Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3052/2024 19.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi X1, şikayətçi X3 iştirakları ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının 08 iyul 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vəzifəli şəxs X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində icraatın aparıldığı hüquq norması düzgün tətbiq olunmadığı, habelə əməlində inzibati xəta tərkibi olmadığı üçün (gömrük orqanında məsələ ilə əlaqədar prosedurlar davam etdiyindən) inzibati xəta haqqında 06 iyun 2024-cü il tarixli, EP № ******* saylı protokolun əsasında qəbul edilmiş ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 vermiş olduğu şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X5 06 iyun 2024-cü il tarixdə onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) vəzifəli şəxs kimi inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizi (2511,91 ABŞ dollarının manata olan ekvivalenti ilə 4270,52 manat) məbləğində cərimə etmişdir. O, xx.xx.2021-ci il tarixdə 12133.55 ABŞ dolları məbləğində avans vəsaitini Çin Xalq Respublikasından malların idxalı üçün göndərmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə qalıq məbləğ olan 25120.57 ABŞ dollarını təqdim etmişdir və daha sonra konteynerdə boş yerin qalmamağı üçün istehsalçının stokunda olan məhsullardan əlavə sifariş edib, xx.xx.2022-ci il tarixdə 1824.28 ABŞ dolları məbləği kğçürmüşdür. Prosesin yubanmasına səbəb gömrük bəyannaməsi təqdim edilərkən bəyannamədə qeyd olunan müqavilə tarixi ilə ödəniş tarixlərinin müxtəlifliyi olmuşdur. Belə ki, gömrük orqanı cəmi 39128.5 ABŞ dolları dəyərində olan idxal mallarına görə ilkin olaraq təqdim etdiyi 12183.55 ABŞ dolları, sonradan əlavə olaraq 1824.28 ABŞ dolları ödədiyi vəsaitin bəyannamədə qeyd olunduğunu, qalıq 25120.57 ABŞ dolları ödənişə dair müqavilə tarixinin isə bəyannamədə əksini tapmadığını bildirmiş, yeni müqavilə bağlanılmasını isə həmin müqaviləyə bəyannamədə ("bir müqaviləyə görə bir bəyannamə prinsipi”) istinad olunmayacağı üçün məqbul hesab etməmişdir. Sonradan belə qənaətə gəlmişdir ki, müqaviləyə əlavə yolu ilə həmin ödəniş tarixini bəyannamədə rəsmiləşdirsinlər. Təklifi müsbət qarşılanmadığından hazırda mövcud müqaviləyə (avans ödənişi üzrə) düzəliş edilməsini düşünmüşdür. Bütün bu proseslər idxal malının təqdim edilməməsi üçün obyektiv səbəblərdir. Lakin hesab edir ki, proseslər tamamlandıqdan sonra həmin mallar ölkə ərazisinə daxil olacaq və sahibkarlıq subyekti kimi maraqları təmin olunacaqdır. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X7 verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək Azərbaycan Respublikası Mərkəzi Bankının 08 iyul 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin o, məhkəməyə gömrük bəyannaməsi və bankdan əldə etdiyi çıxarışları təqdim edərək Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş 25120.67 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınmış malların ölkəyə idxal edildiyini bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi X4 şikayətçi X7 tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməsini və barəsində qəbul edilmiş 08 iyul 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X5 tərəfindən tərtib edilmiş 06 iyun 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X7 25120.67 ABŞ dolları məbləğində vəsait 06 may 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 25120.67 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununlada, X7 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X2 tərəfindən tərtib edilmiş 08 iyul 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 25120.67 ABŞ dolları məbləğində vəsait 06 may 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 25120.67 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bu səbəbdən X3 barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 25120.67 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 2512.07 ABŞ dolları məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli, **********7606 saylı gömrük bəyannaməsindən və "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixində xaricə köçürülmüş 25120.67 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X6 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X6 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vəzifəli şəxs X3 25120.67 ABŞ dolları məbləğində vəsaiti 06 may 2022-ci il tarixdə xaricə köçürməsi və 2 il müddət keçsə də, 25120.67 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və bu səbəbdən onun barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 25120.67 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 2512.07 ABŞ dolları məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin şikayətçi X3 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********7606 saylı gömrük bəyannaməsindən və "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixində xaricə köçürülmüş 25120.67 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar 02 il müddət keçmədən ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, X7 barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının 08 iyul 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, icraatda vəzifəli şəxsin iştirakı təmin edilməmiş və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən vəzifəli şəxs X3 25120.67 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti bankda olan hesabından 06 may 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 02 il müddət keçmədən, yəni xx.xx.2022-ci il tarixli, **********7606 saylı gömrük bəyannaməsinə əsasən malların ölkəyə idxal edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 08 iyul 2024cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankının 08 iyul 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3052/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3052/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver