Məhkəmə qərarları › İş №3(011)-3110/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3110/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3110/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Qazaxıstan Respublikası Manqışlaq vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 28A saylı evin 37 saylı mənzilində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:40-da Toyota Hilux minik markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən Zərərçəkmiş şəxs idarə etdiyi KİA markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ona maddi zərər vurmuş və sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Şəxs İXMnin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 (manat) məbləğində cərimə edilməsinə dair 20 avqust 2022-ci il tarixli İXP ******* nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində idarə etdiyi “Toyota Hilux” markalı **-TX-*** dövlət qeydiyyat nömrəli avtomobillə Gen.Mehmandarov küçəsi ilə İ.İsmayılov küçəsi istiqamətində yolun sağdan 2ci hərəkət zolağı ilə saatda 20 km sürətlə hərəkətdə olaraq yolun geriyə dönmə üçün nəzərdə tutulan yerində geri dönmək istəyərkən arxadan hərəkətdə olan “Kia” markalı avtomobil onun avtomobilinin qabaq sol hissəsi ilə toqquşmuşdur. Hadisə baş verdiyi zaman Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olmuşdur. Onun yüngül bədən xəsarətləri almasına səbəb sərxoş vəziyyətdə maşını düzgün idarə edə bilməməsi olmuşdur. Avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş, lakin yol nəqliyyat hadisəsində onun təqsiri olmamışdır. Qeyd olunanları nəzərə alaraq əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə sərxoş vəziyyətdə avtomobil idarə etmiş, yol nəqliyyat hadisəsi də onun təqsiri üzündən baş vermişdir. Şəxs ilə barışmasını, ziyanın ödənilməsini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmamış və onun Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə, Zərərçəkmiş şəxs isə 333.1-ci maddəsi məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. AB 467180 saylı sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, Şəxs sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2022-ci il tarixli 2/24268 nömrəli aktın surətindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu vəziyyəti vardır. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 xx.xx.2022-ci il tarixli 810 nömrəli ekspert rəyinin surətindən müəyyən olunur ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs sağ gözətrafı sol təpə, sağ qulaqarxası nahiyələrinin dərialtı hematomaları, üst dodağın iç səthinin əzilmiş yarası, sol dirsək oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, hərəkət məhdudluğunun olması müəyyən edilmiş, xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlğın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs ilə barışmasını, ziyanın ödənilməsini nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Lakin onun əməlində başqa inzibati xəta əlamətləri aşkar edilməmişdir. Həmçinin Şəxs “Toyota Hilux” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olmuş, yolun geriyə nəzərdə tutulan hissəsindən dönmə siqnalından istifadə edərək dönmək istəyərkən sürətlə hərəkətdə olan “Kia” markalı avtomobil onun avtomobilini vurmuşdur. Yol nəqliyyat hadisəsinin baş verməsində Şəxs təqsiri olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibinin olmadığına görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 38, 43, 48, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar