Məhkəmə qərarları › İş №3(011)-3116/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3116/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3116/2024 30.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, X1 X12 Xidmətinin Bakı şəhər İdarəsinin 10 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində X12 Xidmətinin Bakı şəhər İdarəsinin 10 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DƏMX-nin ünvan 1 ünvanında yerləşən "xxxx" mağazasında sahə nəzarətçisi vəzifəsində işləyən X4 xx.xx.2024-cü il tarixində iş vaxtı yıxılaraq xəsarət alması hadisəsində mağaza müdiri olduğum üçün mənim Əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl etmədiyimi əsas gətirərək, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən barəmdə 800 (səkkiz yüz) AZN məbləğində inzibati cərimə tətbiq etmişdir. Hesab edirəm ki, qəbul edilən inzibati tənbeh vermə haqqında Qərar obyektiv və ədalətli olmadığına, həmçinin aşağıda qeyd edilən digər hallara görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir: xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərarın qəbul edilməsinə əsas olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqmda protokolda inzibati kətanın Təhqiqat aktı ilə təsdiq edildiyi göstərilmişdir. Qeyd etmək lazımdır ki, həmin təhqiqat aktı ilə bağlı təhqiqat komissiyasının üzvləri X8 və X9 xüsusi rəy tərtib edərək inzibati orqana göndərmişlər və həmin rəydə hadisənin baş verməsində mənim məsuliyyət daşımadığımı bildirmişlər. Lakin işə baxan orqan bu xüsusi rəylərə qiymət vermədən haqqımda inzibati xəta haqqında protokol tərtib etmişdir. Kommissiyasmm üzvlərindən iksinin təhqiqat aktı ilə bağlı xüsusi rəyinin olduğu və fərqli qənaətə gəldikləri üçün üçün inzibati xəta haqqında protokolda komissiya üzvlərinin vahid mövqeyini ifadə etməyən təhqiqat aktı ilə təsdiq edilməsinin qeyd edilməsi işin bütün faktiki hallarının araşdırılmadığını sübut edir. Düşünürəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DƏMX-nin Bakı şəhər İdarəsi öncə təhqiqat komissiyası üzvlərinin xüsusi rəylərinə qiymət verməli, daha sonra isə hadisədə mənim məsuliyyət daşıyıb-daşımadığımı sübut etməli idi. Beləliklə, iş üçün əhəmiyyətli olan hallar inzibati orqan tərəfində sübuta yetirilməmişdir. Qeyd etmək lazımdır ki, X4 un məmulatlarının bişirildiyi otaqdan çıxaraq digər şöbəyə gedərkən un məmulatlarının satışının həyata keçirildiyi vitrinin alt qisminə ayağı ilişmiş və yıxılmışdır. Buradan da görünür ki, xanımın yıxılmasına hərəkət edən zaman diqqətsizliyi səbəb olmuşdur. Qeyd edilən hadisədə mənim Əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl etmədiyimi nəticəsinə gəlməyə əsas verən heç bir hal və bu hal ilə baş verən hadisə arasında səbəbli əlaqə mövcud deyildir. İnzibati orqan isə qəarında sadəcə tərəfimdən Əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl etmədiyimi qeyd edilmiş, hansı tələblərə əməl etmədiyim və bunun necə sübut edildiyi qeyd edilməmişdir. Bu hal isə İnzibati orqan tərəfindən iş üzrə bütün mühüm əhəmiyyət kəsb edən bütün halların araşdırılmadığının digər bir sübutu kimi qiymətləndirilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DƏMX-nin Bakı şəhər İdarəsi təhqiqat aktında mənim hadisə baş verən vaxt mağazada olmadığımı qeyd etmişdir. Mağazada olmadığım vaxt baş verən hadisədə mənim məsuliyyət daşımalı olmadığımı da qeyd etmək istəyirəm. Beləliklə, inzibati orqanın gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Bildirirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DƏMXnin Bakı şəhər İdarəsi xx.xx.2024-cü il tarixli Qərardadı ilə inzibati araşdırmanın müddətini xx.xx.2024-cü il tarixədək uzatmışdır. İXM-nin 111.2-ci maddəsinə əsasən isə İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. İş materiallarından görünür ki, işə baxılma müddətinin uzadılmasına üçün hər hansı vəsatət verilməmiş, əlavə hər hansı hal müəyyən edilməmiş, müvafiq qərardad isə əsaslandırılmamışdır. Beləliklə, işə İXM-in tələbləri pozulmaqla baxılmışdır. Qeyd edmək lazımdır ki, hadisə xx.xx.2024-cü il tarixində baş vermiş, İnzibati tənbehvermə haqqında Qərar isə xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Beləliklə inzibati xətanın törədildiyi qeyd edilən gündən 5 aydan çox müddət keçdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində göstərilən dörd aylıq inzibati tənbeh vermə müddəti də keçmişdir. Bu səbəbdən, İXM-nin 53.0.6-cı maddəsinə əsasən iş üzrə icraata xitam verilməli olduğu halda inzibati orqan İnzibati Xətalar Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq qanunsuz qərar qəbul etmişdir. Bu hal isə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əsaslarından biridir. Qeyd edilənlərə əsasən X12 Xidmətinin Bakı şəhər İdarəsinin 10 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X12 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X13 bildirmişdir ki, X12 Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10 iyul 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətçi şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X12 Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10 iyul 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2942B məhəllə, Nəsirəddin Tusi küçəsi 10G ünvanında yerləşən "xxxx"MMC-nin işçisi X5 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə bağlı mağaza müdiri X10 əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə riayət etməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 800 manat məbləğində cərimə edilmişdir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması; 198.1.1-ci maddəsinə əsasən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, qərardan şikayət vermiş X3 şikayətinin əsasını təşkil edən hallar əsassız olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, 2942B məhəllə, Nəsirəddin Tusi küçəsi 10G ünvanında yerləşən "xxxx"MMC-nin işçisi X5 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə bağlı mağaza müdiri X10 əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə riayət etməmiş, belə olan halda onun inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsini əsaslı etmiş, qanuni olmuşdur. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 X12 Xidmətinin 10 iyul 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar