Məhkəmə qərarları › İş №3(011)-3/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X5 iştirakı ilə, X1 Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 23.30-da baş verməsinə baxmayaraq DYP müfəttişi tərəfindən xx.xx.2024-cü il tarix saat 23.50 radələrində protokol şəklində tərtib edilərək qeydiyyata alınmaqla ona məxsus olan “HARLEY DAVİDSON XL 883” MOTOSİKL modelli 99-G-501 dövlət nömrə nişanlı, nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Xətai rayonu Radiozavod adlanan ərazidə qəfil sonradan bildiyi Xətai rayon DYPŞ Yol patrul xidmətinin əməkdaşları nəqliyyat vasitəsinə saxlama əmri verərək onu dayandırmışlar. Polis müfəttişi ondan nəqliyyat vasitəsinin sənədlərini istəmişdir. Onun gözlərinin qırmızı olması ilə bağlı spirtli içki qəbul etməsindən şübhələnib dövlət tərəfindən təhkim olunmayan alkoqol testini verməyi üçün gətirdikdə, o, onlardan dövlət tərəfindən təhkim olunmuş alkoqol testi gətirmələrini tələb etmişdir. Gətirdikləri alkoqol testinin sertifikatını istədikdə isə onlar təqdim edə bilməmişlər. Gözlərinin qırmızı olmasının səbəbi isə həmin gün gözündən əməliyyat olması idi. Onun gözünün qızarmasının səbəbini gözü ilə bağlı əməliyyat keçirtməyi ilə əlaqəli olduğunu bildirməsinə rəğmən, Xətai rayon DYPŞ Yol patrul xidməti inspektoru polis baş serjantı X6 buna məhəl qoymayaraq şöbəyə gəlməsini və onu sərxoşluğun tibbi müayinəsindən keçməsini bildirmişdir. Polis baş serjantının bu tələbi qanunsuz olsa da, o, tələblə razılaşmaq məcburiyyətində qalaraq onlarla birlikdə müvəqqəti şöbəyə getmişdir. Ona ərizə yazdırmış və ərizədə də spirtli içki qəbul etmədiyini bildirmişdir. Şöbəyə getdikdən sonra o, sərxoşluqla bağlı tibbi müayinədən keçməyə nə vaxt gedəcəklərini soruşanda ona “müayinəyə ehtiyac olmadı, gördük ki, başa düşən insansan özümüz həll edərik” dedilər. O isə məcburiyyət qarşısında qalaraq evə gəlmişdir. 4 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə o, avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsini götürmək üçün şöbəyə getmişdir. 6-cı otaqda Rafael adlı şəxs onu 2 il müddətinə sürücülük hüququndan məhrum etməklə hədələyərək 1000 manat pul ödəməsini tələb etmişdir. Ardınca o, ona yenidən hadisə vaxtı içkili olmadığını, onu müayinədən keçirtmədiklərini və hadisə zamanı barəsində inzibati tənbehvermə qərarının qəbul olunmamasını bildirmişdir. Barəsində tərtib olunmuş protokolun qanunsuz və əsassız olduğunu bildirdikdə ona “sən içkili olmusan, Xətai rayon DYPŞ Yol patrul xidməti inspektoru polis baş serjantı X6 da səni saxlayıb” deyilmişdir. Lakin içkili olmasını əsaslandırıb sübut edə bilməmişlər. Ona hədə-qorxu gələrək onun sənədini məhkəməyə göndərəcəyini dediyində, o, qərarı götürüb ondan şikayət edəcəyini bildirmişdir. Ən sonda ona 400 manat inzibati cərimə yazaraq onu ödəməsini tələb etmişlər. Hal-hazırda da qərardan şikayət vermək məcburiyyətində qalmışdır. Polis X2 barəsində tərtib etdiyi inzibati tənbehvermə haqqında qərarı əsassızdır. Qeyd edilənlərə əsasən Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 ərizənin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bu səbəbdən də həmin qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs əlavə olaraq bildirmişdir ki, hadisə baş verərkən üzərində **********0 saylı mobil nömrə olmuşdur. Həmçinin bildirmişdir ki, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldakı onun adından aparılmış qeydlər və imzalar ona məxsus deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 “HARLEY DAVİDSON XL883” motosikl markalı 99-G-501 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 23:50-də Ramiz Quliyev küçəsində hərəkətdə olarkən motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etmə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə müəyyən edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.2 və 333.1-ci maddələri ilə inzibati xəta törətdiyinə görə barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2025-ci il tarixli, 3-16-16/2-4/1937 nömrəli məktubundan görünür ki, 3(011)-3696/2024 nömrəli iş üzrə 16 noyabr 2024-cü il tarixdə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır. Tədqiq olunan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək üçün protokolun əslinin və X5 3-5 sənəddə əlavə sərbəst xətt və imza nümunələri və 5-7 vərəqdə eksperimental xətt nümunələrinin təqdim olunması barədə 12 dekabr 2024-cü il tarixdə ekspert vəsatəti verilmişdir. 28 dekabr 2024-cü il tarixində yenidən tədqiq olunan sənədin kserosurəti və X5 yalnız eksperimental xətt və imza nümunələri təqdim olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-3696/2024 saylı qərarı ilə X5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin məlumatları "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubu iləməhkəməyə göndərilmişdir. xx.xx.2024 23:34:4-də **********0 saylı mobil nömrənin anten məlumatları Bakı şəhəri, 8-ci mkr, Şirin Mirzəyev küç 58, Nizami TKQ, ATS 323/Nizami/ ərazisini göstərir. 03 avqust 2024-cü il tarixə isə həmin mobil telefonu sonuncu dəfə 21:04-də UBBK5815B/UBBK5815 GARAJ_PRFLKT/Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmova küçəsi 22 nömrəli qarajın üstü/Khatai/ (40.384xx/xx.96161) ünvanında göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, X5 barəsində qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hadisə xx.xx.2024-cü il tarixində 23:50-də baş vermiş olsa da, müvafiq qərar hansı səbəbdən xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Həmçinin şəxsin barəsində əldə edilmiş anten məlumatları nəzərə alınmaqla iş üzrə yenidən araşdırma aparılması zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 şikayəti təmin edilməli, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti qismən təmin edilsin. Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və şəxsin iştirakının təmin edilərək müvafiq araşdırma aparılması üçün iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar