Məhkəmə qərarları › İş №3(011)-3118/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3118/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3118/2024 24.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X6 və X2, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də direktor vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş 24 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir. Həmçinin, Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş 24 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, X6 ilə 2017-ci ildə ailə həyatı qurmuşdur. Onların bu nikahdan iki övladları dünyaya gəlmişdir. Son zamanlar aralarında yaranmış ailəməişət zəminində mübahisələrə görə ayrılmaq qərarına gəlmişlər. 2024-cü ilin mart ayında Nizami Rayon Məhkəməsinin qərarına əsasən ayrılmışlar. xx.xx.2024-cü il tarixdə, axşam saat 20:00-da uşaqlarını görmək üçün keçmiş həyat yoldaşının yaşadığı ünvana getmişdir. xx.xx.2024-cü il tarixdə təxminən axşam saatlarında həyat yoldaşı Kubraya zəng edərək ona uşaqlarının barəsində soruşub onların gələcəkdə hansı məktəbdə təhsil almaqları ilə bağlı məsləhətləşmək üçün suallar versə də, Kubra onun telefonuna zəng edərək telefonu üzünə söndürərək məşğul düyməsini basmışdır. Həmin tarixdə o, ünvan 2 ünvanına gedərək övladları ilə görüşmək üçün hazırlıqdan qayıtmalarını gözləmişdir. Daha sonra oraya polis əməkdaşları yaxınlaşaraq onu Polis Şöbəsinə dəvət etmişlər. O da öz növbəsində heç bir etiraz etmədən, polisin qanuni tələblərinə tabe olaraq maşına əyləşib onlarda birlikdə getmişdir. Beləliklə o, göstərilənlərə əsasən barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 protokolların məzmununa uyğun izahat verərək Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədildiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış X6 izahatında bildirmişdir ki, keçmiş həyat yoldaşı ilə 2023-cü ildən boşanmış, lakin Rəşad mütəmadi olaraq yaşadıqları ünvana gələrək onu və anasını narahat etmişdir. Rəşad xx.xx.2024-cü il tarixdə axşam saatlarında ona zəng edərək işləməsinə etirazını bildirərək onu öldürməklə hədələmişdir. Bundan əlavə 23 iyul 2024-cü il tarixdə onların ünvanına gələrək ona və anasına qarşı nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Məhkəmə iclasında izahatı alınmış X4 bildirmişdir ki, xx.xx.2024-cu il tarixdə axşam saatlarında yaşadığı ünvanda olan zaman qızı Kübranın keçmiş həyat yoldaşı Şəxs ona zəng edərək qızının və onun ünvanına nalayiq ifadələr işlədərək qızının işləməsinə etirazını bildirmiş və qızını öldürməklə onu hədələmişdir. Həmçinin, o, yaşadıqları ünvana gələrək onların ünvanlarına əxlaqsız ifadələr işlədərək onları söymüş və səs-küy salmışdır. Rəşad onları narahat etdiyi üçün onlar dəfələrlə DİN-nin 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş 24 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Şəxs ünvan 2 ünvanına gələrək Kübra Seyidovanı və Natella Məmmədovanı səs-küy salaraq hədələmiş və narahat etmişdir. Bununlada o, ictimai qaydanı kobud surətdə pozmaqla Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətdiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş 24 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında ucadan nalayiq ifadələr işlədərək və polis şöbəsinə gəlməkdən imtina edərək polis əməkdaşlarının qanuni tələblərinə riayət etməmişdir. Bununlada o, Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan əməli törətdiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai RPİ-nin 36-cı təhqiqatçısı, polis kapitanı X8 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X5 qarşı xırda xuliqanlıq hərəkətləri etmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İnzibati qaydada tutma haqqında 23 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 19:30-da tutulmuşdur. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 23 iyul 2024-cü il tarixdən, saat 19:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 23 iyul 2024-cü il tarixdən, saat 19:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar