Məhkəmə qərarları › İş №3(011)-3146/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3146/2021

13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3146/2021 13.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, Bakı şəhəri Xətai rayonu Həzi Aslanov qəsəbəsi 33 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 24.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.08.2018-ci il tarixli, 2(011)-6652/2018 saylı icra vərəqəsi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və həmin icra vərəqəsini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X10 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Dadaşov X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 gösərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.08.2018-ci il tarixli, 2(011)-6652/2018 saylı icra vərəqəsinə əsasən ondan 19 iyul 2018-ci il tarixdən başlayaraq 16.08.2012-ci il təvəllüdlü X1 və 16.08.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. Borclu 19 iyul 2018-ci il tarixdən başlayaraq ona heç bir məbləğdə aliment ödəməmiş, sadəcə bayramlarda övladlarına müəyyən hədiyyələr almışdır. Alimentin ödənilməməsi barədə şikayət etməməyinə səbəb tələbkardan uzaq olması, tələbkarın onları və övladlarını narahat etməməsi olmuşdur. Alimetin ödənilməsi barədə borclu ilə arasında hər hansı yazışma və telefon danışığı olmamışdır. Borcudan şikayətçidir, alimentin tam ödənilməsini tələb edir, əks halda borclunun həbs edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Dadaşov X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.08.2018-ci il tarixli, 2(011)-6652/2018 saylı icra vərəqəsinə əsasən ondan 19 iyul 2018ci il tarixdən başlayaraq 16.08.2012-ci il təvəllüdlü X1 və 16.08.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində aliment alınaraq X6 verilməlidir. Alimenti rəsmi qaydada ödəməsə də, övladları ilə görüşən zaman aliment məbləğini tam olaraq övladlarına vermiş, bunu tələbkarın razılığı ilə etmişdir. Bu səbəbdən keçən dövr ərzində tələbkar bir dəfə də olsun icra şöbəsinə alimentin ödənilməməsi ilə bağlı müraciət etməmişdir. O, özü icra şöbəsinə müraciət etmiş, tələbkarın övladları ilə ünsiyyətə mane olmasını bildirmiş, bu zaman icra məmuru aliment borcun ödənilib-ödənilməməsini soruşmuş, alimenti ödədiyini demiş, lakin tələbkar inkar etmişdir. Aliment məbləğini ödəməsi ilə bağlı sübutları var, bunlar övladının videogörüntüsü, tələbkarla aralarında olan telefon danışıqları və yazışmalardır. Aliment borcun silinməsi ilə bağlı mediatora müraciət etmiş, imtina edildiyindən məhkəməyə müracət etməyi planlaşdırır. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.08.2018-ci il tarixli, 2(011)-6652/2018 saylı icra sənədindən görünür ki, Şəxs 19 iyul 2018-ci il tarixdən başlayaraq 16.08.2012-ci il təvəllüdlü X1 və 16.08.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində aliment alınaraq X6 verilməlidir; icraata başlama haqqında 02.11.2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.08.2018-ci il tarixli, 2(011)-6652/2018 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. qəbzlərdən görünür ki, Şəxs X6 29.07.2021-ci il tarixdə 310 manat, 24.08.2021-ci il tarixdə 308 manat, 25.08.2021-ci il tarixdə 1000 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs keçən müddət ərzində ödənişləri etdiyini qeyd etsə də, bu barədə hər hansı sübut təqdim etməmiş, icra işi ilə qeyd olunan hal müəyyən edilməmişdir. Həmçinin, tələbkar borclu tərəfindən hər hansı ödəniş edilmədiyini bildirmişdir. Borclunun aliment borcunun silinməsinə dair məhkəməyə müraciət etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırda borc məbləğinin silinməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından borclunun dəlili əsaslı sayıla bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.08.2018-ci il tarixli, 2(011)-6652/2018 saylı icra sənədlərinin icrasını təmin etməmişdir. Belə ki, 19 iyul 2018-ci il tarixdən 29 iyul 2021-ci il tarixdək borclu tərəfindən aliment ödənişinin edilməməsi, 24 avqust 2021-ci il tarixədək 10762 manat borcun olması müəyyən edilmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Dadaşov X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Dadaşov X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar