Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3058/2021 06.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, şikayətçi X3 iştirakı ilə, X3 Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin inzibati tənbeh vermə haqqında 11.08.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin inzibati tənbeh vermə haqqında 11.08.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini müdafiə edərək göstərmişdir ki, ünvan 1 ünvanında “çay evi, PUB” adlı ictimai iaşə obyektində müştərilərə təyinatı üzrə xidmət göstərdiyi zaman Xətai Rayon Polis İdarəsinin 36-cı PM-nin sahə rəisi polis mayoru X5 yuxarıda qeyd etdiyi ünvana gəlmiş, onları güya plestation xidməti göstərdiklərini qeyd edərək onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab etmiş, onun bu əməlinə görə ona 4000 manat məbləğində cərimə yazılması ilə bağlı ******* saylı qərar qəbul olunmuşdur. İnzibati protokol tərtib olunduğu vaxt o, həmin obyektə olmamış, həmin vaxt ev alqı-satqısı ilə məşğul olan müştəriləri özlərinə məxsus daşınan kompüterlər ilə həmin obyektdə təklif etdikləri xidmətdən istifadə etməklə öz işlər ilə məşğul olmuşdur. İnzibati protokol tərtib olunduğu vaxt iaşə obyektində hər hansı oyun avadanlıqları olmamışdır. Ona görə də hesab edir ki, inzibati protokol əsassız tərtib olunmuş və əsassız olaraq bu protokola görə onun 4000 manat məbləğində cərimə ödənilməsi barədə qərar qəbul olunmuşdur. Onu da bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab olunması və buna görə ona 4000 manat məbləğində cərimə yazılması qanunvericilikdə təsbit olunmuş normaların tələblərinə dabab-dabana ziddir. Normanın tələblərinə görə onu 4000 manat məbləğində cərimə etmək üçün vəzifəli şəxs olub-olmamasını müəyyən etmək lazımdır. Onun vəzifəli şəxs olmasını təsdiq edən heç bir dəlil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş səlahiyyətli orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin inzibati xəta haqqında 11.08.2021-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən X3 11.08.2021-ci il tarixdə ünvan 2 ünvanda komputer oyunları təşkil edərkən karantin rejmi qaydalarını pozması əsas gətirilməklə İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin inzibati tənbeh vermə haqqında 11.08.2021-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən X3 ünvan 2 ünvanda komputer oyunları təşkil etməsi əsas gətirilməklə İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 4000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 11.08.2021-ci il tarixdə səlahiyyətli orqanın nümayəndəsi tərəfindən barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB onun vəzifəli şəxs kimi 4000 manat məbləğində inzibati cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında 11.08.2021-ci il tarixli, MN ******* saylı qərar qəbul olunmuşdur. Şikayətçi vəzifəli şəxs olmadığını bildirmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində və həmin maddənin qeyd hissəsində göstərilən vəzifəli şəxs olması nə inzibati xəta haqqında protokol və nə də inzibati tənbeh vermə haqqında qərarda göstərilməyərək əsaslandırılmamışdır. Elə inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda X4 vəzifəli şəxs kimi deyil, vətəndaş X2 göstərilmişdir. Həmçinin, inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda X1 oyunları təşkil etməsi göstərilmiş, hansı epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması isə göstərilməmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən şikayətçinin iştirakı Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmişdir. 11.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda xətanın mahiyyəti göstərilməmiş, xətanı təsdiq edən hər hansı sübuta istinad edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin iştirakı təmin olunmadan qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, 11.08.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqanan (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X3 yazılmış cərimənin silinməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, həmin hal 11.08.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğvi barədə qərar qanuni qüvvəyə mindikdən sonra qərarın icrası qaydasında həll edilməli olunduğundan həmin hissədə şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin inzibati tənbeh vermə haqqında 11.08.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-3058/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3058/2021
06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver