Məhkəmə qərarları › İş №3(011)-3127/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3127/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3127/2024 26.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs nümayəndəsi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A, M18, M3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 26 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3852/2022 saylı icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi icra etməmiş və o, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Hüseynov X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədindən xəbəri vardır və borcunu ödəməkdən imtina etmir. Lakin hazırda onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün heç bir yerdə işləmədiyindən, maddi imkanı aşağı olduğundan və himayəsində iki azyaşlı övladı olduğundan icra sənədi üzrə yaranmış borcu tam olaraq ödəyə bilməmişdir. Hal-hazırda dövlət tərəfindən ona 2-ci qrup əlil olduğu üçün təqaüd ödənilir və həmin təqaüdün 30% tutulmasına heç bir etirazı yoxdur. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, borcunun qalan hissəsini hissə-hissə ödəyəcəyini bildirərək barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməkdən yayınmış və bu vaxtadək borcunu ödəməmişdir. Artıq uzun müddətdir Şəxs tərəfindən icra sənədi üzrə olan borc icra edilmir. Beləliklə o, Şəxs məhkəmə qərarının icrasından yayındığını bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilərək həbs edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3852/2022 saylı icra sənədindən görünür ki, 600 manat dəyərində televizor, 500 manat dəyərində soyuducu, 400 manat dəyərində paltaryuyan, 500 manat dəyərində kondisioner, 100 manat dəyərində tozsovuran, 50 manat dəyərində ət çəkən maşın, 500 manat dəyərində 2 ədəd çilçıraq, 30 manat dəyərində ütü, 150 manat dəyərində xalça 2 ədəd, 400 manat dəyərində 2 dəst pərdə, 150 manat dəyərində tok peçi, 300 manat dəyərində sends dəsti, meyvə qabları, xrustal qablar, yorğan, döşək, pakrıvalların Şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi, "xxxx" MMC-nin Abşeron rayonu, Masazır qəsəbəsində “AAAF-Park” yaşayış massivində inşa edilmiş 7 saylı, 4 mərtəbəli yaşayış binasında 3 otaqlı 9 saylı mənzilin satışından əldə edilmiş pul vəsaitinin 22500 manat hissəsinin X4 alınaraq Zərərçəkmiş şəxs verilməsi, “\JKZ 210740” markalı, 90-LZ192 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 1700 manat hissəsinin, “VAZ 21154” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 3750 manat hissəsinin, “Mercedes Benz C240” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 5250 manat hissəsinin və “Mercedes Benz E240” markalı, 9O-BC-018 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 6000 manat hissəsinin Şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, mütəxəssis hesabatlarının tərtibi üçün hesablanmış qiymətləndimə haqqının 150 manat hissəsinin iddiaçıdan, 100 manat hissəsinin isə cavabdeh Şəxs alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3852/2022 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmiş və bildirişə imza edilməklə tərəfindən qəbul edilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, e108418/2023-71-7- 015 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3852/2022 saylı icra sənədinin 10 gün müddətində könüllü icrasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib olunaraq məhkəməyə müraciət olunacağı, daha sonra isə Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunacağı və digər məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, e108418/2023-1-42-19 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3852/2022 saylı icra sənədinin 10 gün müddətində könüllü icrasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib olunaraq məhkəməyə müraciət olunacağı, daha sonra isə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunacağı və digər məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X6 vardır; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs 2-ci dərəcəli əlildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3852/2022 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırır ki, cavabdeh Şəxs 600 manat dəyərində televizor, 500 manat dəyərində soyuducu, 400 manat dəyərində paltaryuyan, 500 manat dəyərində kondisioner, 100 manat dəyərində tozsovuran, 50 manat dəyərində ət çəkən maşın, 500 manat dəyərində 2 ədəd çilçıraq, 30 manat dəyərində ütü, 150 manat dəyərində xalça 2 ədəd, 400 manat dəyərində 2 dəst pərdə, 150 manat dəyərində tok peçi, 300 manat dəyərində sends dəsti, meyvə qabları, xrustal qablar, yorğan, döşək, pakrıvalların, həmçinin “\JKZ 210740” markalı, 90-LZ192 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 1700 manat hissəsinin, “VAZ 21154” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 3750 manat hissəsinin, “Mercedes Benz C240” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 5250 manat hissəsinin və “Mercedes Benz E240” markalı, 9O-BC-018 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 6000 manat hissəsinin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsinin qət edilməsinə baxmayaraq, Şəxs tərəfindən bugünədək icra sənədi üzrə olan borc məbləği tam olaraq ödənilməmişdir. Qeyd olunan hallar onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1), 2-ci qrup əlil olmasını, himayəsində azyaşlı övladının olmasını (İXM-32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar