Məhkəmə qərarları › İş №3(011)-3093/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3093/2021

30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3093/2021 30.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, şikayətçi X3 müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PBnin sahə inspektoru X5 iştirakları ilə, X3 Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-i tərəfindən qəbul edilmiş 14.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-i tərəfindən qəbul edilmiş 14.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 şikayəti müdafiə edərək göstərdi ki, hüquqlarını müdafiə etdiyi X6 uzun müddətdir ki Azərbaycan Respublikasında yaşamır, hal-hazırda Qazaxıstan Respublikasında yaşayır, qərar qəbul edilən 14 avqust 2021-ci il tarixdə də ölkə hüdudlarından kənarda olmuş, inzibati xəta hadisəsindən, ümumiyyətlə restoranın fəaliyyətindən xəbərsiz olmuşdur. ünvan 1 ünvanda yerləşən “Neapol” restoranı Ş.Piriyevaya məxsus olmasına baxmayaraq hal-hazırda etibarnamə əsasında başqa şəxs tərəfindən idarə olunur. Eyni zamanda həmin restoranda qanunla müəyyən edilmiş karantin qaydalarına riayət olunaraq masalar düzülmüşdür. 14 avqust 2021-ci il tarixdə Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları restorana gələrək cərimə yazılacağını bildirmişlər. Həmin restoranı işlədən şəxslər polis əməkdaşlarına restoranda karantin qaydalarına riayət olunduğunu, 1 masada 6 nəfərdən çox şəxsin əyləşmədiyini qeyd etsələr də, lakin polis əməkdaşları karantin qaydalarına riayət edilib-edilməməsinin əhəmiyyətli olmadığını və cərimə yazılacağını bildirib bununla bağlı protokol tərtib etmişlər. Daha sonra hüquqlarını müdafiə etdiyi Qazaxıstan Respublikasında yaşayan X3 4000 manat cərimə olunması ilə bağlı qərar qəbul edilmişdir. Həmin qərar heç bir araşdırma aparılmadan qəbul edilmiş, guya “Neapol” restoranında xüsusi karantinlə bağlı X6 tərəfindən pozulması qeyd edilmişdir. X6 heç bir karantin qaydasını pozmamışdır. Qeyd olunanları nəzərə alaraq, şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru X1 Şöhrət Əlixan qızının barəsində 14.08.2021-ci il tarixli inzibati xəta haqqında protokolun onun tərəfindən tərtib olunduğunu, “Neapol” restoranında konkret olaraq hər hansı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasını müəyyən etmədiyini, protokolun tərtib olunması ilə bağlı göstəriş olduğundan qeyd edilən protokolu tərtib etdiyini, şikayətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid X10 göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən “Neapol” restoranının nəzarətçisidir. 14 avqust 2021-ci il tarixdə Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları restorana gəlmişlər. Həmin vaxt restoranda karantin qaydaları gözlənilməklə toy mərasimi keçirilmişdir. Hər şey qanuna uyğun olduğundan o, polis əməkdaşlarının toy mərasiminə daxil olub baxış keçirməsinə etiraz etməmişdir. Polis əməkdaşları toy məclisinə daxil olmuş, toyda iştirak edən şəxsləri saymadan gözəyarı baxaraq adam sayının çox olduğunu və cərimə yazılacağını bildirmişlər. O, polis əməkdaşlarına restoranda karantin qaydalarına riayət olunduğunu bildirib iştirak edən şəxsləri saymaqlarını xahiş etsə də, polis əməkdaşları həmin şəxsləri saymamışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə X3 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçininin vəkilini, səlahiyyətli orqanın nümayəndəsini, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru X8 tərəfindən tərtib edilmiş 14.08.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, səlahiyətli orqanın vəzifəli şəxsi tərəfindən X3 İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilərək barəsində protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-i tərəfindən qəbul edilmiş 14.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, səlahiyətli orqanın vəzifəli şəxsi tərəfindən X6 İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən çıxarışın surətindən görünür ki, X2 dəfə 09.02.2020-ci il tarixdə Azərbaycan Respublikasından (Bakı Aeroportu-Alma Ata) çıxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər iki dörd min manatdan dörd dörd min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 barəsində 14.08.2021-ci il tarixdə səlahiyyətli orqanın nümayəndəsi tərəfindən İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-i onun 4000 manat məbləğində inzibati cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında 14.08.2021-ci il tarixli, EPQ ******* saylı qərar qəbul olunmuşdur. Məhkəmə iclasında şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən olunmamışdır. Şahid qeyd edilən tarixdə “Neapol” restoranında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yol verilmədiyini bildirmiş, bu halı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs təsdiq etmişdir. 14.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda xətanı təsdiq edən hər hansı sübuta istinad edilməmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən şikayətçi ümumiyyətlə ölkədə olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən şikayətçi Ş.Ə.Piriyeva Azərbaycan Respublikasından kənarda olmuş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, şikayətçinin inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, 14.08.2021-ci il tarixli, EPQ ******* nömrəli qərar ləğv edilməli, şikayətçinin təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-i tərəfindən qəbul edilmiş 14.08.2021-ci il tarixli, EPQ ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata X3 təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar