Məhkəmə qərarları › İş №3(011)-315/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-315/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-315/2024 26.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndələri X8 və X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə 26 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, Bakı səhəri, Xətai rayonu, Sarayevo 8C ünvanında fəaliyyət göstərən «Bizim Market» supermarketin havalandırma qurğularından ətraf mühitə yayılan səs küy səviyyəsinin yolverilən normadan artıq olması faktı aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən barələrində əsassız olaraq 26 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, səlahiyyətli orqan tərəfindən ətrafa yayılan səs-küy səviyyəsinin ölçülməsi üçün supermarketdə aparılan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla keçirilmiş və həmin yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Odur ki, göstərilənlərə əsasən o, barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İdarəsinin etibarnamə üzrə nümayəndələri X11 və X12 hər biri ayrı-ayrılıqda Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişlər ki, vətəndaş X4 şikayəti əsasında tərəflərindən Bakı səhəri, Xətai rayonu, Sarayevo 8C ünvanında fəaliyyət göstərən «Bizim Market» supermarketdə plandankənar yoxlama aparılmış, nəticədə həmin marketin soyuducu və kondisionerlərindən ətraf mühitə yayılan səs küy səviyyəsinin yolverilən normadan artıq olması faktı aşkar edilmiş, lakin plandankənar yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. X1 şəxs olmasını təsdiq edən sənədi təqdim edə bilmirlər, lakin həmin şəxs Şəxs MMC adından izahat verərək təqsirlərini etiraf etmişdir. Beləliklə onlar, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini bildirərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi müfəttiş X12 tərəfindən tərtib olunmuş 26 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı səhəri, Xətai rayonu, Sarayevo 8C ünvanında fəaliyyət göstərən «Bizim Market» supermarketin havalandırma qurğularından ətraf mühitə yayılan səs küy səviyyəsinin yolverilən normadan artıq olması faktı aşkar edilmiş, nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 001263 nömrəli aktda qeyd edilmişdir ki, XKEMİ-nə ünvan 2 ünvan sakini X7 tərəfindən Xətai rayonu, Sarayevo küçəsində yerləşən binanın sakinlərinin yaxınlığında yerləşən “Bizim Market”in soyuducu və kondisioner sistemindən gələn səs-küydən narahat olmaları barədə ünvanlanmış müraciəti ilə bağlı sözügedən ünvanda tərəflərindən monitorinq keçirilmişdir. Monitorinq XKEMİ-nin mühəndisləri Telman İsmayılov, Nurlan Hacıyev, 11 saylı RETSİ-nin aparıcı məsləhətçisi müfəttiş Emin Hüseynli, şikayətçi Reyhan Abuzərova, Əlibala Süleymanov və “Bizim market”in nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Monitorinq zamanı şikayətçinin evinin ətraf ərazilərində səs-küy çirklənməsini ölçən səyyar cihaz PCE-322A vasitəsi ilə ölçmə analiz işləri aparılmışdır. Nəticədə 68-70.2 dBA (norma 60 dBA) və bu nəticə ətraf mühit üçün yol verilən hədd daxilindən artıqdır. Həmçinin aktın qeyd hissəsində “Bizim market”in nümayəndəsinin araşdırmada iştirak etsə də akta imza etməməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 83307 nömrəli aktda qeyd edilmişdir ki, ünvan 4 ünvanda yaşayan X7 tərəfindən yaşadığı evin qarşısında olan supermarketin fəaliyyəti zamanı havalandırma qurğusunun yaratdığı səs-küy barədə Nazirliyə daxil olan xx.xx.2023-cü il tarixli, 140 nömrəli məktubda göstərilənlər XKEMİ nümayəndələri və “Megastore” supermarketin filial müdiri Osman Məmmədovun iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı XKEMİ mütəxəssisləri tərəfindən aparılan araşdırma nəticəsində şikayətçinin evinin ətraf ərazilərində ölçmə işləri nəticəsində səs-küy səviyyəsinin 68-70.2 dBA (norma 60.0 dBA) təşkil edərək ətraf mühit üçün yolverilən həddin normasından artıq olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı “Megastore” supermarketin rəhbərliyi barələrində aparılan araşdırmaya dəvət olunmuş, araşdırmaya gələn keyfiyyətə nəzarət üzrə mütəxəssis X13 yazılı izahat verərək havalandırma qurğusunda baş verən nöqsanlar barədə xəbərdar olduqlarını, həmin nöqsanların aradan qaldırılması istiqamətində işlər görüldüyünü bildirmiş, lakin buna aid hər hansı foto, videomaterial və ya hər hansı rəsmi müraciət idarəyə təqdim olunmamışdır. Bundan əlavə nümayəndə tərəfindən araşdırmada iştirak etmək və səlahiyyətini təsdiq edən hər hansı etibarnamə və ya sənəd təqdim edilməmişdir. Araşdırma nəticəsində supermarketin fəaliyyəti zamanı ətraf mühitin mühafizəsi haqqında qanunun 30, 31, 32-ci maddələrinin ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının təsdiq edilməsi tələblərə riayət olunmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı R.Abbasovun yazılı izahatı və fotoşəkillər əlavə olunmuşdur. Həmçinin aktın qeyd hissəsində Şəxs MMC-nin nümayəndəsinin araşdırmada iştirak etsə də akta imza etməməsi qeyd edilmişdir. ünvan 2 ünvanı yaxınlığında fəaliyyət göstərən “Bizim market”in soyuducu və kondisionerlərinin səs-küyünün bina sakinlərinə yaratdığı narahatlığın aradan qaldırılması üçün tədbir görülməsi barədə” keçirilmiş monitorinqin nəticəsindən və fotoşəkillərdən görünür ki, monitorinq zamanı şikayətçinin evinin ətraf ərazilərində PCE-322A səyyar cihazı vasitəsilə səs-küy çirklənməsi ölçülmüşdür. Ölçmənin nəticəsinin 68-70.2 dBA (norma: 60 dBa) təşkil edərək, ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 275.2-ci maddəsinə əsasən, traf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri” Normalarının 1.1-ci bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. Həmin Normaların 1.3-cü bəndinə əsasən bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. Həmin Qanunun 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı səhəri, Xətai rayonu, Sarayevo 8C ünvanında fəaliyyət göstərən «Bizim Market» supermarketin havalandırma qurğularından ətraf mühitə yayılan səs küy səviyyəsinin yolverilən normadan artıq olması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçi X2 və Təbii Sərvətlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət edərək “Bizim market”in soyuducu və kondisionerlərinin səs-küyünün bina sakinlərinə yaratdığı narahatlığın aradan qaldırılması üçün tədbir görülməsini xahiş etmiş, daha sonra həmin müraciət əsasında evin ətraf ərazilərində səs-küy çirklənməsini ölçən səyyar cihaz PCE-322A vasitəsi ilə ölçmə analiz işləri aparılmış və nəticədə səs-küy səviyyəsinin 68-70.2 dBA (norma 60 dBA), yəni ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olması əsas gətirərək hüquqi şəxsin barəsində qanunun tələblərinə riayət olunmadan əsassız olaraq 26 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri Kalibrləmə Sertifikatı təqdim edərək, həmin yoxlamanın bu sertifikatda qeyd edilmiş cihazla yerinə yetirildiyini bildirsələr də, bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, habelə həmin xüsusi texniki vasitənin yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar da məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Müvafiq Qanunun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 2.2-ci maddəsinə görə bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. İş materiallarından və səlahiyyətli orqanın nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlarından göründüyü kimi Bakı səhəri, Xətai rayonu, Sarayevo 8C ünvanında fəaliyyət göstərən «Bizim Market» supermarketin havalandırma qurğularından ətraf mühitə yayılan səs küy səviyyəsinin ölçülməsi ilə əlaqədar yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Məhkəmə yuxarıda qeyd olunan faktları müqayisəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, Grand-Mart” MMC-nin barəsində keçirilmiş plandankənar yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından, bu yoxlamalar əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 001263 nömrəli və xx.xx.2023-cü il tarixli, 83307 nömrəli aktlar inzibati xəta törədən şəxsin təqsirini təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz. Bundan əlavə iş materiallarına sübut növü kimi Şəxs MMC-nin keyfiyyətə nəzarət üzrə mütəxəssisi X10 izahatı əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, həmin şəxsin Şəxs MMC adından hər hansı bir izahat vermək və ya təqsirlərinin olmasını etiraf etmək kimi hüququnu təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Səlahiyyətli orqanın nümayəndələri də, izahatlarında X1 şəxs olmasını təsdiq edən sənədin iş materiallarında olmadığını qeyd etmişlər. Həmçinin Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 da izahatında həmin şəxsin Şəxs MMC adından hər hansı bir ifadə vermək hüququnun olmadığını bildirmiş, ona belə bir səlahiyyət verilmədiyini qeyd etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən səs-küyün ölçülməsi, vibrasiyanın ölçülməməsi işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin dispozisiyasında iki hal, yəni həm vibrasiyanın, həm də səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalardan artıq olduqda inzibati məsuliyyət nəzərdə tutulduğundan, hazırkı halda isə vibrasiya ilə bağlı normaların pozulmasına dair sübutlar olmadığından vəzifəli şəxsin əməlində (hərəkət və ya hərəkətsizlik) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin tərkibinin olması sübuta yetirilmir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, inzibati xəta haqqında protokoldan göstərilən halların hüquqi şəxs tərəfindən törədilməsini təsdiqləyən kifayət qədər sübut səlahiyyətli orqan tərəfindən toplanılmadığından, hüquqi şəxsin öz təqsirsizliyini sübuta etmək məcburiyyəti olmadığından, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar