Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3134/2021 08.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə Hüquqi şəxs «MGM X2 Malzemeleri Dış Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, «MGM X2 Malzemeleri Dış Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Filialının ünvanına Türkiyə Respublikasından 31AAT98/54KU284 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar **********7382 sorğu nömrəli 16.02.2021-ci il tarixli gömrük bəyannaməsi ilə, 54KE522/54KL255 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar **********7458 sorğu nömrəli 16.02.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 17.06.2021-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Müvəqqəti saxlanc müddətinin son tarixi 17.06.2021-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi “MGM X2 Malzemeleri Dış Ticaret Limited Şirketi”-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən təmin edilməmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə dair «MGM X2 Malzemeleri Dış Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı barəsində 08 iyul 2021-ci il tarixli 00100-1306/21 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə «MGM X2 Malzemeleri Dış Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Filialına və Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İs materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, 16.02.2021-ci il tarixli **********7382 sorğu nömrəli və **********7458 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi 17.06.2021-ci il müəyyən edilmişdir. İs materiallarına əlavə edilmiş 06.07.2021-ci il tarixli gömrük baxışına dair tərtib edilmiş aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən anbara gömrük baxışı keçirildikdə "MGM X2 Malzemeleri Dış Ticaret Limited Şirketi”-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 16.02.2021-ci il tarixli **********7382 sorğu nömrəli və **********7458 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş sözügedən malların göstərilən anbarda toxunulmadan saxlanıldığı müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs «MGM X2 Malzemeleri Dış Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Filialının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin tərkibi vardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs «MGM X2 Malzemeleri Dış Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs «MGM X2 Malzemeleri Dış Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs «MGM X2 Malzemeleri Dış Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Filialına həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs «MGM X2 Malzemeleri Dış Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3134/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3134/2021
08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver