Məhkəmə qərarları › İş №3(011)-3017/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3017/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3017/2023 28.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzli Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs X4, səlahiyyətli orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 iştirakları ilə, hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "xxxx" MMC-nin barəsində tərtib edilmiş 01 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında menyunun qanunvericiliyin tələblərinə uyğunlaşdırılması haqqında Dövlət Xidmətinin qanuni yazılı tələbləri yerinə yetirilməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X8 izahatında hüquqlarını təmsil etdiyi hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, "xxxx" MMCnin hüquqi ünvanının ünvan 2masına baxmayaraq səlahiyyətli orqan tərəfindən göstəriş hüquqi şəxsə məxsus olmayan 28 Mall ticarət mərkəzinə göndərildiyindən onların həmin göstərişdən məlumatları olmamışdır. Həmçinin, əvvəllər də başqa iş üzrə səlahiyyətli orqan tərəfindən eyni qaydada hüquqi şəxsə aid olmayan ünvanlara məktublar göndərilmiş və yalnız onların özləri telefonla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxlayaraq maraqlandıqdan sonra həmin məktublardan xəbərləri olmuş və cavab göndərilmişdir. Habelə, səlahiyyətli orqan tərəfindən iş materiallarına əlavə edilmiş göstərişin xəbərnaməyə “İbrahimov Şahin” adlı şəxs tərəfindən imza edilməklə qəbul edilməsi göstərilsə də, "xxxx" MMC-nin helə bir işçisi yoxdur. Beləliklə, göstərilənlərə əsasən o, inzibati xətanın baş verməsində heç bir təqsirlərinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 20.03 2023-cü il və 10 aprel 2023-cü il tarixlərdə Park Bulvar və 28 Mall ticarət obyektlərində yerləşən “Pakdad” restoranlarında menyu düzgün tərtib olunmamış və qiymətlər arasında fərq olmuş, bununla bağlı vətəndaşlardan müxtəlif şikayətlər daxil olmuş və həmin restoranın tərkibinə daxil olduğu "xxxx" MMC-nin istehlakçılara təqdim olunan menyunun 1 (bir) nüsxəsinin, iaşə məhsullarının qiymətini özündə əks etdirən monitorun fotoşəklinin və vətəndaş B.Musayevə təqdim olunan hesabın surətinin təqdim olunması, həmçinin vətəndaşların müraciətlərində göstərdikləri məsələlər barədə məlumat verilməsi xahiş olunmuşdur. Lakin hüquqi şəxs tələb olunan sənədlər onlara təqdim olunmamışdır. Həmçinin, hüquqi şəxsin nümayəndəsi MMC-nin hüquqi ünvanının ünvan 2duğunu bildirsə də, tərəflərindən menyunun qanunvericiliyin tələblərinə uyğunlaşdırılması haqqında xx.xx.2023-cü il tarixli göstəriş də "xxxx" MMC-yə məxsus “28 Mall” ticarət mərkəzində yerləşən “Pakdad” restoranına göndərilmiş və xəbərnaməyə imza edilməklə tərəflərindən qəbul edilmişdir, həmin xəbərnamə iş materiallarında mövcuddur. Bundan başqa, əvvəllər də başqa iş üzrə həmin ünvana məktub göndərilmiş və "xxxx" MMC-nin direktoru Aytən Məmmədova tərəfindən onlara müvafiq cavab göndərilmişdir. Odur ki, göstərilənlərə əsasən o, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 inzibati xəta haqqında protokolu tərtib edən Babək Məmmədlinin izahatında göstərdiyi xüsusatları təsdiqləyərək onunla eyni məzmunlu izahat vermiş və hüquqi şəxsin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsləhətçisi X9 tərəfindən tərtib edilmiş 01 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında menyunun qanunvericiliyin tələblərinə uyğunlaşdırılması haqqında Dövlət Xidmətinin qanuni yazılı tələbləri yerinə yetirilməmişdir. Bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 06 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 43, “28 Mall” Ticarət Mərkəzinə, "xxxx" MMC-nin rəhbərliyinə göstəriş göndərərək, tələb etmişlər ki, "xxxx" MMC “Park Bulvar” və ”28 Mall” ticarət mərkəzlərində yerləşən onlara məxsus “Pakdad” restoranlarında müştərilərə təqdim olunan menyuların qanunvericiliyin tələblərinə uyğun tərtib olunması ilə bağlı tədbirlər görsün, nəticəsi barədə məlumatı və qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş menyuların surətlərini 7 (yeddi) iş günü müddətində Dövlət Xidmətinə təqdim etsin. İş materiallarında olan xəbərnamədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 43, “28 Mall” Ticarət Mərkəzinə göndərilmiş göstəriş xx.xx.2023-cü il tarixdə “İbrahimov Şahin” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış istehlakçıların hüquqlarının pozulmasının aradan qaldırılması barədə tələblərin yerinə yetirilməməsinə dair 25 iyul 2023-cü il tarixli məktubdan görünür ki, hüquqi şəxsə xx.xx.2023-cü il tarixdə saat 12:00-13:00-dək protokolun tərtibində səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 02 avqust 2023-cü il tarixli məktubdan görünür ki, hüquqi şəxsi ünvanına barələrində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tərtib olunmuş 01 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surəti göndərilmişdir. "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, "xxxx" MMC-də X6 adlı şəxs işləmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışından görünür ki, "xxxx" MMC-nin VÖEN-i **********, hüquqi ünvanı AZ1016, Bakı şəhəri, Xətai rayonu, Əhmədli ŞTQ, General Şıxlinski küçəsi, ev 47, mənzil 81-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 544.2-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin çıxışlarını, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərinin yerinə yetirilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, ilkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə göstəriş göndərərək “Park Bulvar” və ”28 Mall” ticarət mərkəzlərində yerləşən onlara məxsus “Pakdad” restoranlarında müştərilərə təqdim olunan menyuların qanunvericiliyin tələblərinə uyğun tərtib olunması ilə bağlı tədbirlər görülməsi, nəticəsi barədə məlumatın və qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş menyuların surətlərinin 7 (yeddi) iş günü müddətində təqdim olunması xahiş edilsə də, həmin göstəriş məktubu "xxxx" MMC-nin rəhbərliyinə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 43, “28 Mall” Ticarət Mərkəzinə göndərilmişdir. Halbuki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı və faktiki fəaliyyət göstərdikləri yer AZ1016, Bakı şəhəri, Xətai rayonu, Əhmədli ŞTQ, General Şıxlinski küçəsi, ev 47, mənzil 81-dir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsləhətçisi X9 tərəfindən protokol tərtib edərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati xətanın xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında törədilməsi qeyd edilmişdir. Səlahiyyətli orqan tərəfindən inzibati xətanın Xətai rayonu, Əhmədli ŞTQ, Gen. Şıxlinski, ev 47, mənzil 81 ünvanında törədilməsi qəbul edilsə də, göstərişi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 43, “28 Mall” Ticarət Mərkəzinə göndərməsi anlaşılan deyil. Bundan başqa, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Babək Məmmədli tərəflərindən menyunun qanunvericiliyin tələblərinə uyğunlaşdırılması haqqında xx.xx.2023-cü il tarixli göstərişin "xxxx" MMC-nin “28 Mall” ticarət mərkəzində yerləşən rəhbərliyinin fəaliyyət göstərdiyi ünvanına göndərildiyini və həmin göstərişin xəbərnaməyə imza edilməklə xx.xx.2023-cü il tarixdə “İbrahimov Şahin” soyadlı şəxs tərəfindən qəbul edilməsini bildirsə də, hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş çıxarışda "xxxx" MMC-də X3 çalışmadığı qeyd edilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli orqanın sorğu məktublarını qəbul etməsi öz təsdiqini tapmamış və səlahiyyətli orqan tərəfindən də bunun əksini göstərən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə. QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar