Məhkəmə qərarları › İş №3(011)-3081/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3081/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3081/2023 25.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən şəxs BBPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi, polis mayoru X5 iştirakları ilə, xx.xx.1985-ci ildə Göyçay şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Masazır Ə/D, Masazır kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı Şəhər Baş Polis İdarəsi Bakı Metropolitendə Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis İdarəsi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 25 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı və 25 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Belə ki, Şəxs 08 avqust 2023-cü il tarixdə Bakı Metropolitenin “Xalqlar Dostluğu” stansiyasında sosial şəbəkədə “TikTok” səhifəsində tanıdığı X1 qızıl satmaq adı ilə aldadaraq onun 140 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, 13 avqust 2023-cü il tarixdə Bakı Metropolitenin “Həzi Aslanov” stansiyasında sosial şəbəkədə “TikTok” səhifəsində tanıdığı X3 qızıl satmaq adı ilə aldadaraq onun 220 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, “TikTok” sosial şəbəkəsində tanıdığı vətəndaşları qızıl satmaq adı ilə aldadaraq onların pullarını ələ keçirmiş və həmin pulları kartdan nağd formada çəkərək öz ehtiyyaclarına xərcləmişdir. Sonradan barəsində şikayət olduğundan o, polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə aparılmışdır. Beləliklə o, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında BBPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi, polis mayoru X7 25 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı və MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: BBPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş və X4 qarşı qanunsuz hərəkətlər edərək 220 manat pulunu ələ keçirən şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təsir tərdbirlərinin görülməsi üçün qərarın surəti İdarənin İTB-nə göndərilmişdir; BBPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş və X2 qarşı qanunsuz hərəkətlər edərək 220 manat pulunu ələ keçirən şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təsir tərdbirlərinin görülməsi üçün qərarın surəti İdarənin İTB-nə göndərilmişdir; inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, naməlum şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və inzibati araşdırma aparılmışdır; 24 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə həmin tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3081/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən 25 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı və 25 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı protokollara eyni icraatda baxılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni «24» avqust 2023-cü il tarixdən, saat 23:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «24» avqust 2023-cü il tarixdən, saat 23:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar