Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3087/2025 28.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X4 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şəki rayonu, İnçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 aprel 2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X8 tərəfindən tərtib olunmuş 28 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 06:15 radələrində M.Hadi 130 ünvanında yerləşən “Aden” pub restoranında və çölündə nalayiq ifadə işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə M.Hadi 130 ünvanında yerləşən “Aden” pub restoranında yoldaşı Sənan və dostu ilə içki məclisində əylənmişlər. Hesabı ödəmək məqamı gələn zaman dostu Zaur pulunun olmadığını bildirmiş və yoldaşı da hesabı ödəyəcəyini, daha sonra öz aralarında razılaşacaqlarını bildirən zaman mübahisə yaranmışdır. Mübahisə başladığı üçün həmin restorana polis əməkdaşları gələn zaman Zaur avtomobilə əyləşib çıxıb getmiş, Sənan isə polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Həmin vaxt o, heç bir qayda pozuntusuna yol verməmiş, sadəcə olaraq yoldaşını sakitləşdirməyə çalışmışdır. Lakin yoldaşı Sənan polisə tabesizlik göstərmiş və polis şöbəsində olan zaman da onların iş rejimini pozmuşdur. Buna baxmayaraq o, heç bir inzibati xəta hadisəsi törətmədiyi halda barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə göstərilənlərə əsasən o, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X8 protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2025-ci il tarixli protokol tərtib olunduğunu bildirərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X13 Alayının Patrul bölüyünün polis nəfəri, polis kiçik serjantı X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə o və post yoldaşı Vüqar Əliyev xidmətdə olduqları zaman M.Hadi 130 ünvanında yerləşən “Aden” pub restoranında 2 nəfərin mübahisə etmələri barədə onlara məlumat daxil olmuşdur. Onlar həmin ünvana yaxınlaşıb mübahisənin səbəbini öyrənməyə çalışdıqda onlara 2 nəfər şəxsin kafedə və kafedən çöldə hesabı ödəmək üstündə restoran işçiləri ilə mübahisə etmələri və nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaları bildirilmişdir. Onlar özlərini təqdim etdikdə həmin şəxslər onları da və DİN-nin rəhbərləyini söyərək öz əməllərinə davam etdkləri üçün tərəflərindən polis şöbəsinə gətirilmişlər. Hadisə zamanı Şəxs yoldaşını sakitləşdirməyə çalışmış, heç bir nalayiq ifadə işlətməmişdir və ictimai qaydanı pozmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X8 tərəfindən tərtib olunmuş 28 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 06:15 radələrində M.Hadi 130 ünvanında yerləşən “Aden” pub restoranında və çölündə nalayiq ifadə işlədərək ictimai qaydanı pozmaqla Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; inzibati qaydada tutma haqqında 28 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 28 aprel 2025-ci il tarixdə, saat 06:15-də tutulmuşdur; “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X11 vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. İş materiallarında Şəxs tərəfindən ictimai qayda pozulmaqla xuliqanlıq edilməsini təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2025-ci il tarixdə xırda xuliqanlıq əməli törətməsindən və nalayiq ifadələrdən istifadə etməsindən bəhs etsə də, həmin fakt iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Həmin protokoldan Şəxs ictimai qaydanı pozmasının nədə ifadə olunmasını müəyyən etmək qeyri-mümkün olmuşdur. Həmçinin, məhkəmə iclasında hadisənin bilavasitə şahidi olmuş X13 Alayının Patrul bölüyünün polis nəfəri, polis kiçik serjantı X5 izahatında bildirmişdir ki, hadisə zamanı Şəxs yoldaşını sakitləşdirməyə çalışmış, heç bir nalayiq ifadə işlətməmişdir və ictimai qaydanı pozmamışdır. Şərh olunan əsaslara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3087/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3087/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver