Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3009/2022 24.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, “İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı”nın Azərbaycan Respublikasındakı Filialının direktoru Akan Kozhbanov və tərcüməçi X1 iştirakı ilə Hüquqi şəxs “İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı”nın Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, “İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı”nın Azərbaycan Respublikasındakı Filialı 219837.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından 29 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 219837.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Bununla bağlı 14 iyul 2022-ci il tarixli EP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında “İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı”nın Azərbaycan Respublikasındakı Filialının direktoru Akan Kozhbanov protokola etiraz edərək göstərmişdir ki, Filialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata göstərilən səbəblərdən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın yaranması əsası ondan ibarətdir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmasın. Bu mənada əgər müəyyən edilmiş müddətdə mallar idxal edilmişdirsə, işlər görülmüşdürsə, xidmətlər göstərilmişdirsə və ya ödənilmiş valyuta vəsaiti geri qaytarılmışdırsa, inzibati xətanın törədilməsi istisna olunur. Filialın köçürdüyü vəsaitin müqabilində malların ölkəyə idxal edilməsi və ya xidmətlərin göstərilməsi AR MB tərəfindən, ümumiyyətlə araşdırılmamışdır. Malların idxalını, o cümlədən işlərin (xidmətlərin) göstərilməsini təsdiq edən sənədin banka təqdim edilməməsinə gəldikdə isə, bu hal, ümumiyyətlə, inzibati xəta tərkibi yaratmır və buna görə şəxsin (hüquqi/fiziki) inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Filial AR MB (Səlahiyyətli orqan) tərəfindən nə onun barəsində tərtib edilmiş protokolla, nə də digər müvafiq sənədlərlə tanış edilməmişdir. Digər tərəfdən həmin sənədlər (protokol, qərar və s.) rəsmi qaydada onun səlahiyyətli nümayəndəsinə təqdim olunmamışdır. Belə olan halda, səlahiyyətli orqan heç bir əsas olmadan, yalnız öz mülahizəsinə əsaslanaraq, Filial barəsində qanunsuz olaraq protokol tərtib etmişdir. Halbuki İXM-nin 48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bundan əlavə, İXM-nin 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. İXM-nin 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Səlahiyyət orqan tərəfindən, Filial barəsində protokol tərtib edilmişdirsə, əvvəlcə protokol ona təqdim olunmalı (göndərilməli) idi. Buna uyğun olaraq Filialın inzibati icraatda iştirak etmək hüququ var idi. Lakin inzibati xəta haqqında işə baxılmanın yeri, vaxtı barədə Filiala məlumat (bildiriş) verilməmiş, nəticədə Filial İXMnin 52-ci və 61.1-ci maddəsində ifadə olunan bütün prosessual hüquqlarından (izahat, vəsatət və etirazlar vermək, sübutlar təqdim etmək və s.) məhrum olmuşdur. Beləliklə, X6 barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında Protokol tərtib edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, həmçinin AR MB-nin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Bu isə Protokolun ləğv edilməsinə və Filial barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə birbaşa əsas yaratmışdır. 2020-ci ilin əvvəlindən bütün dünyada başlamış pandemiya (COVİD-19) bütün kommersiya subyektlərinin fəaliyyətində ağır çətinliklər yaratmışdır, ağır maliyyə vəziyyəti yaratmışdır. İş materiallarından da göründüyü kimi, pul vəsaiti alqı-satqı müqaviləsi üzrə icraçının (satıcının) xaricdə olan bank hesabına pandemiyanın əvvəllərində köçürülmüşdür. Lakin dünyada yaranmış pandemiya vəziyyəti icraçının müqavilə üzrə öhdəliklərini obyektiv səbəbdən icra etməməsi ilə nəticələnmişdir və icraçı (satıcı) öhdəliklərini vaxtında icra edə bilməməsi barədə Filialı qabaqcadan rəsmi qaydada məlumatlandırmışdır. Dolayısı ilə, Filial da sifariş etdiyi malları müqavilə üzrə müəyyən edilmiş vaxtda əldə edə bilməmişdir. Sonradan, Filial və icraçı (satıcı) qarşılıqlı razılaşma əsasında icraçının (satıcının) müqavilə üzrə öhdəliklərini üçüncü şəxsə ötürülməsi barədə müqavilə bağlamışlar. Bundan səbəb, qarşı tərəfin iradəsindən kənar baş vermiş hallardan (COVİD-19 pandemiyası) öhdəliklərini icra edə bilməməsidir. Göründüyü kimi, Filial yaranmış vəziyyətin qanunvericiliyə uyğun formada həll olunması üçün bütün mümkün vasitələrdən istifadə etmişdir. Lakin, Filialın iradəsindən kənar qaydada baş vermiş hallara görə mallar Azərbaycan Respublikasının ərazisinə müəyyən edilmiş vaxtda gətirilə bilməmişdir. İXM-nin 2.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Müqavilə üzrə mallar artıq Azərbaycan Respublikasının ərazisinə idxal edilmiş və idxal bəyannaməsi alınmışdır. Mərkəzi Bankının xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.1. bəndinə əsasən, ödəniş malların idxalı ilə əlaqədar olduqda banka idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və idxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesabfaktura və ya digər sənədlər, həmçinin malların idxalını təsdiq edən gömrük bəyannaməsinin əsli (və ya rezident və qeyri-rezident fiziki şəxslərin kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallarla bağlı X2 aktlarında nəzərdə tutulmuş müşayiətedici sənəd) təqdim edilir (bəyannamə elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir). Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının xx.xx.2022-ci il, RR/22-201 saylı təsdiqedici məktubundan görünür ki, həqiqətən də 1788 ton dəmiryol relsi hal-hazırda ölkə ərazisindədir. Filial hal-hazırda sifarişçisi Azərbaycan Dəmir Yolları QSC olan mühüm dövlət əhəmiyyətli “Yalama-Rusiya Federsiyası sərhədi, Sumqayıt Dəmir Yol xətti LOT 1 və LOT 2” layihəsinin baş podratçısıdır. AR MB-in qanunvericiliyin tələblərini pozaraq tətib edilmiş protokol əsasında Filialın inzibati məsuliyyətə cəlb olunması COVİD-19 pandemiyasından sonra yaranmış neqativ vəziyyətdən əziyyət çəkən Filialın iqtisadi vəziyyətini daha da ağırlaşdıra bilər və bu da öz növbəsində qeyd edilən mühüm dövlət əhəmiyyətli layihənin icrasında çətinliklər yaradar, yüzlərlə iş yerinin ixtisarı ilə nəticələnə bilər. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, “İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı”nın Azərbaycan Respublikasındakı Filialı tərəfindən "Lea Gemicilik ve Tasımacılık Limited" şirkətinə 10 iyul 2020-ci il tarixində 219837.00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. LGTL-29062020 saylı xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı "Lea Gemicilik ve Tasımacılık Limited" şirkəti ilə sifarişçi “İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı”nın Azərbaycan Respublikasındakı Filialı arasında malların daşınması xidmətinin həyata keçirilməsi üçün müqavilə bağlanmışdır. “Handan Yongyang İmp. Exp. Co., LTD” tərəfindən “İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı”nın Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış olan məktubun tərcüməsindən görünür ki, yüksək səviyyədə yoluxma ilə əlaqədar, yerli hökümətimiz bütün yüksək çirkləndirici zavodların (o cümlədən polad istehsalı zavodu, kərpic istehsalı zavodu və kimyəvi zavod və.s) istehsalı dərhal dayandırmaları əmr edilmişdir. İstehsalı həyata keçirə bilmədikləri səbəbindən ilkin ödənişin geri qaytarılması qərara alınmışdır. xx.xx.2021-ci il tarixli razılaşma hüquq və öhdəliklərin ötürülməsi haqqında müqavilənin surətindən görünür ki, daşıyıcı "Lea Gemicilik ve Tasımacılık Limited" şirkəti, təchizatçı “NRZ X3 Dış Ticaret Limited” Şirketi və “İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı”nın Azərbaycan Respublikasındakı Filialı arasında müqavilə bağlanmış və LGTL-29062020 saylı xx.xx.2020-ci il tarixli daşıma xidmətləri üzrə alıcı və daşıyıcı arasında bağlanmış müqavilələr üzrə bütün hüquq və öhdəlikləri daşıyıcı təchizatçıya ötürmüşdür. **********1626 saylı qısa idxal bəyannaməsinin surətindən görünür ki, “İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı”nın Azərbaycan Respublikasındakı Filialının ünvanına “NRZ X3 Dış Ticaret Limited” Şirketi tərəfindən 1746876.00 ABŞ dolları müqabilində 1788 ton dəmiryol reysleri xx.xx.2022-ci il tarixdə ölkə ərazisinə çatmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli RR/22-201 nömrəli məlumatından görünür ki, 17 iyul 2022-ci il tarixdə gəmi vasitəsilə gətirilmiş 1788 ton Railvay Rails yükü hal-hazırda liman ərazisindədir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X4 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetirildi ki, “İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı”nın Azərbaycan Respublikasındakı Filialı 219837.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC vasitəsilə 29 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və həmin vəsait hesabına alınan 1788 ton dəmiryol reysleri xx.xx.2022-ci il tarixdə ölkəyə idxal etmişdir. Lakin gecikmə “İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı”nın Azərbaycan Respublikasındakı Filialından asılı olmayan səbəbdən, istehsalçı zavodların COVİD-19 virusu ilə əlaqədar istehsalı dərhal dayandırmaları səbəbindən olmuşdur. Daha sonra xx.xx.2021-ci il tarixli razılaşma hüquq və öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən LGTL-29062020 saylı xx.xx.2020-ci il tarixli daşıma xidmətləri üzrə bütün hüquq və öhdəlikləri “NRZ X3 Dış Ticaret Limited” Şirketi öz öhdəsinə götürmüş və mallar ölkə ərazisinə çatmışdır. Yuxarıda göstərilənlərə əsasən hüquqi şəxsin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs “İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı”nın Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3009/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3009/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver