Məhkəmə qərarları › İş №3(011)-3088/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3088/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3088/2025 28.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru Tələt Abbaslının iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 28 aprel 2025-ci il tarixdə, saat 06:15 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Aden Pub” restoranda ictimai asayişi pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru Tələt Abbaslı tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 28 aprel 2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli protokollar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru Tələt Abbaslı protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə M.Hadi 130 ünvanında yerləşən “Aden” pub restoranında yoldaşı Lamiyə və dostu ilə içki məclisində əylənmişlər. Hesabı ödəmək məqamı gələn zaman dostu Zaur pulunun olmadığını bildirmiş və o da hesabı ödəyəcəyini, daha sonra öz aralarında razılaşacaqlarını bildirən zaman mübahisə yaranmışdır. Mübahisə başladığı üçün həmin restorana polis əməkdaşları gələn zaman Zaur avtomobilə əyləşib çıxıb getmiş, o isə polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Törətdiyi əməldən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə M.Hadi 130 ünvanında yerləşən “Aden” pub restoranında yoldaşı Sənan və dostu ilə içki məclisində əylənmişlər. Hesabı ödəmək məqamı gələn zaman dostu Zaur pulunun olmadığını bildirmiş və yoldaşı da hesabı ödəyəcəyini, daha sonra öz aralarında razılaşacaqlarını bildirən zaman mübahisə yaranmışdır. Mübahisə başladığı üçün həmin restorana polis əməkdaşları gələn zaman Zaur avtomobilə əyləşib çıxıb getmiş, Sənan isə polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Həmin vaxt o, heç bir qayda pozuntusuna yol verməmiş, sadəcə olaraq yoldaşını sakitləşdirməyə çalışmışdır. Lakin yoldaşı Sənan polisə tabesizlik göstərmiş və polis şöbəsində olan zaman da onların iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X7 Alayının Patrul bölüyünün polis nəfəri, polis kiçik serjantı X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə o və post yoldaşı Vüqar Əliyev xidmətdə olduqları zaman M.Hadi 130 ünvanında yerləşən “Aden” pub restoranında 2 nəfərin mübahisə etmələri barədə onlara məlumat daxil olmuşdur. Onlar həmin ünvana yaxınlaşıb mübahisənin səbəbini öyrənməyə çalışdıqda onlara 2 nəfər şəxsin kafedə və kafedən çöldə hesabı ödəmək üstündə restoran işçiləri ilə mübahisə etmələri və nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaları bildirilmişdir. Onlar özlərini təqdim etdikdə həmin şəxslər onları da və DİN-nin rəhbərləyini söyərək öz əməllərinə davam etdikləri üçün tərəflərindən polis şöbəsinə gətirilmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 aprel 2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli protokollardan görünür ki, 28 aprel 2025-ci il tarixində Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Aden Pub” restoranda ictimai asayişi pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Məhşur Hüseynova ünvanlanmış 28 aprel 2025-ci il tarixli raportdan görünür ki, M.Hadi küçəsi 130 ünvanda yerləşən “Aden Pub” restoranında iki nəfər şəxs kafedə və kafedən çöldə hesabı ödəmək üstündə restoran işçiləri ilə mübahisə edib, uca səslə nalayiq söyüşlər söyərək ictimai asayişi pozmuş, onlara yaxınlaşan polis nəfərlərinə də nalayiq ifadələr işlətmişlər. Şəxsin xx.xx.1994-cü il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında xx.xx.2025-ci il tarixli, 2/23504 nömrəli protokoldan görünür ki, Şəxs orta alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsini, iş materiallarını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, İXM-in 510-cu maddəsi üzrə Şəxs tərəfindən törədilmiş əməldə cinayət əlamətləri olduğundan materiallar Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin olub-olmamasına müvafiq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə (Materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına verilməsi) əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materialların prokurora, təhqiqat və ya istintaq orqanına göndərilməsinə dair qərar çıxarılır Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları, onun ifadəsi, məhkəmə iclasında tədqiq edilmiş digər materiallar əsasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Qasımov X4 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməli və barəsində inzibati icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildiyindən materiallar Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilməli , 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Barəsində inzibati icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildiyindən materiallar Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilsin Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 28 aprel 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X1 Məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar