Məhkəmə qərarları › İş №3(011)-3146/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3146/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3146/2025 13.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər X10 İdarəsinin Yol- Nəqliyyat Hadisələri inspektoru, polis kapitanı X3, X1 iştirakları ilə, X1 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək şikayətinin təmin olunması, Bakı şəhəri X9 idarəsinin tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində inzibati cərimənin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, 08 aprel 17:25 radələrində Xətai rayonu, Neftçilər prospekti ərazisində “Mercedes” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı nömrə ilə üzü Ağ şəhər istiqamətində hərəkətdə olarkən sağ dönmə işiqları yandıraraq bir zolaqdan digər sağdakı zolağa keçərək öz zolağında hərəkətdə olarkən arxadan gələn “Kia Rio” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək şikayətçinin avtomobilinin arxa hissəsindən vuraraq avtomobilinə ziyan vurdu. Həmin vaxt “Kia Rio” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edən şəxs 102 xidmətinə zəng vuraraq məlumat verdi və şikayətçiyə öz təqsiri olduğunu etiraf etdi. YPXnin əməkdaşı hadisə yerinə gəldi, hadisə yerinə baxış keçirtdi və bildirdi ki, səhəri günü Bakı Şəhər X10 idarəsinə yaxınlaşarsız. Şikayətçi səhəri günü Bakı Şəhər X10 idarəsinə yaxınlaşdı və Anar adlı kapitan rütbəli əməkdaş hadisənin onun araşdırdığını bildirdi və onu da qeyd etdi ki, 500 manat ödəniş etsə onun xeyrinə protokollar yazılacaq. Şikayətçi ona bildirdi ki, qəzaya səbəb olan digər avtomobildir, ara məsafəsi saxlamadan avtomobili idarə edərək onun avtomobilinə toxunub və hətta ona bildirdi ki, qəzaya səbəb olan adam da əməlini etiraf edir. Həmin vaxt həmin şəxs də orada olmuşdur. O da qəzaya səbəbkar olmasını qəbul edirdi və üzr istəyirdi. Anar adlı kapitan rütbəsində olan zabit şikayətçi ona 500 manat rüşvət vermədiyi üçün onu təqsirli hesab edərək barəsində inzibati qərar çıxardı. Şikayətçi təqsirli olmadığı halda ona dəymiş ziyanı sığorta qarşılamır. Şikayətçi hadisənin video görüntüsünə Anar adlı kapitan rütbəsində olan şəxsin xidməti otağında baxmışdır və videodan da görsəndiyi kimi şikayətçi öz zolağına keçəndən sonra digər avtomobil onun avtomobilinin arxa hissəsindən dəyərək qəza törədib. Məhkəmə iclasında izahat verən şikayətçi şikayəti müdafiə edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər X10 İdarəsinin Yol-Nəqliyyat Hadisələri inspektoru, polis kapitanı X6 şikayətin əsassız olduğunu, şikayətçi tərəfindən inzibati xətaya yol verildiyini bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 17:25-də “Mercedes Benz E200 CDİ” minik markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş videogörüntüyə tərəflərin iştirakı ilə baxış keçirilmiş, videoya baxış zamanı müəyyən edilmişdir ki, şikayətçi idarə etdiyi avtomobillə manevr etmə qaydalarını pozaraq digər sürücünün hərəkətinə mane olmuş v bununla da onun hərəkətləri inzibati xəta tərkibini yaratmışdır. Odur ki, barəsində haqlı olaraq qərar qəbul edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar