Məhkəmə qərarları › İş №3(011)-3149/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3149/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3149/2024 29.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1971-ci ildə Laçın rayonu, Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu, Çıraqlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Elnur Dəmirov tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 29 iyul 2024-cü il tarixli protokola əsasən inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən heç bir inzibati xəta törədilmədiyini bildirərək, izahatında qeyd etmişdir ki, 25 iyul 2024-cü il tarixdə avtomobili idarə edərkən saat 11-12 radələrində yol polisi onu saxlamış və dönmə işığından istifadə etmədiyini bildirmişdir. O da cavabında həmin vaxt dönmə işığından istifadə etdiyini və dönəndən sonra işığın sönmüş olduğunu bildirmişdir. Bundan sonra həmin əməkdaş ona sürücü kəmərindən istifadə etmədiyinə görə saxladığını bildirmiş, lakin kəməri taxdığı müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuşdur ki, onun sürücülük vəsiqəsinin müddəti artıq 15 gündür ki, bitmişdir. Polis ona avtomobilin cərimə meydançasına yerləşdirilməli olduğunu bildirmiş, Şəxs isə həmin vaxt avtomobildə arvadı olduğu üçün oğlunu çağırdığını, avtomobili gəlib oğlunun idarə edəcəyini bildirmiş və avtomobilin cərimə meydançasına yerləşdirilməməsini, qanuna uyğun olaraq cərimə olunmasını xahiş etmişdir. Həmin əməkdaş etiraz edərək, avtomobilin cərimə meydançasına yerləşdirilməsinin zəruri olduğunu bildirmiş, Şəxs ondan hansı qanunda bunun göstərildiyini soruşmuş, əməkdaş hansısa kitabda göstərildiyini, lakin xatırlamadığını qeyd etmişdir. Həmin söhbət onun tərəfindən əməkdaş məlumatlandırılmaqla videoçəkilişlə qeydə alınmışdır. Daha sonra həmin əməkdaş yol patrul xidmətinin iki əməkdaşını çağırmış, həmin əməkdaşlar da gələndə onu saxlayan əməkdaşa sürücünün haqlı olduğunu və avtomobilin cərimə meydançasına yerləşdirilməsinin zəruri olmadığını bildirmiş, cərimənin yazılmasını tövsiyə etmişdirlər. Buna görə 180 manat cərimə olunmuşdur. Əməkdaşın hərəkətlərinə əsəbiləşdiyinə görə ertəsi gün Şəxs qeydə aldığı videonu “Tik-tok” sosial şəbəkəsində öz səhifəsində paylaşmışdır. Həmin videoda heç bir hörmətsiz, təhqiramiz, nalayiq ifadə istifadə edilməmişdir. O, həmin videoda yalnız “qardaş, mənə göstər hansı qanuna görə avtomobili cərimə meydançasına yerləşdirməlisiz?” deyə sual verir. Eyni gün ona polisdən zəng gəlmiş, paylaşdığı videoya görə polis bölməsinə yaxınlaşmasını bildirmişlər. Şəxs bölməyə yaxınlaşdıqda, ondan həmin videonu silməsi tələb edilmiş, o da həmin videonu silmişdir. Sonra onun gecə bölmədə ifadəsi alınmış, tutulmuş və barəsində protokol tərtib edilmişdir. Öncəki gün bu inzibati xəta ilə bağlı Bakı şəhəri Xətai rayon Məhkəməsinə gətirilmiş, baş verənləri olduğu kimi məhkəmə iclas zalında danışmışdır. Əməlində inzibati xəta olmaması, həmçinin İ Qarabağ Müharibəsi veteranı olması, himayəsində 3 uşağı olması, uşaqlarından birinin hazırda hərbi xidmətdə olması, digərinin əlil olması, hazırda ailəsi ilə Laçın rayonuna köçməyə hazırlaşması nəzərə alınaraq Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi İlahə Abbasova tərəfindən 3(011)-3130/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul olunmuş və onun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Ancaq rəisin göstərişi ilə guya inzibati xətanın törədilməsi iddia edildiyi vaxtda səs-küy yaratdığı əsas gətirilərək yenidən Polis Bölməsinə dəvət olunmuş və barəsində təkrarən qərəzli olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta törətmədiyini, açıq- aşkar qərəzli olaraq yenidən eyni maddələrlə barəsində protokol tərtib edildiyini, barəsində artıq işə baxıldığını və qərar qəbul edildiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 27 iyul 2024-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Eyni iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3130/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törədildikdə yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadıqda yaranır. İnzibati xəta haqqında protokolda ucadan səs-küy yaratması qeyd olunmuş, lakin bu faktı təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Həmçinin inzibati xəta haqqında protokolda polisin qanuni tələbinin nədən ibarət olması göstərilməmiş, şəxsin hansı tələbə riayət etməməsi göstərilməmişdir. Buna görə də onun əməli polisin qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə bu xüsasatları təsdiq edən heç bir sübuta istinad edilməmiş, əməldə inzibati xəta tərkibi olması sübuta yetirilməmişdir. İnzibati xəta haqqında protokolda inzibati xətanın nə vaxt törədilməsi belə əks olunmamışdır. Bununla yanaşı sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyi müəyyən edilmiş, sürücüyə avtomobilin cərimə meydançasına aparılması bildirdikdə, sürücü avtomobildə arvadı olduğu üçün oğlunun yolda olduğu avtomobili gəlib oğlunun idarə edəcəyini bildirmiş və avtomobilin cərimə meydançasına yerləşdirilməməsini, qanuna uyğun olaraq cərimə olunmasını xahiş etmişdir. Həmin əməkdaş etiraz edərək, avtomobilin cərimə meydançasına yerləşdirilməsinin zəruri olduğunu bildirmiş, Şəxs ondan hansı qanunda bunun göstərildiyini soruşmuş, əməkdaş hansısa kitabda göstərildiyini, lakin xatırlamadığını qeyd etmişdir. Həmin söhbət sürücü tərəfindən əməkdaş məlumatlandırılmaqla videoçəkilişlə qeydə almış, sürücü cərimə edilmiş, növbəti günü Şəxs həmin video görüntünü “Tik-tok” sosial şəbəkəsində öz hesabında paylaşmışdır. Həmin videogörüntü polis əməkdaşlarının təkidi ilə Şəxs tərəfindən silindiyinə görə məhkəməyə həmin videogörüntü təqdim edilməmişdir. Məhkəmə iclası zamanı Şəxs xırda xuliqanlıq etməsi və polisin qanuni tələblərinə tabe olmaması faktı öz təsdiqini tapmamışdır. Həmin xüsusatları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmiş, həmçinin protokolda faktın nə ilə təsdiq edilməsinə istinad edilməmişdir. Göründüyü kimi Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrinin əlamətləri yoxdur. İş materiallarından göründüyü kimi iki gün əvvəl yəni xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata baxılmış və onun əməlində inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Şəxs barəsində yenidən eyni maddələrlə protokol tərtib edilməsi ona qarşı olan qərəzi təsdiqləyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsini, iş materiallarını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, onun əməlində inzibati xəta tərkibi olmadığı, eyni iş üzrə məhkəmə qərarı ilə əməldə inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən iş üzrə icraata xitam verildiyi nəzərə alınaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.2.1 , 53, 105-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar