Məhkəmə qərarları › İş №3(011)-3123/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3123/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3123/2024 12.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X3 iştirakı ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətimdə olan KİA Sorento markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil var. 17 may 2024-cü 11 tarixdə Bakı şəhəri Nizami rayon ərazisində yerləşən restoranların birində şam edərkən spirtli içki qəbul etdiyim üçün “Maxim” şirkətinin (*2111) ayıq sürücü xidmətinə zəng etdim. Adını sonradan bildiyim X6 adlı şəxsin (055/***-***-**-**) nömrəsindən mənə zəng olundu və mənim olduğum yerə gəldi. Avtomobili idarə edib mənim yaşadığım ünvanın həyətinə gətirdi. Avtomobili saxlayıb yerə düşdük mən keçib sürücü tərəfdən şəxsi əşyalarımı götürüb yerə düşəndə 367 saylı YPX-ti avtomobili peyda oldu və 3 nəfər əməkdaş avtomobildən düşdü onlardan biri Mübariz adlı şəxs mənə yaxınlaşdı, spirtli içki qəbul edib etmədiyimi xəbər aldı, məndə ayıq sürücünü ona göstərib bildirdim ki, az miqdarda spirtli içki qəbul etmişəm, amma ayıq sürücünün müşayətiylə gəlmişəm. Polislər məndən sərxoşluğun müayinə olunması barədə alkotest etmədən, məndən avtomobilin salonunda izahat aldılar ki, içki içmişəm, həkim müayinəsindən keçmək istəmirəm sözlərini yazdırıb imza etdirib, bundan sonra məndən avtomobilin açarını məcbur alıb, məni duracağa gətirib,orda yerə düşürdüb avtomobilimi mənə göstərib, səhər 31-ci otağa gedərsən deyib mənidə elə oradaca atıb çıxıb getdilər. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində BDYPl-nin inzibati binasının 2-ci mərtəbəsinin 31-ci otağına gəldim, polis mayoru Emin adlı şəxs məni qarşıladı və mən ona bütün olanları danışdım və protokol tərtib etməsini dedim.O, cavabında mənə dediki “sənə lazımdı əlvə balda gəlsin üzərinə” 500 manat ver dur çıx get. Mən onsuzda əvvəldən qərara gəlmişdim ki, bu hadisədən şikayət edəcəm, ona görədə Eminin dediyi kimi çıxarıb 500 manat pulu ona verdim, Emin mənə avtomobili duracaqdan çıxarmaq üçün buraxılış vərəqi verdi gedib avtomobilimi götürüb getdim və Daxili İşlər Nazirliyi ilə Baş prokurorluğa şikayətlər etdim. Bütün bunlardan 23 gün sonra, xx.xx.2024-cü il tarixdə mənə İXM-nin 333.1-ci maddəsilə 400 manat cərimə olunmağım barədə İXP ******* saylı protokol tərtib olunması barədə bildiriş göndərildi. xx.xx.2024-cü il tarixdə mənim mobil telefonuma bildiriş gəldi ki, protokol xx.xx.2024-cü il tarixdən qüvvəyə minib, bundan bir neçə dəqiqə sonra mənə yenidən bildiriş gəldi ki, sizin cəriməniz ödənildi. Amma nə mən nədə mənə məlum olan kimsə mənim əvəzimdən pul ödəməmişdir. Pulun mənim əvəzimdən kim tərərfindən və haradan ödənilməsi bu gündə mənə məlum deyil. Qeyd edilənlərin nəzərə alınaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bu səbəbdən də həmin qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 17 may 2024-cü il tarixində 22:32 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində “Kia Sorento” minik markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Səlahiyyətli orqan tərəfindən 17 may 2024-cü il tarixində 22:32 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində “Kia Sorento” minik markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X4 tərəfindən sərxoş halda idarə edilməsini təsdiq edən sərxoşluğun vəziyyətinin müəyyən edilməsinə dair keçirilmiş tibbi müayinə aktı və ya onun sərxoş olmasını göstərən xüusi texniki vasitənin göstəricisi, habelə hadisə zamanı qeydə alınmış videogörüntülər, barəsində inzibati iş üzrə icraat şəxsin izahatı məhkəməyə təqdim olunmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar