Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-301/2024 12.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 16 yanvar 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24282.20 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 23 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 24282.20 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Rusiya Federasiyasının hüquqi şəxsi olan "xxxx" MMC-nin nümayəndəsi tərəfindən 03 dekabr 2021-cı il tarixdə Şəxs MMC-yə əməkdaşlıqla bağlı təklif göndərmiş, telefon vasitəsilə aparılan danışıqlar nəticəsində əməkdaşlığın şərtləri barədə razılıq əldə edilmiş və 13 dekabr 2021-ci il tarixində aralarında VGO-2922 № 1 müqavilə bağlanmışdır. Həmçinin, 13 dekabr 2021-ci il tarixli, VGO-2922 nömrəli müqavilə əsasında eyni tarixdə malların kəmiyyət və keyfiyyəti, çatdırılması və sairə ilə bağlı şərtlərin razılaşdırıldığı 1 və 2 nömrəli spesifikasiyalar da imzalanmışdır. Bağlanmış müqavilə və spesifikasiyalar əsasında alınacaq mallar üçün 23 dekabr 2021-ci il tarixdə ayrıayrılıqda olmaqla 24282,2 ABŞ dolları məbləğində və 242691 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" MMC-nin Rusiya Federasiyasında olan “RAİFFEİSENBANK” Səhmdar Cəmiyyətindəki ******************** nömrəli hesablaşma hesabına köçürülmüşdür. Lakin qeyd edilən pul vəsaitinin köçürülməsindən xeyli müddət vaxt keçməsinə baxmayaraq "xxxx" MMC tərəfindən malların göndərilməsinin əsassız bəhanələrlə gecikdirilməsi səbəbindən Şəxs MMC araşdırma aparmağa başlamışdır. Nəticədə məlum olmuşdur ki, onlarla əməkdaşlıq etmək üçün əlaqə yaradan, müqavilə bağlayan və pulu alan əslində "xxxx" MMC olmamışdır. Onlara məlum olmayan şəxslər "xxxx" MMC-nin adından və internet saytından istifadə etməklə Şəxs MMC-ni aldadaraq külli miqdarda pul vəsaitlərini mənimsəmişdir. "xxxx" MMC ilə də əlaqə yaradılsa da həmin şirkət onlarla hər hansı müqaviləsinin olmadığını və ümumiyyətlə RAİFFEİSENBANK” Səhmdar Cəmiyyətində hesablaşma hesablarının olmadığını bildirmişdir. Nəticədə saxtakarlıq və dələduzluq yolu ilə "xxxx" MMC-nin adından istifadə etməklə onlarla danışıqlar aparan şəxslər Şəxs MMC-nin pul vəsaitlərini ələ keçirmişlər ki, bunun da nəticəsində cəmiyyətə külli miqdarda ziyan dəymişdir. Odur ki o, göstərilənlərə əsasən inzibati xəta hadisəsinin onların təqsiri ucbatından baş vermədiyini bildirərək barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 dekabr 2021-ci il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 24282.20 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 23 dekabr 2021-ci il tarixində "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür; "xxxx" ASC-nin 26 dekabr 2023-cü il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər banka təqdim edilməmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X4 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 16 yanvar 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs 24282.20 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 23 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 24282.20 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; Şəxs MMC ilə “Aston” Səhmdar Cəmiyyəti arasında bağlanmış 13 dekabr 2021-ci il tarixli VGO-2922 nömrəli müqaviləyə əlavədən görünür ki, “Aston” Səhmdar Cəmiyyəti 24282.20 ABŞ dolları məbləğində vəsait qarşılığında müəyyən miqdarda qida məhsulunu hüquqi şəxsə satmaq öhdəliyini öz üzərinə götürmüşdür; “Aston” Səhmdar Cəmiyyəti tərəfindən Şəxs MMC-nin ünvanına göndərilmiş xx.xx.2022ci il tarixli məktubun məzmunundan aydın olur ki, texniki səbəblərdən hüquqi şəxsə sifarişin yerinə yetirilməsinin və günəbaxan yağının ünvanlarına göndərilməsinin mümkün olmaması, istehsalatın buraxılışının 28 yanvar 2022-ci il tarixə planlaşdırılması barədə məlumat verilmiş, həmçinin, tərəflərindən pul vəsaitinin ilk tələblərinə əsasən geri qaytarılacağına zəmanət verilmişdir; “Aston” Səhmdar Cəmiyyəti tərəfindən Şəxs MMC-nin ünvanına göndərilmiş xx.xx.2022ci il tarixli məktubun məzmunundan aydın olur ki, istehsalat xəttində baş vermiş texniki nasazlıqlar səbəbindən hazırlanmış günəbaxan yağının ГОСТ 1129-2013 standartlarına uyğun olmaması və bu səbəbdən VGO-2922 nömrəli müqaviləyə əlavəyə əsasən razılaşdırılmış xx.xx.2022-ci il tarixdə malın göndərilməsinin mümkün olmaması barədə hüquqi şəxsə məlumat verilmişdir; Şəxs MMC tərəfindən Rusiya Federasiyasının Baş Prokurorluğuna ünvanlanmış şikayət ərizəsinin surətindən görünür ki, Şəxs MMC-yə qarşı "xxxx" MMC tərəfindən törədilmiş dələduzluq cinayəti barədə Rusiya Federasiyasının Baş Prokurorluğuna məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X5 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 16 yanvar 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli protokolda hüquqi şəxs Şəxs 24282.20 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 23 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 24282.20 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitin xaricdən geri qaytarılmaması qeyd edilmişdir. Bank tərəfindən verilmiş 23 dekabr 2021-ci il tarixli köçürmə ərizəsində hüquqi şəxs Şəxs 24282.20 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaitini ödəniş tapşırığına əsasən Bankda olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs tərəfindən “Aston” Səhmdar Cəmiyyətinin ünvanına müxtəlif tarixlərdə göndərilmiş sorğu məktublarına cavab olaraq daxil olmuş xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublarda texniki səbəblərdən hüquqi şəxsə sifarişin yerinə yetirilməsinin və günəbaxan yağının ünvanlarına göndərilməsinin mümkün olmaması, istehsalatın buraxılışının 28 yanvar 2022-ci il tarixə, daha sonra isə 15 fevral 2022-ci il tarixə planlaşdırılması qeyd edilmişdir. Daha sonra Şəxs MMC tərəfindən Azərbaycan Respublikasından kənara köçürülmüş 24282.20 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınan mallar uzun müddət ərzində ölkəyə idxal edilmədiyindən və köçürülmüş məbləğ geri qaytarılmadığından Rusiya Federasiyasının Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət olunmuşdur. Həmin müraciətdə qeyd edilmişdir ki, “Aston” Səhmdar Cəmiyyəti 24282.20 ABŞ dolları məbləğində vəsait qarşılığında müəyyən miqdarda qida məhsulunu hüquqi şəxsə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Bağlanmış müqavilə və spesifikasiyalar əsasında alınacaq mallar üçün 23 dekabr 2021-ci il tarixdə ayrı-ayrılıqda olmaqla 24282,2 ABŞ dolları məbləğində və 242691 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" MMC-nin Rusiya Federasiyasında olan “RAİFFEİSENBANK” Səhmdar Cəmiyyətindəki ******************** nömrəli hesablaşma hesabına köçürülmüşdür. Lakin qeyd edilən pul vəsaitinin köçürülməsindən xeyli müddət vaxt keçməsinə baxmayaraq "xxxx" MMC tərəfindən malların göndərilməsinin əsassız bəhanələrlə gecikdirilməsi səbəbindən Şəxs MMC araşdırma aparmağa başlamış və nəticədə məlum olmuşdur ki, onlarla əməkdaşlıq etmək üçün əlaqə yaradan, müqavilə bağlayan və pulu alan əslində "xxxx" MMC olmamışdır. Onlara məlum olmayan şəxslər "xxxx" MMC-nin adından və internet saytından istifadə etməklə Şəxs MMC-ni aldadaraq külli miqdarda pul vəsaitini mənimsəmişlər. Bununla da, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan məktubların məzmunundan aydın olduğu kimi malın idxal edilməməsi və ölkə xaricinə göndərilən pulun geri qaytarılmaması hüquqi şəxsdən asılı olmayan səbəblərdən, yəni onun təqsiri olmadan baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli Qərarından görünür ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 24282.20 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 23 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara köçürdüyünü, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq ondan asılı olmayan səbəblərdən, yəni ixracatçı şirkətin təqsiri ucbatından 24282.20 ABŞ dolları dəyərindəki malların ölkəyə idxal edilmədiyini, bu halın iş materiallarında olan məktublarla da öz təsdiqini tapmasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-301/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-301/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver