Məhkəmə qərarları › İş №3(011)-3009/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3009/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3009/2024 18.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, zərərçəkmiş şəxs X5, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhər Xətai RPİ-nin 36-cı PŞ müəyyən etmişdir ki, Şəxs 09 iyul 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən kafedə X6 məxsus “Shvaki” markalı televizoru talayaraq zərərçəkmiş şəxsə ziyan vurmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN ******* nömrəli protokol tərtib olunmuş və toplanmış material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında ünvan 2 ünvanında yerləşən kafedə X6 məxsus “Shvaki” markalı televizoru talayaraq oğurladığını etiraf etmişdir. Daha sonra isə həmin televizoru geri qaytarmışdır. Ehtiyac səbəbindən oğurluq etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X3 rayonu Cavanşir küçəsi, 234 ünvanında yerləşən kafedə özünə məxsus “Shvaki” markalı televizorun 09 iyul 2024-cü il tarixdə oğurlanmasını, televizorun qiymətinin 500-600 manat dəyərində olmasını, daha sonra televizorun ona geri qaytarılmasını və kafeyə daxil olan zaman ona təxmini 80-90 manat zərər dəyməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhər Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı, polis kapitanı X4 13 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından məlum olur ki, təhqiqatçı heç bir araşdırma aparmadan və heç bir ekspertiza rəyinə istinad etmədən fakt üzrə cinayət işinin başlanmasını rədd etmişdir. Qərardan şikayət vermə müddətini gözləmədən əmələ inzibati qaydada qiymət verilməsi üçün materialı tələsik aidiyyatı üzrə göndərmişdir. İnzibati tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:00-da tutulmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialı araşdıraraq belə hesab edir ki, Şəxs tərəfindən törədilmiş əməldə cinayət əlamətləri olduğundan materiallar Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilməlidir. Belə ki, iş materiallarında olan raportdan və izahatlardan, məlum olur ki, televizorun qiymətinin müəyyənləşdirmək üçün ekspertiza təyin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1ci bəndinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeydinə əsasən Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə (Materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına verilməsi) əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materialların prokurora, təhqiqat və ya istintaq orqanına göndərilməsinə dair qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində 18 iyul 2024-cü il tarixli protokol əsasında tətbiq edilmiş tutma nəzərə alınmalı və o, dərhal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən həbsdən azad edilməlidir. X5 izahatından da göründüyü kimi ona vurulmuş zərər 100 manatdan yuxarı olmuşdur. Şəxs əməlinə hüquqi qiymət verilərkən nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs ilkin olaraq binaya daxil olaraq 100 manatdan yuxarı əşya oğurlaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətlərini yaradır. Şəxsin oğurladığı əşyanı qaytarması isə onun əməlini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala xitam verilməli, barəsində inzibati xəta haqqında işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildiyindən materiallar Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 , 85, 114.2.3, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs həbsdən dərhal azad edilsin. Barəsində inzibati icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildiyindən materiallar Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti və protesti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar