Məhkəmə qərarları › İş №3(011)-3150/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3150/2021

24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3150/2021 24.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Ağdam rayonu Göytəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Ağdam rayonu Göytəpə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 24.08.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Ağdam Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 2(13)-687/2015 saylı icra sənədi ilə üzərinə düşən 16700 manat borcu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmiş, icra məmurunun qanuni tələbini icra etməməklə 10000 manat borcu qalmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu şəxs Şəxs 16700 manat borc məbləğindən yalnız hissə-hissə olmaqla 6700 manatını ödəmiş, 10000 manat borcu qalmışdır. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, Ağdam Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 2(13)-687/2015 saylı icra vərəqəsi ilə ondan 16700 manat məbləğində pul alınaraq X1 verilməlidir. O, borcu ödəməkdən yayınmamış, xəstəliyi, işləməməsi və maddi imkansızlığı səbəbindən ilk vaxtlar borcunu ödəyə bilməmişdir. Daha sonra 2019-cu ilin yanvar ayından başlayaraq tələbkara borcunu hissə-hissə ödəməyə başlamış, 3000 (üç min) manat, 1700 (bir min yeddi yüz) manat, 40 (qırx) manat, 1000 (bir min) manat, 200 (iki yüz) manat, 200 (iki yüz) manat, 200 (iki yüz) manat, 200 (iki yüz) manat, 200 (iki yüz) manat ödəniş etmiş, indiyədək borcunu ödəməyə davam edir, tələbkara sonuncu dəfə 30.07.2021-ci il tarixdə də ödəniş etmişdir. O, hazırda işləmir, şəkərli diabed xəstəliyindən əziyyət çəkir, məcburi köçkün olduğuna görə müavinət alır, lakin müalicə olunmaq üçün dərmanlarını almadan hər ay həmin müavinətdən tələbkara 200 manat məbləğində pul ödəməyə davam edir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Ağdam Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 2(13)-687/2015 saylı icra sənədindən görünür ki, Şəxs 16700 (on altı min yeddi yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu alınaraq X1 verilməlidir; icraata başlama haqqında qərarın surətindən görünür ki, 18.03.2016-cı il tarixdən Ağdam Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 2(13)-687/2015 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayonu Məhkəməsinin 3(011)-778/2016 saylı, 13 dekabr 2016-cı il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati tənbeh – həbs tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 24.08.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs Bakı şəhər Ağdam Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 2(13)-687/2015 saylı icra sənədi ilə üzərinə düşən 16700 manat borcu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmiş, icra məmurunun qanuni tələbini icra etməməklə 10000 manat borcu qalmışdır; 31.01.2019-cu il tarixli, 30.12.2019-cu il tarixli, 22.02.2021-ci il tarixli, 23.02.2021-ci il tarixli, 29.03.2021-ci il tarixli, 30.04.2021-ci il tarixli, 31.05.2021-ci il tarixli, 29.06.2021-ci il tarixli, 30.07.2021-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, müvafiq olaraq 3000 (üç min) manat, 1700 (bir min yeddi yüz) manat, 40 (qırx) manat, 1000 (bir min) manat, 200 (iki yüz) manat, 200 (iki yüz) manat, 200 (iki yüz) manat, 200 (iki yüz) manat, 200 (iki yüz) manat olmaqla Şəxs tərəfindən X1 ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, borclu Şəxs Ağdam Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 2(13)-687/2015 saylı icra sənədinə əsasən ödəməli olduğu 16700 manat borcdan heç bir ödəniş etmədiyi üçün o, Bakı şəhəri Xətai Rayonu Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs 2019-cu ilin yanvar ayının 31-dən borcunu ödəməyə başlamış, 31.01.2019-cu il tarixdə 3000 (üç min) manat, 30.12.2019-cu il tarixdə 1700 (bir min yeddi yüz) manat, 22.02.2021-ci il tarixdə 1000 (bir min) manat, 23.02.2021-ci il tarixdə, 29.03.2021-ci il tarixdə, 30.04.2021-ci il tarixdə, 31.05.2021-ci il tarixdə, 29.06.2021-ci il tarixdə və 30.07.2021-ci il tarixdə hər ay 200 (iki yüz) manat olmaqla 6700 manat məbləğində pul ödəmişdir. İcra müddətində borclu icra məmurunun qanuni tələblərinə tabe olaraq vaxtlıvaxtında çağırışlara gəlmiş və borcun hissə-hissə ödənilməsi səbəbi olaraq maddi imkanının olmamasını, işsiz olmasını, borcunu hər ay 200 manat məbləğində ödəyə bildiyini göstərmişdir. İşin faktiki hallarından da görünür ki, borclu işləmir, borclunun mülkiyyətində tələbin məcburi qaydada yönəldilə biləcəyi hər hansı bir əmlakı və ya qazancı yoxdur, məcburi köçkündür, şəkərli diabed xəstəliyindən əziyyət çəkir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi nəzərə alınmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar