Məhkəmə qərarları › İş №3(011)-3018/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3018/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3018/2025 05.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin 27 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində (16 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında) AR İXM-nin 394.0.7-ci maddəsinə əsasən 500 (beş yüz) manat cərimə olunmasına dair 27 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq edilməsinə dair qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında qərarla razı deyil və həmin qərardan məhkəməyə şikayət edir. Qərarda göstərildiyi kimi, guya o 1256 nömrəli qərarın icrasını təmin etməmişdir. Lakin bu iddia əsassızdır, çünki qeyd olunan inzibati pozuntu baş verməmişdir və o həmin qərardan xəbərsiz olmuşdur, heç bir qərar almamışdır, və tikinti zamanı heç bir təhlükəsizlik qaydalarını pozmamışdır. Qərarın qəbul edilməsi zamanı işin halları tam araşdırılmamış, onun izahatı alınmamış və obyektivlik prinsipi pozulmuşdur. Bu isə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş hüquqlarının pozulması deməkdir. Tikinti onun çıxarışı olan, yaşayış təyinatlı torpaq sahəsində aparılıb. Tikinti Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi portalında qeydiyyatdan keçmişdir. Onun 18 yaşlı qızı X5 autizm diaqnozu ilə ikinci dərəcəli əlildir, o daim evdə oppanır, cürbəcür səslər çıxarır. Qonşuları narahat etdiklərinə görə daim sıxıntı yaşayırlar. Uzun müddətdir pul yığırlar ki, özlərinə fərdi ev tiksinlər, rahat yaşasınlar. Odur ki, MN ******* saylı 27 yanvar 2025-ci il tarixli inzibati qərarın ləğv edilməsini və barəsində tətbiq olunmuş məsuliyyətin götürülməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 etibarnamə üzrə nümayəndəsi X7 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatınlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin rəis müavini X4 tərəfindən tərtib edilmiş 27 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində inşa olunan fərdi yaşayış sahəsində işlərin dayandırılması ilə bağlı Agentlik tərəfindən verilmiş 28 dekabr 2024-cü il tarixli, 1265 nömrəli qərara əməl olunmadığına görə X6 barəsində Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 500 (beş yüz) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 394.0.7-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulmasına, yəni tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, şəxsin istənilən növ hüquqi məsuliyyətə cəlb edilməsinin əsası kimi məhz onun təqsirli olaraq törətdiyi qanun pozuntusu çıxış edir. Həmçinin İnzibati məsuliyyətə cəlb edilməsi də şəxsin inzibati xətalar məcəlləsi ilə nəzərdə tutulmuş əməli təqsirli olaraq pozmasında təzahür edir. Məsuliyyət məsələsinin əsas prinsiplərindən də biri isə məhz şəxsin özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsindən azad olunmasıdır. Şəxsin təqsirli olmasını isə təbii ki, bu məsuliyyətin olmasını iddia edən tərəf əldə etdiyi qanuni sübutlarla təsdiq etməlidir. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tətbiq edilmiş X1 barəsində aparılan inzibati icraatdan, ona məxsus ərazidə aparılan tikinti işləri ilə əlaqədar müvafiq orqanın işlərin dayandırılmasına dair qərarından məlumatı olmamış, sonradan barəsində inzibati tənbeh almasını bilmişdir. Həmçinin məhkəmə səlahiyyətli orqanın aşkar etdiyi pozuntu ilə əlaqədar aparılmış araşdırmanın birtərəfli olmaqla şəxsin qanunla nəzərdə tutulmuş hüquq və mənefeyinə zidd həyata keçirilməsi səbəbindən və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməli olması prinsipindən yanaşılaraq şikayəti əsaslı hesab edir. Məhkəmə hesab edir ki, X1 etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərdiyi hallar şikayət ərizəsinə əlavə olunmuş sənədlərlə, onun məhkəməyə təqdim etdiyi sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar