektron bildirişdən görünür ki, X3 01.07.2020-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında “Asiman” restoranında ofisant vəzifəsində çalışır, aylıq əmək haqqı 280 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 26.04.2021-ci il tarixdə səlahiyyətli orqanın nümayəndəsi tərəfindən barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-si onun vəzifəli şəxs kimi 4000 manat məbləğində inzibati cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında 06.08.2021-ci il tarixli, EPQ ******* saylı qərar qəbul olunmuşdur. Şikayətçi “Asiman'’ şadlıq sarayında ofisiant vəzifəsində çalışdığını, onun həmin restoranda icarədar olmadığın və 04.08.2021-ci il tarixdə tibbi maskadan istifadə etdiyini bildirmişdir. Həqiqətən də, elektron bildirişdən görünür ki, X3 01.07.2020-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında “Asiman” restoranında ofisant vəzifəsində çalışır, aylıq əmək haqqı 280 manat təşkil edir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində və həmin maddənin qeyd hissəsində göstərilən vəzifəli şəxs olması nə inzibati xəta haqqında protokol və nə də inzibati tənbeh vermə haqqında qərarda göstərilməyərək əsaslandırılmamışdır. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmişdir. Həmçinin, 06.08.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarda xətanın mahiyyəti göstərilməmiş, xətanı təsdiq edən hər hansı sübuta istinad edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin iştirakı təmin olunmadan qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, 06.08.2021-ci il tarixli, EPQ ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqanan (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X2 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissədə şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nin inzibati tənbeh vermə haqqında 06.08.2021-ci il tarixli, EPQ ******* saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar