Məhkəmə qərarları › İş №3(011)-3053/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3053/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3053/2024 19.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndələri X6 və X2, şikayətçi "xxxx" QSC-nin baş direktorunun müavini X3 etibarnamə üzrə nümayəndəsi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, "xxxx" QSC-nin baş direktorunun müavini X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin 08 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" QSC-nin baş direktorunun müavini X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏƏSMN yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi "xxxx" QSC-nin baş direktorunun müavini X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, AR ƏƏSMN yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Sözügedən qərarı ilə o, "xxxx" QSC-nin baş direktorunun müavini olaraq (vəzifəli şəxs kimi) bədbəxt hadisənin baş vermə faktının gizlədilməsi və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına (hadisə 09.01.22-ci ildə baş verib) görə AR İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi əsasında 2000 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. AR ƏƏSMN yanında DƏMX Abşeron-Xızı regional şöbəsi barəsində protokol tərtib edərkən və inzibati qərar qəbul edərkən obyektiv araşdırma aparmamış, hadisənin, əməldə təqsirinin və inzibati xəta tərkibinin olub-olmamasına düzgün qiymət verməmiş, qüvvədə olan qanunvericilik normalarını nəzərə almamış, nəticədə barəsində tamamilə qanunsuz qərar qəbul etmişdir. İnzibati orqan qərarını 24 iyun 2024-cü il tarixli, ******* saylı protokol ilə əsaslandırmışdır. Sözügedən protokolda isə qeyd edilir ki, guya tərəfindən ƏMnin 217-ci maddəsinin tələbləri pozulmuş, X4 ilə xx.xx.2022-ci il tarixdə baş vermiş bədbəxt hadisə gizlədilmişdir. Protokolun əsası kimi isə yalnız X1 müraciəti götürülmüşdür. Bildirmək istəyir ki, X4 və "xxxx" QSC arasında əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmış və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddətdə iş yerində həmin şəxslə bağlı hər hansı bədbəxt hadisə baş verməmişdir. Belə ki, hazırkı mübahisəli qərarı qəbul edən orqan hadisənin tarixini xx.xx.2022-ci il olaraq qeyd edir. Həmin gün (xx.xx.2022) həftənin bazar günü və həmin şəxsin istirahət günü olmuşdur. Yəni şəxsin həmin gün iş yerində bədbəxt hadisəyə məruz qalması mümkün deyildir. Həmçinin qeyd edək ki, iş vaxtının uçot tabelinə görə xx.xx.2022-ci il şəxsin istirahət günü, xx.xx.2022-ci il tarixi isə iş günü olmuş və şəxs işdə olmuşdur. Əgər şəxslə bağlı hər hansı bədbəxt hadisə (istər iş yerində, istərsə də istirahət vaxtında) baş vermişdirsə, necə ola bilər ki, şəxs hadisənin növbəti günü işdə olub, öz əmək funkisiylarını icra etsin?!. Eyni zamanda qeyd edilməlidir ki, şəxs iş yerinə hadisə ilə bağlı hər hansı məlumat, xəstəlik kağızı, tibbi müayinə sənədi və s. təqdim etməmişdir. Beləliklə, iş yerində baş verməmiş (bunu həmin vaxt işdə olan digər işçilər də təsdiq edə bilər) və məlumatları olmadığı bir hadisə (hansı ki, hətta istirahət vaxtında belə hadisənin özünün baş verməsi mübahisəlidir) barədə faktın gizlədilməsi və ya akt tərtib etməkdən yayınılması ilə bağlı məsuliyyətə cəlb edilməsi absurddur. Şəxsin müraciətinin və orqanın qərarının qərəzli olması özünü “hadisədən” iki il yarım keçdikdən sonra qərar qəbul edilməsində də açıq-aşkar biruzə verir. Göründüyü kimi, hadisənin iş yerində baş verməsi, ümumiyyətlə hadisənin olmasına dair hər hansı bir sübut təqdim edilmədən inzibati məsuliyyətə cəlb edilməsi inzibati orqan tərəfindən onun hüquqlarının kobud şəkildə pozulmasıdır. Məhkəmə iclasında "xxxx" QSC-nin baş direktorunun müavini X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, ümumiyyətlə səlahiyyətli orqan tərəfindən inzibati xəta hadisəsinin baş verib-verməməsi araşdırılmamış, şəxsin barəsində aparılan inzibati icraatda iştirakı təmin olunmamış, izahatı alınmamış və heç bir mötəbər sübut əldə edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X11 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X8 tərəfindən baş vermiş bədbəxt hadisə faktı gizlədildiyindən və aparılan araşdırma barədə müvafiq aktın tərtib olunmasından imtina edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 555.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 2000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən o, şikayətçi "xxxx" QSC-nin baş direktorunun müavini X8 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək 08 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 izahatında X6 göstərdiyi xüsusatları təsdiqləyərək şikayətçi "xxxx" QSC-nin baş direktorunun müavini X8 tərəfindən verilmiş şikayətin təmin edilməməsini və 08 iyul 2024cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Məhkəmə iş materiallarını, şikayətçinin ərizəsini, tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin baş əmək müfəttişi X12 tərəfindən tərtib olunmuş 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X8 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin tələbləri pozulmuş və X4 ilə xx.xx.2022-ci il tarixdə baş vermiş bədbəxt hadisə gizlədilmişdir. Bu səbəbdən X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.3-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin rəisi X9 tərəfindən tərtib olunmuş 08 iyul 2024cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 tərəfindən baş vermiş bədbəxt hadisə faktının gizlədilməsi və aparılan araşdırma barədə müvafiq aktın tərtib olunmasından imtina edilməsi əsas gətirilərək X3 Azərbaycan Respublikası İXM-nin 555.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X4 ilə "xxxx" QSC arasında bağlanmış əmək müqaviləsindən görünür ki, X4 25 may 2021-ci il tarixdən həmin müəssisədə 2-ci dərəcəli elektrik quraşdırıcısı peşəsinə qəbul edilmişdir. X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə ünvanladığı ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2021-ci il tarixdən hazırki vaxtadək "xxxx" QSC İV dərəcəli elektrik quraşdırıcı işləyir. 09 yanvar 2022-ci ildə Xızı rayonu ərazisində Yaşma yarım stansiyasında həfətnin bazar günü iş icraçısı Mustafayev Adil ona zəng vurub bildirmişdir ki, rəhbərliyinin tapşırığıdır o, işə çıxmalıdır. Saat 08:00 radələrində, 09 yanvar 2022-ci ildə Yaşma yarım stansiyasında olmuş və ondan başqa həmin günü işdə Zahir Sədiyev, Məqatil, Nicad, Oruc, Sətəm Sadiq, Rəşad və adları yadından çıxan 20 işçi həmin günü işə çıxmışdır. Onlara rəhbərlik edən Adil Mustafayev idi. Sətəm Sadiqdə onlarla bir yerdə idi. Adil Mustafayev ona göstəriş verərək bildirmişdir ki, yarım stansiyanın (330000 kv-lıq) sistem işinin canlanması işini tapşırmışdır. Həmin vaxt yanında Rəşad və sürücü səbət işlədən Şahin olmuşdur. Maşını yerə torpaqlamış və özünə də torpaqlama götürərək səbətlə yuxarı qalxmışdır. 20 metr hündürlüyə səbətlə qalxmış və 330000 kv-lıq hava xəttinə 2-3 metr qalmış hava duqası onu tutmuş və səbətə çırparaq qolunu qatlamış, tok ondan səbətə və səbətdən torpaqlama vasitəsilə yerə ötürülmüşdür. O, huşunu itirmiş və onu Sumqayıt xəstəxanasına aparmışlar. Xəstəxanaya onu aparmış baş mühəndis Vüqar müəllim olmuşdur. Xəstəxanadan sonra onu bir evə aparmışlar və orada qalmışdır. İki ay 20 gün o, işə çıxmamış, ona sonra məlum olmuşdur ki, onun ərizəsi və müraciəti olmadan onu öz hesabına məzuniyyətə çıxardıblar. O bu işi biləndən sonra rəhbərliyə müraciət etmiş və rəhbərliyin tapşırığı ilə 2022-ci ilin mart ayında ona 536 manat pul köçürmüşlər və ona bildirmişlər ki, heç bir yerə şikayət etməsin ona köməklik edəcəklər. Bundan sonra ona şirkət tərəfindən ilk dəfə xəstəxanaya düşəndə 150 manat civarında dərman alınmış, bundan sonra qolunda əməliyyat olanda Vüqar İsgəndərov onun kartına 600 manat pul göndərmişdir. Bundan başqa ona heç kim yardım etməmiş və onu aldatmışlar. Beləliklə o, sığorta pulunun alınmasına və müalicəsi ilə bağlı şirkət tərəfindən maddi yardım alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Sumqayıt Tibb Mərkəzi PHŞ X15 Xəstəxanasının rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğu məktubundan görünür ki, X4 ilə bağlı hadisənin nə vaxt və harada baş verməsi, xəsarətlə bağlı təyin edilmiş diaqnozun və ona Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsinin açılıbaçılmaması barədə tibbi arayışın təqdim olunmasına dair göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, X4 12 may 2022-ci il tarixdə tibbi müayinədən keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 555.3-cü maddəsinə əsasən bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə - min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 08 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərara əsasən X8 tərəfindən baş vermiş bədbəxt hadisə faktının gizlədilməsi və aparılan araşdırma barədə müvafiq aktın tərtib olunmasından imtina edilməsi əsas gətirilərək X3 Azərbaycan Respublikası İXM-nin 555.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında "xxxx" QSC-nin baş direktorunun müavini X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək bildirmişdir ki, ümumiyyətlə səlahiyyətli orqan tərəfindən inzibati xəta hadisəsinin baş verib-verməməsi araşdırılmamış, şəxsin barəsində aparılan inzibati icraatda iştirakı təmin olunmamış, izahatı alınmamış və heç bir mötəbər sübut əldə edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqan tərəfindən “Electro İndustries" QSC-nin baş direktorunun müavini X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin tələbləri pozması və X4 ilə xx.xx.2022-ci il tarixdə baş vermiş bədbəxt hadisəni gizlətməsi, bu səbəbdən X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.3-cü maddəsinin tələblərini pozması göstərilsə də, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən tam, obyektiv və hərtərəfli araşdırma aparılmadan, yalnız X1 Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Abşeron-Xızı regional şöbəsinə ünvanladığı ərizəsində göstərdiyi hallara istinad edilmiş, ümumiyyətlə bədbəxt hadisənin baş verməsini təsdiqləyən mötəbər sübutlar toplanılmamış, Sumqayıt Tibb Mərkəzi PHŞ X15 Xəstəxanasının rəhbərliyinə X4 ilə bağlı hadisənin nə vaxt və harada baş verməsi, xəsarətlə bağlı təyin edilmiş diaqnozun və ona Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsinin açılıb-açılmaması barədə tibbi arayışın təqdim olunmasına dair xx.xx.2024-cü il tarixli sorğu məktubunun göndərilməsinə baxmayaraq, həmin sorğu məktubuna cavab əldə olunmamış, həmçinin X1 ərizəsində qeyd etdiyi və güman edilən hadisə baş verən zaman onun yanında olan Zahir Sədiyev, Məqatil, Nicad, Oruc, Sətəm Sadiq, Rəşad, Şahin və Vüqar adlı şəxslərin izahatları alınmamış, bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmadan vəzifəli şəxs X3 barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə iş matertiallarına əlavə edilmiş 12 may 2022-ci il tarixli tibbi sənədlərdə X1 xəsarət alması göstərilmişdir, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən bu xəsarətlərin sırf 09 yanvar 2022-ci il tarixdə alınmasını təsdiq edən hər hansı sübut əldə edilməmişdir. 09 yanvar 2022-ci il tarixdə xəsarət almış şəxsin 12 may 2022-ci il tarixdə müayinədən keçməsi də məhkəmədə haqlı şübhələr yaratmışdır. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən hadisənin baş vermə tarixi kimi qeyd edilən 09 yanvar 2022-ci il tarixinin qeyri-iş gününə yəni həftənin bazar gününə təsadüf etməsinə də heç bir qiymət verilməmiş və araşdırılmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin 08 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarında inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş 08 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin 08 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş 08 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar