Məhkəmə qərarları › İş №3(011)-2994/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2994/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2994/2021 12.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Metanol Zavodunda qatar tərtibatçısı” vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, dalan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 12.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli, 2(011)-2581/2013 saylı icra sənədi üzrə yaranmış aliment borcunu ödəməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs işlədiyindən borcun tutulması onun əmək haqqına yönəldilmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli, 2(011)-2581/2013 saylı icra sənədinə əsasən hər ay hər uşağa görə 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində aliment tutulara tələbkar X3 ödənilməsi qət edilmişdir. Alimentin ödənilməsi əmək haqqına yönəldilmişdir, tərəfindən aliment borcu vaxtında ödənilmişdir və heç bir borcu yoxdur. Odur ki, o, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X4 izahat verərək bildirmişdir ki, Şəxs 12 dekabr 2006-cı il təvəllüdlü X7 və 23 aprel 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 24 may 2013-cü ildən başlayaraq hər ay hər uşağa görə 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Halhazırda Şəxs borcu 9300 manat təşkil edir, lakin onun tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli, 2(011)- 2581/2013 saylı icra vərəqəsindən görünür ki, Şəxs 12 dekabr 2006-cı il təvəllüdlü X7 və 23 aprel 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 24 may 2013-cü ildən başlayaraq hər ay hər uşağa görə 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir; icraata başlamaq haqqında 05.07.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 04 oktyabr 2013-cü il tarixli, 2(011)-2581/2013 saylı icra sənədi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin 23.07.2021-ci il tarixli qərarından görünür kİ, Şəxs barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada borclunun icra məmurunun qanuni tələblərini yalnız üzrsüz səbəbdən yerinə yetirməməsi həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin icra edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımi zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli, 2(011)-2581/2013 saylı icra vərəqəsinə əsasən Şəxs 12 dekabr 2006-cı il təvəllüdlü X7 və 23 aprel 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 24 may 2013-cü ildən başlayaraq hər ay hər uşağa görə 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmiş və həmin icra sənədi borclunun əmək haqqına yönəldilmişdir. Həmçinin, icra məmuru tərəfindən borclunun icra vərəqəsini üzrsüz səbəbdən icra etməməsini təsdiq edən heç bir sənəd iş materiallarına əlavə olunmamışdır. Bundan əlavə iş materiallarına əlavə olunmuş elektron portaldan çıxarışlardan məlum olur ki, borclu Şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Metanol Zavodunda qatar tərtibatçısı vəzifəsində çalışır və aylıq əmək haqqı 619.14 manat təşkil edir, həmçinin Şəxs adına əmlak var. Qeyd olunmalıdır ki, 05 iyul 2021-ci il tarixli “icraata başlamaq” haqqında qərar qəbul edildiyi vaxtdan sonra, borclunun əmlakı və iş yeri olduğu halda icra məmuru tərəfindən məcburi icra hərəkətləri həyata keçirilməmiş, bunu pərdələmək məqsədi ilə formal olaraq protokol tərtib olunub məhkəməyə göndərilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar