Məhkəmə qərarları › İş №3(011)-3044/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3044/2021

17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3044/2021 17.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, tələbkar X2 iştirakları ilə xx.xx.1986-cı ildə anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7533/2018 saylı 24.09.2018-ci il tarixli icra vərəqəsinə əsasən 24.08.2017-ci il təvəllüdlü X1 üçün X3 24.08.2018-cı il tarixdən başlayaraq hər ay 154 manat X2 xeyrinə tutulmalıdır. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, borclu X7 onun qanuni tələblərini yerinə yetirməməklə icra sənədinin icrasından yayınmış, 670 manat aliment borcu yaranmışdır. Hal-hazırda 50 manat ödəniş edir. X4 barəsində inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında borclu X7 izahat verərək göstərmişdir ki, hər ay vaxtında alimenti ödəmişdir. Lakin 2 aydır ki, avtomobil qəzası keçirdiyindən işlıyı bilməmiş və bu səbəbdən alimenti ödəyə bilməmişdir. Ambulator müalicə olunur. Hazırda 50 manat ödəniş edir. İcra məmurunun tələblərini yerinə yetirməkdən boyun qaçırmadığını qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X5 izahat verərək göstərmişdir ki, X4 670 manat aliment borcu yaranmışdır. Hal-hazırda 50 manat ödəniş edir. Qalan burcun da ödənilməsini tələb edir. Buna görə də barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan sağlamlığa zərər vurmanın təyini haqqında 574 nömrəli 01.07.2021-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, X7 almış olduğu xəsarətlər – qapalı kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, sağ təpə-ənsə nahiyəsinin əzilmiş yarası, alın sümüyünün ay yerinidəyişən sınığı, İİ boyun fəqərə cisminin xətti sınıq, hər iki qabırğanın sınığı, sağ kürək sümüyünün sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan 13.06.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində olarkən, hərəkətdə olan avtomaşının onu vurması nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun, tələbkarın ifadəsini dinləyib, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı barəsində inzibati icraat aparılan X7 verdiyi bütün izahatlarında öz borcunun olmasını qəbul etməsi, onun ödənilməsindən boyun qaçırmadığı, avtomobil qəzası keçirdiyindən səhhəti ilə əlaqədar işləyə bilmədiyini, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmaması müəyyən edilmişdir. Həmçinin icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda belə X4 icra sənədini üzrsüz səbəblərdən icra etmədiyi barədə hər hansı bir sübut mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. İnzibati xəta haqqında protokolda X4 borcun ödənilməsindən üzrsüz səbəbdən yayınmanı təsdiq edən sübutlar öz əksini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, inzibati işin materialları araşdırılmaqla müəyyən olunur ki, X7 icra sənədi çıxarıldıqdan sonra tələbkara aliment üzrə ödənişlər etmiş, icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırmamış, icra məmurunun qanuni tələblərindən üzrsüz səbəbdən yayınmamışdır və iş üzrə bunun əksini təsdiq edən sübutlar (X4 əlavə gəlirlərinin mövcud olması, borcun ödənilməsinə yönəldilə biləcək əmlakı gizlətməsi, icra məmurunun çağırışlarına gəlməməsi və s.) mövcud deyildir. Bu isə onun qərəzli olaraq icradan boyun qaçırmamasını bir daha sübut edir. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53 və 105-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X7 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar