Məhkəmə qərarları › İş №3(011)-3148/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3148/2023

05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3148/2023 05.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tural Abdullayevin 07 iyul 2023-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 24 radələrində Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şəxs idarə etdiyi “Mercedes Benz B170” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs idarə etdiyi “Cuba” markalı moped ilə toqquşması nəticəsində Zərərçəkmiş şəxs xəsarət almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilib izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 24 radələrində idarə etdiyi “Mercedes B170” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə M.Hadi küçəsində hərəkətini davam etdirib S.Ə.Şirvani küçəsinə daxil olmuşdur. S.Ə.Şirvani küçəsinə daxil olub təkrar sağ tərəfə doğru dönüb Q.Nəbi küçəsinə daxil olmuşdur. Q.Nəbi küçəsi ilə hərəkətini davam etdirib gedirdi. Q.Nəbi küçəsində hərəkətini davam etdirib sol tərəfə dönmək üçün sola dönmə işıq cihazını yandırıb sol tərəfə doğru dönmüşdür. Bu zaman arxa tərəfində hərəkətdə olan moped idarə etdiyi avtomobilin arxa sol işıq cihazından və arxa sol qanadcığından vurmuşdur. O, dərhal avtomobilini tormozlayıb saxlamışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hadisədən sonra zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək iş üzrə cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 03 iyul 2023-cü il tarixli 745 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sağ baldır nahiyəsinin hematoması müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tural Abdullayevin xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində, Şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və barəsində cərimə cəzasının tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа” xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 4.5-ci bəndinə əsasən İXM-nin 327.8-ci mаddəsinin sаnksiyаsında “iki” sözü “üç” sözü ilə əvəz edilmiş və həmin maddənin sanksiyasına “idarə etmək hüququ” sözlərindən sonra “аltı аydаn” sözləri əlavə edilmişdir; (17 iyul 2023-cü il tarixdə qüvvəyə minmişdir) Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini (İXM 32.1.7), zərərçəkmiş şəxslə barışmasını (İXM 32.2), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs hazırki inzibati xətanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsindən əvvəl törətdiyindən, həmin vaxt qüvvədə olan norma şəxsin vəziyyətini yaxşılaşdırdığından, xx.xx.2023-cü il tarixədək qüvvədə olan İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar